Prezident Bakı-Quba-Rusiya dövlət sərhədi yolunun yenidən qurulmuş hissəsində görülən işlərlə tanış olub

2020-12-28 Baxış: 490
img

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 7,5 kilometrliyindən Masazır dairəsinədək olan hissəsinin yenidən qurulması çərçivəsində görülən işlərlə tanış olub.

MAYAKİNFO xəbər verir ki, dövlətimizin başçısı “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun 30 kilometrlik birinci hissəsinin açılışında da iştirak edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda son illərdə mühüm sosial və iqtisadi əhəmiyyəti ilə seçilən infrastruktur layihələri həyata keçirilir. Bunlar ümumilikdə ölkəmizin iqtisadi potensialını möhkəmləndirir, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində aparılan işlərə böyük töhfə verir. Dövlətimizin başçısının sərəncam və tapşırıqlarına uyğun inşa olunan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil magistralı yol infrastrukturu layihələrinin genişlənməsi, onların daha da müasirləşdirilməsi istiqamətində atılan növbəti mühüm addımdır. Bu layihə çərçivəsində yolun 7,5 kilometrliyindən Masazır dairəsinədək olan hissəsinin yenidən qurulması başa çatıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov işlərin icrası ilə bağlı dövlətimizin başçısına məlumat verdi. Layihə çərçivəsində Xırdalan dairəsinin altından keçən avtomobil tuneli genişləndirilib. Hər bir istiqamət üzrə əlavə tunellər inşa edilib. Bundan başqa, yenidənqurma işləri zamanı Xırdalan dairəsinə qalxan və düşən hissələrdə iki hərəkət zolaqlı yol inşa olunub. Görülən işlər bu istiqamətdə yaranan tıxacların qarşısının alınmasında, avtomobillərin hərəkətinin intensivliyinin, sürücülərin və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.

Layihəyə uyğun olaraq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Xırdalan dairəsi yaxınlığında yeni dəmir yolu körpüsü də tikilib.

Qeyd edək ki, bundan əvvəlki körpünün texniki göstəriciləri avtomobillərin normal və təhlükəsiz hərəkətinə mane olurdu. Ona görə də həmin körpünün sökülərək əvəzində yeni, müasir standartlara cavab verən körpünün inşası ilə bağlı qərar qəbul edilmişdi. Layihənin icrası şəhərin bu hissəsində tıxacların qarşısının alınmasında, qatarların hərəkətinin təhlükəsizliyində böyük rol oynayacaq.