Diplomatiyamızın növbəti uğuru
2021-12-20
Baxış: 780
XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi artıq 1 ildən çoxdur ki, Ali Baş Komandanımızın qətiyyəti, Müzəffər Ordumuzun rəşadəti, xalqın birliyi nəticəsində milli maraqlarımıza uyğun həllini tapdı. 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu “yenilməz ordusunu” darmadağın etdi. Bu gün Ermənistan ordusu artıq vahid komandanlığı olmayan, müqavimət qabiliyyətini itirmiş, başıpozuq dəstələrdən ibarətdir. 44 günlük müharibədən dərhal sonra Dağlıq Qarabağda başladılan quruculuq işləri, Prezident İlham Əliyevin dünya medyasına verdiyi müsahibələri, strateji səfərləri Azərbaycanın haqq işindən 1 addım belə geri çəkilməyəcəyini bütün dünyaya göstərdi. Təbii ki, atılan hər bir addım diplomatiyamız üçün böyük bir uğurdur. Cənab Prezidentin uğurlu və qətiyyətli siyasətinin nəticəsidir ki, artıq Avropa İttifaqı və NATO kimi beynəlxalq təşkilatlar Azərbaycanın 44günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallıqları qəbul etməyə, ölkəmizin mövqeyini dəstəkləməyə başlayıblar və Cənubi Qafqazda öz təşəbbüslərini məhz bu reallıqlar əsasında formalaşdırmağa meyllənirlər. Azərbaycan-Ermənistan münasibətlərinin mövcud durumu da bütün Avropa ictimaiyyəti üçün kifayət qədər böyük maraq doğurur. Dövlətimizin başçısının dekabrın 14-də İspaniyanın “El Pais” qəzetinə verdiyi müsahibəsi Azərbaycanın yaratdığı yeni reallıqların beynəlxalq ictimaiyyətə bir daha çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir. Müsahibədən danışarkən zaman faktorunun nəzərə alınması vacibdir. Bu müsahibə Stokholmda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Ermənistanın siyasi təxribat üzündən baş tutmamış görüşündən, Soçidə üç siyasi liderin görüşündən və Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycan leyhinə çıxardığı qərardan sonra baş tutmuşdur. Bu görüşlər müəyyən siyasi zəmin formalaşdırmış, bir çox məsələlər ilə bağlı tərəflərin ortaq və fərqli mövqelərini müəyyən etmişdir. Ölkə Başçımızın müsahibəsində ən xırda detallara qədər konkret və dolğun cavablar verməsi, istər Vətən Müharibəsinin gedişində, istərsə də post-müharibə dövründə bütün məqamlara xüsusi diqqət ayırdığından və bu məsələlərdə qətiyyən heç bir boşluğa yol verilmədiyindən xəbər verir: “İlk növbədə, Azərbaycan Prezidenti öz müsahibəsində Ermənistanla sərhəddə mövcud vəziyyət, eləcə də qarşı tərəfin hərbi əməliyyatlar başa çatdıqdan sonrakı təxribatları barədə məlumat verərək, ölkəmizin yalnız sülh və sabitlik istədiyini aydın və qəti şəkildə vurğulamış oldu. Müharibədən keçən 1 il ərzində vəziyyətin nisbətən sabit olduğunu qeyd edən dövlət başçımız stabilliyin məhz Rusiya sülhməramlı qüvvələrinin Qarabağda məsuliyyət daşıdığı ərazidə daha dayanıqlı olduğunu da vurğuladı.” Prezident İlham Əliyevin müsahibə zamanı vurğuladığı vacib məqamlardan biri isə, Ermənistanın iddiasına görə Azərbaycanın guya onun ərazi bütövlüyünə qəsd etməsidir. Təbii ki, rəsmi İrəvanın bu əsassız iddialarını ölkə başçımız arqument və faktlarlabir daha sübuta yetirmişdir: “Azərbaycan və Ermənistan arasında dövlət sərhədi təyin olunmayıb. Buna səbəb 1990-cı illərin əvvəlində hər iki ölkənin müstəqilliyinin bərpasından dərhal sonra Azərbaycanın həmin hissəsinin işğalının baş verməsidir. Ötən ilin noyabrında İkinci Qarabağ müharibəsi bitəndə ərazidə iqlim şəraiti əlverişsiz olduğundan, cari ilin may ayında qar əriməyə başlayandan dərhal sonra Azərbaycan Ordusu dövlət sərhədinə tərəf hərəkət etməyə başladı. Sərhədin haradan keçməsi ilə bağlı olan anlayışımıza əsasən, ordumuz dövlət sərhədində mövqe tutdu.” Digər bir arqument isə Ermənistan Rusiya ilə ikitərəfli əsasda qarşılıqlı müdafiə öhdəliklərinə malik olmasıdır, həmçinin üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı da onun ərazi bütövlüyünə zəmanət verir. Ermənistan ilə sərhəd məsələsi gündəmə gələndə Ermənistan rəhbərliyi KTMT-yə dəfələrlə kömək üçün müraciət etsə də, KTMT-nin Nizamnaməsi üzv-dövlətlərin ərazi bütövlüyünün kollektiv əsasda müdafiəsini məqsəd kimi müəyyənləşdirməsinə baxmayaraq, təşkilatdan heç bir