Narkomanlığa qarşı mübarizə işinin təşkili üzrə növbəti tədbir və treninq Neftçalada keçirilib
Noyabrın 23-də Neftçala rayonunda “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində tədbirlər keçirilib.
Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupundan məlumat verilib.
İşçi qrupunun təşkilatçılığı, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə və Şəxsi Heyətlə İş idarələrinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin nümayəndələrinin iştirak etdikləri tədbirdə rayon üzrə müvafiq komissiyanın üzvləri ilə müzakirələr aparılıb, onlara metodiki kömək göstərilərək zəruri əyani təbliğat materialları verilib.
Bundan əlavə, “Narkotik asılılıq, onun psixoloji səbəbləri və məktəbdə görülməli işlər” mövzusunda ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, məktəb psixoloqları, valideyn komitəsi sədrlərinə narkomanlıq probleminə dair treninq keçirilib.
Sonda treninq iştirakçılarına Dövlət Komissiyasının İşçi qrupunun hazırladığı sertifikatlar və narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün “Metodik tövsiyələr” kitabçası təqdim edilib.
Digər xəbərlər