Qalib Ölkənin Müzəffər Lideri İlham Əliyev!
Ulu Öndər Heydər Əliyevin
müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf edən Müasir Azərbaycanın
Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi
altında öz xalqına Tarixi Qələbəni yaşadan Müzəffər Orduya çevrilmişdir. Bəli məhz
2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə ordu
quruculuğu məsələləri dövlət siyasətinin əsas prioriteti kimi müəyyən olundu.
Əlbəttə ki, bu məsələ əbəs yerə prioritet sahə hesab edilmədi. Məlum məsələ idi
ki, Azərbaycan müstəqilliyini yenicə bərpa etdikdən sonra mənfur qonşularının əsassız
ərazi iddiaları ilə üzləşdi. Havadarlarından dəstək alan məkrli ölkə
torpaqlarımıza silahlı hücumlar təşkil etdi. Həmin vaxt hakimiyyətə olan qüvvələrin
səriştəsizliyi və xəyanəti nəticəsində düşmənə layiqli cavab verilmədi. O zaman
siyasi gediş edib silahlı qüvvələri formalaşdırmaq əvəzinə, düşmənin əlinə fürsət
verildi. Bu səbəbdən torpaqlarımızın əhəmiyyətli hissəsi işğal olundu. Belə bir
çətin dövrdə xalqımızın təkidli istəyi və tələbi ilə Azərbaycanda ikinci dəfə
siyasi hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev dərin siyasi təcrübəsindən məharətlə
istifadə edərək, Ölkəmizi daha böyük bəlalardan xilas edə bildi. Əldə edilmiş
atəşkəs ordu quruculuğu üçün fürsət qazandırdı. Ancaq düşmənə layiqli cavab
vermək üçün zaman və şərait tələb olunurdu. Bu tarixi missiyanı isə həyata
keçirmək, reallaşdırmaq üçün xalqımız 23 il gözləməli oldu. Azərbaycan xalqının
əksəriyyət səsi və etimadı ilə hakimiyyətə gələn Ulu Öndərin layiqli varisi cənab
İlham Əliyev idarəçiliyə başladığı andan Ölkənin prioritet probleminin həllini
həyata keçirəcəyinə and içdi. 17 il dalana dirənmiş, süni maneələrlə həll edilməyən
problemin həlli istiqamətində yorulmadan, usanmadan mübarizə apardı. Bütün beynəlxalq
kürsülərdən haqq işimizi dünyaya bəyan etdi. Bu müddətdə təkcə hərbi-siyasi sahədə
deyil, həm də iqtisadi sahədə tərəqqiyə nail olan Dövlət başçımız hər bir
addımı ilə qələbəni anbaan yaxınlaşdırdı. Cənab Prezident mahir siyasət yeridərək
ölkəmizə dost, qardaş olan dövlətlərlə, onların liderləri ilə strateji münasibətlər
qurdu. Əlbəttə ki, bu siyasətin ən mərkəzində qardaş ölkə Türkiyə ilə can bir
bağlılığın, müttəfiqliyin pik nöqtəsi quruldu. Möhtərəm Prezidentimizlə qardaş
Türkiyə Respublikasının lideri Rəcəb Tayyib Ərdoğan arasındakı əsl qardaşlıq
münasibətləri sözün həqiqi mənasında iki dövlətin bir millətini bir-birinə daha
sıx birləşdirdi. Ali Baş Komandan Zəfərə aparan yolda Azərbaycan insanının
ictimai fikrini, istəyini ən uca tutdu. Xalqına arxalanaraq, inanaraq birlikdə
vəhdət halında atıldı bütün addımlar. Bu gün Ölkəmizdə formalaşan və dinamik
inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar,
pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Məhz Azərbaycan müasir
dünya silahları ilə yanaşı öz zavodlarında istehsal etdiyi və hərbi təyinatlı məhsullardan
da Vətən Müharibəsində istifadə etdi. Cəmi ay yarıma düşmən təxribatına cavab
olaraq başladılmış əks-hücum əməliyyatları ilə sözdə və əməldə düşmənin başı əzildi.
Azərbaycan xalqı məhz Müzəffər Ali Baş Komandanının rəhbərliyi ilə məqsədinə çatdı,
tarixi ədaləti bərpa etdi. Bəli zaman İlham Əliyevin timsalında Vətənimizə Müzəffər
Lider yetişdirdi. Bu gün xalqımız fəxarətlə öz Prezidentinə dayaqdır, arxadır.
Bu birlik, bu vəhdət heç şübhə yoxdur ki, əbədidir, dönməzdir!
Əliheydər Qarayev
Neftçala rayon sakini
Digər xəbərlər