Cənubi Qafqazda əbədi sülhü təmin etmək üçün regional iqtisadi inteqrasiya vacib şərtlərdəndir.
Bu gün Azərbaycan öz ərazi bütövlüyünü tam təmin
edib. Ölkə başçısı cənab İlham Əliyevin 28 sentyabr 2021-ci il tarixində
“France-24” televiziya kanalına müsahibəsi zamanı bir daha Ermənistana və
havadarlarına ciddi mesajlar verərək, anlara xəbərdarlıq etdi. İstiqaməti bizə
aydın olan bəzi qüvvələr bu gün regionda münaqişənin tam başa çatmadığını
düşünərək, mənasız xülyalarla yaşayırlar. Onlar əbəs yerə artıq arxivə
göndərilmiş Qarabağ probleminin danışıqlar yolu ilə həll edilməsi variantini
ortalığa atmağa çalışırlar. Münaqişənin sonunda kapitulyasiya aktına yalvararaq
imza atmağa məcbur olan düşmənin son
günlər təxribat xarakterli addımlarının şahidi oluruq. Qarşı tərəf anlamalıdır
ki, bu gün Azərbaycan regionda nə qədər sülh tərəfdarı olsa da, hər an
istənilən təxribatın, ərazilərimizə ediləcək istənilən həmlənin qarşısını
almağa hazırdır. Ancaq Azərbaycan istər düşmənin, istərsə də onların havadarlarının
təxribatlarına baxmayaraq, açıq şəkildə regionda əbədi sülhün bərqərar olması
üçün əməkdaşlıq niyyətini ortaya qoyub. Azərbaycan savaşdan qalib ayrılan
dövlət olaraq məğlub olan tərəfə öz sülh əlini uzadıb. Ermənistan bu təklifi
dəyərləndirsə regionda əbədi sülhün, sabitliyin bərqərar olmasından danışmaq
olar. Şübhə yoxdur ki, bu gün sadə erməni xalqı bu münaqişənin əbədi sülh
razılaşması ilə yekunlaşmasınının tərəfdarıdır. Amma Ermənistanda hakimiyyətdə
olan və onlara havadarlıq edən bəzi xarici dairələr yenidən müxtəlif
vasitələrlə təxribata əl atmağa cəhd edirlər. İstənilən halda Ermənistan
Azərbaycanla sülh müqaviləsi imzalamağa, Azərbaycanın ərazi bütövlüyünü
tanımağa məcbur olacaqdır. Ermənistanın 10 noyabr və 11 yanvar bəyanatlarına
hörmətsizlik edib revanşist düşüncələrə düşməsi onlar üçün heç də yaxşı
sonluqla nəticələnməyəcək. Rəsmi Bakı rəsmi İrəvanın inadkarlığına sonsuz
təmkin göstərmək fikrində deyil. Ölkə başçısı cənab İlham Əliyevin “France-24”
telekanalına verdiyi müsahibə zamanı verdiyi bəyanatlar düşmənə və onun arxa
dayaqlarına ismarıc rolunu oynayır. Əgər Ermənistan və onun havadarları
həqiqətən də Cənubi Qafqazda əbədi sülhə nail olmaq, inkişaf və tərəqqi, eləcə də
xalqların inteqrasiyasını istəyirlərsə, tələb olunan qaydaları pozmamalı,
onlara dürüstlüklə əməl etməlidirlər. Qeyd etmək lazımdır ki, sözügedən telekanala
müsahibəsi zamanı cənab Prezident Zəngəzur dəhlizinin açılması və həmin
dəhlizin iqtisadi faydalılığlından söz açmışdır. Bu gün Zəngəzur dəhlizinin
açılması Azərbaycanla yanaşı Ermənistan üçün də əlverişli iqtisadi mühüt
yaradacaq, ölkələrinin ticari dövriyyəsində kəskin artım hiss olunacaq və
onların beynəlxalq mühitə inteqrasiya etmələri üçün şərait yaranacaqdır. Bir
sözlə Zəngəzur dəhlizinin açılması region dövlətlərinin beynəlxalq
iqtisadi əlaqələrinin qurulmasına böyük töhfə verəcəkdir. Siyasi, iqtisadi
təsir baxımından görünən odur ki, bu gün regionda Türkiyə aparıcı gücə
çevrilib. Artıq tam məmnunluqla qeyd etməliyik ki, Türkiyə-Azərbaycan
münasibətləri tamamilə yeni bir mərhələyə qədəm qoyub. Hər zaman, istər ağır
istərsə də şad günlərində Azərbaycanın yanında olan Türkiyə 44 günlük Vətən
Müharibəsində də və postmüharibə zamanında da qardaş Azərbaycana hər mənada
dəstək olmaqdadır. Bu dostluğa, əməkdaşlığa qarşı çıxanlar anlamalıdırlar ki,
Türkiyə-Azərbacan birliyi əbədidir, dönməzdir.
Fərid Əhmədov
Neftçala rayon sakini
Digər xəbərlər