Bir Millət İki Dövlət!
Məlumdur ki, Azərbaycanla Türkiyə arasındakı qardaşlığın qədim tarixi vardır. Türkiyə və Azərbaycan tarix boyunca ən çətin dövrlərdə bir-birinə qardaş dəstəyini əsirgəməmişlər. Azərbaycan xalqının Ümummillilideri Heydər Əliyevin dediyi kimi: “Türk ordusunu nAzərbaycana, Bakıya gəlməsi, Azərbaycanı daşnakların təcavüzündən xilas etməsi hər bir azərbaycanlının qəlbində yaşayır. Azərbaycan xalqı həmin ağır dövrdə türk xalqının ona göstərdiyi köməyi heç vaxt unutmayacaqdır”. Təsadüfi deyildir ki, vaxtıilə Türkiyə dövlətinin tarixi şəxsiyyəti Mustafa Kamal Atatürk Azərbaycanın kədərini özlərinin kədəri, sevincini isə öz sevincləri olduğunu bəyan etmişdir. Unutmayaq ki, Türkiyə bu gün dünya miqyasında güc mərkəzi kimi, bütün bölgələrdə, o cümlədən bölgəmizdə çox mühüm rol oynayır və bu, bölgənin sabitliyi üçün çox vacib məsələdir. Türkiyə hər zaman olduğu kimi Azərbaycanın haqlı davasında da bizi meydanda tək buraxmadı. Bütün dünyaya Qarabağın Azərbaycanın əzəli torpaqları olduğunu açıq şəkildə söylədi, həmçinin heç bir ölkənin Azərbaycana mane ola bilməyəcəyini bəyan etdi. Vaxtı ilə Türkiyənin Ermənistan ilə sərhədlərini bağlanması qardaş Azərbaycana verilən dəyərin bariz nümünəsi idi. Bu, bütün dünyaya bir mesaj idi ki, kənarda durun, müdaxilə etməyin, Azərbaycana mane olmayın. 44 günlük Vətən Müharibəsi dövründə mənəvi dəstək olmaq üçün Türkiyənin Müdafiə naziri, Xarici işlər naziri və digər yüksək vəzifəli rəsmiləri dəfələrlə ölkəmizə səfər edərək, yanımızda olduqlarını nümayiş etdirdilər. Bu, Azərbaycana çox böyük siyasi və mənəvi dəstək oldu. Bu dəstək şanlı qələbəmizdən sonra da davam etməkdədir. 10 noyabr 2020-ci il tarixdə imzalanmış Bəyanata əsasən Rusiya-Türkiyə Monitorinq Mərkəzi artıq fəaliyyət göstərir və bunun əsas məqsədi post müharibə dövründə nəzarəti həyata keçirmək, münaqişə zonasında hər hansı qarşıdurma olmaması üçün pilotsuz uçuş aparatları vasitəsi ilə monitorinq aparmaqdır. Onu da deyək ki, “Bir millət, iki dövlət” prinsipinə əsaslanan Azərbaycan-Türkiyə münasibətləri hazırda özünün ən yüksək səviyyəsindədir. Müasir dövrün tələbləri elm, təhsil sahəsində inteqrasiyanın dərinləşdirilməsinin, bu sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini göstərir. Bu baxımdan yüksək ixtisaslı kadr hazırlığı məqsədilə xarici, xüsusilə Türkiyənin qabaqcıl ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin davamlı inkişaf etdirilməsi universitetlərin fəaliyyətinin prioritet istiqamələri kimi müəyyənləşdirilmişdir. Son illər ərzində Azərbaycan və Türkiyə ali təhsil müəssisələri “Mevlana” mübadilə proqramı, “Erasmus mobillik” proqramı və digər təhsil proqramları çərçivələrində uğurla əməkdaşlıq edir. Azərbaycanda təhsilalan 90 ölkənin əcnəbi tələbələri arasında Türkiyə Respublikasının vətəndaşlarının sayı 40%-dən çoxdur. Həmçinin Türkiyə ali təhsil müəssisələrində təhsil alan Azərbaycan Respublikası vətəndaşlarının sayı 23 min təşkil edir. Təbi iki, bu kimi faktlar Azərbaycan və Türkiyə xalqlarının maraqlarına xidmət edir. Belə ki, tarix – tarixçilər tərəfindən öyrənilməli və şərh edilməlidir. Təəssüf ki, müasir dünyada siyasətçilər tarixşünasları meydandan uzaqlaşdıraraq tarixi saxtalaşdırır və öz şəxsi maraqları istiqamətinə yönəldirlər. Bu isə yolverilməzdir. Məhz bu səbəbdən Türkiyyə qondarma erməni soyqırımında əsassız ittiham olunur və bu azmış kimi bəzi ölkələr bunu soyqırım kimi də tanıyırlar. Bizim Türkiyə ilə elm sahəsində əməkdaşlığımız məhz belə səhvləri aradan qaldırmalıdır. Unutmayaq ki, biz birlikdə güclüyük!
Elşad Möhnətov
Neftçala rayon sakini, ziyalı
Digər xəbərlər