1995-ci ilin martı...
Azərbaycan Respublikasının tarixinin bir hissəsi olan 1995-ci ilin mart hadisələrindən 26 il ötür. Bildiyimiz kimi tarixi unutmaq olmaz, çünki tarix unudularsa bunun çox ciddi fəsadları ola bilər. 1995-ci il mart ayında bizim müstəqilliyimizi əlimizdən almaq istəyənlərin cəhdləri bir çox səbəblərdən Azərbaycan xalqının yaddaşından silinməyib. Həmin dövrdə bir sıra quldurlar ətraflarına topladıqları qeyri-qanuni silahlı birləşmələrin köməyi ilə xalqımızın qəhraman oğullarının qanı və canı bahasına ərsəyə gəlmiş müstəqilliyimizi əlimizdən almağa cəhd göstərmişdi. O vaxt Ulu Öndər Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti nəticəsində bu qiyamın qarşısı alınmış, Ölkədə sabitlik yaradılmış, qanunçuluq bərqərar edilmişdir. Dövlət çevrilişinə cəhd kimi tarixə düşən, müstəqil Azərbaycanın tarixinə utancverici hadisə kimi daxil olan mart hadisələri 1995-ci ilin mart ayının 12-dən 13-nə keçən gecə Qazaxda və Ağstafada başlamışdı. Həmin gün "OMON"-un (xüsusi təyinatlı milis dəstəsi) bölmələri tərəfindən dövlət idarələrinə silahlı hücum təşkil edildi. Dövlət əleyhinə faktiki qiyam baş verdi. Məlum olduğu kimi, qanlı döyüşlərdən sonra "OMON"-çular qalib gəldi. Lakin mart ayının 15-də Azərbaycan Ordusu bu qiyamı yatıra bildi. 16-17 mart tarixində isə "OMON"un komandiri polkovnik Rövşən Cavadovun rəhbərliyi ilə Bakıda çevrilişə cəhd göstərildi, baxmayaraq ki, martın 14-də Daxili İşlər Naziri "OMON"-un buraxılması və 3 gün ərzində əməkdaşların silahı təhvil verməsi barədə əmr vermişdi. Əmrə əsasən, silahı könüllü yerə qoyanlar cəzalandırılmayacaq və DİN-də müvafiq işlə təmin ediləcəkdilər. Bundan əlavə Ulu Öndər Heydər Əliyev "OMON"-çuları bağışlanmaq üçün xüsusi Fərman imzalayır. Lakin Rövşən Cavadov qeyri-qanuni silahlı dəstələri ilə dövlət başçısı qarşısında müəyyən şərtlər qoydular. Azərbaycan Prezidenti Heydər Əliyev 1995-ci il martın 15-də kütləvi informasiya vasitəsi ilə xalqa müraciət edərkən Surət Hüseynovun və Rövşən Cavadovun dövlət çevrilişi cəhdini pisləyərək, qanunsuz əməllərindən əl çəkmələri barədə xəbərdarlıq etmişdi. Amma Rövşən Cavadov və onun ətrafı hakimiyyəti silah gücünə ələ keçirmək istəyirdilər. Cavadovun böyük iddiası var idı: o Prezident olmaq istəyirdi və bu niyyəti uğrunda hər şeyi, hətta insan həyatını belə qurban verirdi. Xalq isə bu xəyanətkarların və cinayətkarların əməllərinə son qoyulmasını tələb edirdi. 1995-ci il martın 16-dan 17-nə keçən gecə isə başlanan atışmada bir müddət əvvəl cəbhə bölgəsində, ermənilərlə savaşda yoldaş olmuş insanlar üz-üzə dayandılar. Ermənilərin torpaqlarımızı işğal etdiyi bir vaxtda, Azərbaycanın paytaxtında bir qrup insanlar hakimiyyəti ələ keçirmək üçün dövlətlimizə qəsd etdi. Məhz onların sayəsində Azərbaycanda qardaş qanı töküldü. Rövşən Cavadovun hakimiyyəti qeyri – qanuni yolla ələ keçirmək cəhdi nəticəsində 22 hərbçi, 7 mülki şəxs, 1 polis və 8 o vaxtki XTMD əməkdaşı həyatını itirdi. Hadisə nəticəsində, 105 nəfər yaralandı. Qiyama rəhbərlik edən Rövşən Cavadov isə aldığı güllə yarasından vəfat etdi. Ulu Öndər Heydər Əliyevin müdrikliyi, uzaqgörən siyasəti və qətiyyəti müstəqilliyimizə, həmçinin, dövlət çevrilişinə qəsdin qarşısını aldı. Xilaskar Heydər Əliyevin dövlət çevrilişlərinin qarşısını qətiyyətlə alması Azərbaycan xalqının sabaha, gələcəyə ümidini daha da artırdı. Bu hadisələrdən keçən 26 ildə Azərbaycan müstəqil dövlət kimi daha da inkişaf etdi, əlaqələri genişləndi və mövqeləri möhkəmləndi. Ulu Öndər Heydər Əliyevin dövlət idarəçiliyindəki zəngin təcrübəsi, xalqına, Vətəninə, millətinə olan sonsuz məhəbbəti, qətiyyəti və uzaqgörənliyi sayəsində Azərbaycanda ictimai-siyasi sabitlik qorunub-saxlanıldı. Bu gün ölkəmiz Cənubi Qafqaz regionun lider dövlətinə və güc mərkəzinə çevrilib. İndi əminliklə deyirik ki, Milli liderin layiqli davamçısı, Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha böyük uğurlara imza atmaqdadır. Artıq heç bir qüvvə Ölkəmizin daxili işlərinə qarışa bilməz. Çünki, Xalq-İqtidar birliyi Azərbaycanı bundan sonra da ancaq inkişafa aparacaqdır. Azərbaycanın Vətən müharibəsində qazandığı zəfər bunun ən bariz nümunəsidir!
Elşad Möhnətov,
Neftçala rayon sakini, ziyalı.
Digər xəbərlər