Coğrafiya İnstitutu “CRIPTIC” layihəsi çərçivəsində Neftçalada keçirilən çöl tədqiqatlarında iştirak edib

2021-08-14 Baxış: 692
img

BP şirkətinin baş sponsorluğu ilə AMEA Coğrafiya İnstitutunun tərəfdaşı olduğu “CRIPTIC” layihəsi çərçivəsində Neftçala rayonunun Xəzər dənizi sahilindəki pilot ərazidə ilk çöl tədqiqatına start verilib.

İnstitutdan MAYAKİNFO-ya bildirilib ki, “CRIPTIC” - Xəzər dənizinə axan transsərhəd çayların plastik tullantılardan təmizlənməsi (Cleaning Riverine Plastic from a Transboundary Inflow to the Caspian) “Handelens Miljofund” ekoloji fondu tərəfindən maliyyələşdirilən Norveç-Azərbaycan birgə elmi-tədqiqat layihəsidir. Layihənin reallaşması, həmçinin “ESRI”, “At-Geotech”, “Azərkosmos”, “MONT Qrup”, “SPECTRA”, “Az-Green”, “Caspian Geomatics”, “Quintessence C&S” şirkətləri tərəfindən dəstəklənir.

Layihənin Norveç tərəfindən əsas tərəfdaşları “Akvaplan-Niva”, Norveç Su Tədqiqatları İnstitutu, “SALT, Terra Nor”, Azərbaycan tərəfindən isə Azərbaycan Coğrafiya Cəmiyyəti, AMEA Coğrafiya İnstitutu, Xəzər İnteqrasiyalı Elmi-Tədqiqat Şəbəkəsi (CASPISNET), Su Mütəxəssisləri Birliyi, “Azərsu” ASC-nin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutu tərəfindən təmsil olunur.

Xəzər İnteqrasiyalı Elmi-Tədqiqat Şəbəkəsinin təşkilati dəstəyi ilə baş tutan çöl tədqiqatında müxtəlif universitetlər (UFAZ, Bakı Mühəndislik Universiteti, Bakı Dövlət Universiteti), dövlət və özəl sektor olmaqla, on beşdən artıq təşkilatdan ekologiya, hidrologiya, okeanoqrafiya, iqlimşünaslıq, geofizika, coğrafiya, coğrafi informasiya sistemləri (CİS), məsafədən zondlama sahəsində təhsil alan və çalışan tələbə və mühəndislər iştirak edib.

“CRIPTIC” komandası pilot zonada uzunluğu 1200 kilometr, eni 140 metr olan zolaqda dron çəkilişlərini yerinə yetirdikdən sonra xüsusi proqram təminatı vasitəsilə yığılan hər bir plastik tullantının onlayn qeydiyyatına və ərazinin təmizlənməsinə başlayıb.

Azərbaycanda ilk dəfə tətbiq olunan bu metod bir çox mütəxəssis və aidiyyəti təşkilatlara müasir dünya təcrübəsindən yararlanaraq plastik tullantılara qarşı mübarizəni ən effektiv şəkildə yerinə yetirməyə kömək edəcək. Toplanmış plastik tullantılar AZGREEN şirkətinin dəstəyilə Bakıda yerləşən plastik tullantıların təkrar emalı ilə məşğul olan zavoda təhvil verilib.

“CRIPTIC” layihəsinin Azərbaycan üzrə rəhbəri, AMEA Coğrafiya İnstitutunun Xəzər Dənizinin Səviyyə problemi şöbəsinin böyük elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Elnur Səfərov bildirib ki, layihənin əsas məqsədi yaxın ilyarım ərzində peyk, dron müşahidələrinin, proqramlaşdırma dillərinin, maşın dilinin, süni intellektin coğrafi informasiya texnologiyaları platformasında kompleks tətbiqi ilə modelləşdirlilməsi və toplanan bu təcrübənin azərbaycanlı mütəxəssislərə öyrədilməsidir.

Təşkilatçı layihənin üç iş paketindən, o cümlədən çay sahillərinin təmizlənməsi və Kür çayının plastik çirkləndiricilərinin klassifikasiyası, təmizləmə əməliyyatları üçün kartoqrafiya işlərinin yerinə yetirilməsi və ictimaiyyətin cəlb olunmasından ibarət olduğunu diqqətə çatdırıb. O, həmçinin tədbirin uğurla keçirilməsində göstərdiyi dəstəyə görə Neftçala Rayon İcra Hakimiyyətinə təşəkkürünü bildirib.

E.Səfərovun sözlərinə görə, CİS sahəsində dünya nəhəngi olan ABŞ-ın “ESRI” şirkəti ilə “CRIPTIC” çərçivəsində əməkdaşlıq haqqında ilkin razılaşma əldə olunub. “ESRI” şirkəti tezliklə layihənin maksimum effektiv şəkildə yerinə yetirilməsi istiqamətində fəaliyyətə başlayacaq.

Bundan əlavə, pilot zonada nisbətən iri plastik tullantıların daha böyük ərazilərdə yerləşməsini müəyyən edən yüksək ayırdetmə qabiliyyətli peyk təsvirlərinin əməkdaşlıq əsasında “Azərkosmos”un operatoru olduğu və Yer səthinin məsafədən müşahidəsi peyki “Azersky” tərəfindən təmin olunması da nəzərdə tutulub.

Daha kiçik tullantıların müəyyən olunması isə əməkdaşlıq çərçivəsində “AT-Geotech” şirkətinin dron çəkilişlərinə isə avqustun 8-dən başlanılıb.

E.Səfərov, həmçinin qeyd edib ki, “CRIPTIC” layihəsini müvəffəqiyyətlə başa vurmaq üçün 200-dək tədqiqatçının layihənin gedişatına uyğun olaraq mərhələli şəkildə CİS, məsafədən zondlama, kartoqrafiya və bununla bağlı müxtəlif mühəndis modelləşmə təlimləri təşkil olunacaq. Dərslər “Caspian Geomatics” və “Quintessence C&S” tərəfindən planlaşdırılır.