müsbət cavab gəlməmişdir. Bu ziddiyyətin yeganə rasional izahı odur ki, KTMT üzvləri Ermənistanın iddialarını əsassız sayıb, Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü pozmadığında əmindirlər. Müsahibə zamanı səsləndirilən ən vacib mesajlardan biri regionda bütün təhdid yarada biləcək cəhdlərin qarşısının alınması ilə bağlıdır. Azərbaycan sülhün tərəfdarıdır. Ona görə də Azərbaycan rəsmi İrəvanın manevrlərini, yenidən qruplaşmalarını və təhlükəli ola biləcək hərbi potensial yaratmaq üçün cəhdlərini izləyir. Ermənistan, iqtisadiyyatı dağınıq olan, ordusu isə məğlub edilmiş bir ölkədir. Belə olan halda Ermənistanın hərbi potensialının bərpası heç cür daxili qüvvələr hesabına baş verə bilməz. Bu mesaj bir növ Ermənistanın xarici havadarlarına yönləndirilib. Müsahibə çərçivəsində Dövlət başçısının toxunduğu əsas məsələlərdən biri də sülh sazişi haqqında səsləndirdiyi fikirlərdir: “Azərbaycan Ermənistanla sülh danışıqlarına və sülh razılaşması üzərində işləməyə başlamağa hazırdır. Amma Ermənistan rəhbərliyindən heç bir cavab verilməyib. Bu, onların sülh istəmədiyini göstərir, çünki imzalandığı təqdirdə sülh razılaşmasının əsas müddəalarından biri də hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması olacaq və Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmir. Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü və Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Ermənistan nə ərazi bütövlüyünü tanıdığını, nə də tanımadığını söyləyir.”Həqiqətəndə Ermənistanın sanki bu məsələ ilə bağlı heç bir mövqeyi yoxdur.Azərbaycan dərhal Ermənistanla hərtərəfli sülh razılaşması üzərində danışıqlara başlamağa hazırdır. Azərbaycan üçün başlıca məsələ müharibədən sonra ölkə iqtisadiyyatını dircəltmək və xalqın rifah səviyyəsini yüksəltməkdən ibarətdir. Prezident İlham Əliyevin öz müsahibəsində Azərbaycanın Avropanın enerji təhlükəsizliyi baxımından mövqeyinin getdikcə daha da möhkəmlənməsi barədə səsləndirdiyi fikirlərin müstəsna əhəmiyyətini vurğulayaraq deyib: “Bu gün Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında rolu getdikcə öz əhəmiyyətini artırmaqdadır. Bu məsələ “El Pais” qəzetinin müxbiri tərəfindən Azərbaycan Prezidentinə verilən suallarda da öz əksini açıq-aydın tapıb. Müxbir son vaxtlarda Avropa İttifaqının qaz ehtiyatlarının azalmaqda olduğunu, qazın qiymətinin isə artdığını vurğulayıb və Aİ-nin hazırkı böhranın öhdəsindən necə gələ biləcəyinə dair Prezident İlham Əliyevin fikirlərini soruşub. Buna cavab olaraq Azərbaycan Prezidenti XXI əsrin ən mühüm infrastruktur layihələrindən olan Cənub Qaz Dəhlizi layihəsinin ötən ilin son günündə başa çatdırıldığını xatırladıb və bildirib ki, layihənin dördüncü seqmenti – Transadriatik qaz kəməri 2020-ci il dekabrın 31-də istismara verilib və həmin vaxtdan Azərbaycandan Avropaya qaz ixracı başlanıb. Bu gün Azərbaycan qazının ən böyük istehlakçısı İtaliyadır, sonra isə Yunanıstan və Bolqarıstandır. Dövlət başçımız qeyd edib ki, burada coğrafiyanı genişləndirmək üçün potensial mövcuddur. Belə ki, 2023-cü ildən ölkəmizin 11 milyard kubmetr qaz ixrac etməyi planlaşdırılır və bu rəqəm arta da bilər. Azərbaycanın nəhəng qaz ehtiyatları var və ölkəmiz Avropaya təbii qazın ənənəvi təchizat marşrutlarından daha qısa marşruta malikdir. Dövlət başçımız qeyd edib ki, Azərbaycan Avropanın etibarlı tərəfdaşı və dostudur. Artıq Bakıdan İtaliyaya qədər uzanan, bir hissəsi dənizin dibi ilə gedən 3500 kilometrlik boru xətti inşa edilib və bu magistralla qaz Avropaya idxal olunur. Burada görüləcək iş Avropa Komissiyası və bizdən daha artıq həcmdə qaz almaq istəyən və ya yeni həcmdə qaz idxal etmək arzusunda olan ölkələrlə təmas qurmaq və danışıqlara başlamaqdan ibarətdir. Şübhəsiz, Avropanın enerji təhlükəsizliyinin təminatı məsələsində getdikcə artan rolu ölkəmizin mövqelərini daha da gücləndirir, beynəlxalq nüfuzunu daha da artırır. Bu isə Azərbaycanın bundan sonra daha sürətli inkişafını və daha güclü bir dövlətə çevrilməsini təmin edəcək zəruri amillərdən biridir.”
Əfsanə Abdullazadə
Neftçala rayon gənci
Digər xəbərlər
2021-11-04
2023-04-18