Ermənistan indi regional sülhə və sabitliyə nail olmaq, töfhə vermək haqqında düşünməlidir
Haqqında keçmiş zamanda danışdığımız “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi”nin tənzimlənməsi prosesi 30 il ərzində Ermənistan və onun havadarlarının destruktiv davranışları nəticəsində dalana dirənmişdi. Ermənistan tərəfi nəinki münaqişənin sülh yolu ilə həllində maraqlı idi, bunun əksinə olaraq status-kvonun qorunub saxlanılması və mövcud vəziyyətin sonsuza qədər davam etməsi niyyətində idi. Düşmən dövlət hətta özünü münaqişə tərəflərindən biri hesab etmir, məsuliyyəti qondarma “respublikanın” üzərinə qoymaqla onun hüquqi subyekt kimi qəbul edilməsinə nail olmaq istəyirdi. Lakin, dövlətimizin beynəlxalq hüquqa müvafiq təkidli tələbləri düşmən dövləti danışıqların tərəfinə çevirə bilmişdi. Ermənistanın sözügedən danışıqlar prosesində iştirakı isə heç də sülhyönümlü deyil, sadəcə imitasiya xarakteri daşıyır, beynəlxalq ictimaiyyəti çaşdırmağa yönəlmişdi. Bəlkə də sözügedən ictimaiyyət elə özü “çaşmaq”da maraqlı idi. Əks halda Azərbaycan Respublikasının dünya birliyi tərəfindən qəbul edilən ərazi bütövlüyü, BMT TŞ qətnamələri və digər bəyanatlar ikili standartların qurbanı olmazdı. İşğalçı Ermənistanda baş verən hakimiyyət çevrilişi nəticəsində formalaşan hökumət sələflərindən fərqli olaraq sülh pərdəsi altında daha radikal addımlar atmağa başlamışdı. Qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanıdılması istiqamətində fəaliyyətin miqyasının genişləndirilməsi, bütün azərbaycanlılar üçün həssas olan Şuşa şəhərində inaqurasiya mərasiminin keçirilməsi və ən nəhayət “yeni ərazilər uğrunda yeni müharibə” doktrinası Ermənistanın uzun illər gizlətməyə çalışdığı əsl mahiyyətini üzə çıxardı. İşğalçı dövlətin münaqişə zonasından kifayət qədər uzaq olan Tovuz rayonu istiqamətində hücumu, avqust təxribatı artıq düşmənin yeni əraziləri işğal etmək niyyətini açıq-aşkar ifadə edirdi. Azərbaycanın danışıqlar prosesinin irəliləməsi naminə konstruktiv təklifləri fonunda qarşı tərəfin işğalçı mahiyyətini davam etdirməsi düşmənlə öz dilində danışmağın alternativsizliyi zərurətini ortaya qoyurdu. Beləliklə, Ermənistanın növbəti təxribatı ölkəmizin əks-hücum, “sülhə məcburetmə”, “dəmir yumruq” kimi simvolizə etdiyimiz 44 günlük Vətən Müharibəsi ilə nəticələndi. Vətən Müharibəsi vandal dövlətin daxili mahiyyətini bu dəfə də bütün dünyaya bir daha göstərdi. Müharibənin davam etdiyi günlərdə Azərbaycan mütləq üstünlüyünə baxmayaraq humanizm və beynlxalq hüquq prinsiplərinə hörmət edir, düşməni sülhə dəvət etməkdə davam edirdi. Tərəflər arasında bir neçə dəfə atəşkəs müqaviləsi imzalansa da vandal düşmən atəşkəsə mülki obyektləri bombardman etməklə “əməl edirdi”. Gəncə, Bərdə, Tərtər, Ağdam və digər bölgələrimizin hərbi obyektlərlə heç bir əlaqəsi olmayan yaşayış massivləri, infrastruktur obyektləri dəfələrlə raket atəşlərinə tuş gəlir, mülki vətəndaşlara qarşı qeyri-insani rəftar nümayiş etdirilirdi. Ermənistan cəbhədəki uğursuzluğlarını mülki infrastrukturlarımıza ziyan vurmaqla ört-basdır edəcəyini düşünür, Azərbaycanın adekvat davranışlarına zəmin yaratmaqla beynəlxalq ictimaiyyətin dəstəyini qazanacağına ümid bəsləyirdi. Lakin, Azərbaycan nəinki provokativ davranışlara getmir, bundan fərqli olaraq sülhə nail olmağın yollarını düşmən tərəfin rəhbərliyinə xatırladırdı. Vətən Müharibəsi düşmənin kapitulyasiya aktını imzalaması, Azərbaycanın isə öz ərazi bütövlüyünə nail olması ilə nəticələndi. Düşmənin alçaldıcı məğlubiyyəti bütün dünya qarşısında yeni reallıqlar qoyurdu. 30 il işğal atında saxlanılan ərazilər yerlə-yeksan edilmişdi, tarixi abidələr saxtalaşdırılmış, müqəddəs məkanlar təhqir olunmuşdu. Vandal, qəddar düşmənin mahiyyəti dəyişməmiş, heç vaxt öz məkirli planlarından əl çəkməmişdir. Torpaqlarımızı geri qaytarmağa məcbur qalan düşmən mina xəritələrini verməkdən imtina edir, verdiyi halda isə ciddi təhriflərə yol verilir. Düşmən bu gün belə revanşist niyyətini ifadə edir, yeni planlarla məkrli siyasətinə nail olmaq istəyir. Onlar yeni müharibənin nələrə səbəb olacağını unutmamalı, regional sülhə ilk dəfə də olsa öz töfhələrini verməlidirlər.
Fərhad Baxışov
Neftçala rayon gənci, fəal
Digər xəbərlər