İqtisadi tərəqqiyə aparan güclü sosial siyasət!
2021-12-27
Baxış: 838
Bu gün Azərbaycanda sosialyönümlü siyasət tam sürətlə davam edir. Ölkəmizdə vətəndaş rifahının təminatı, həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi cənab Prezident İlham Əliyevin siyasətinin əsas istiqamətlərindəndir. Azərbaycan postmüharibə və pandemiya dövrünün çağırışlarına uyğun adekvat addımlar atır və bu çox müsbət haldır. Dövlətimizin başçısının bu günlərdə imzaladığı yeni Fərman və Sərəncamlar xüsusilə son illərdə ardıcıl, geniş miqyas alan sosial islahatların növbəti mərhələsinin başlanmasını təmin edib. Yeni islahatlar mərhələsi - 2022-ci ilin sosial islahatları Dövlətimizin başçısının “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” 2021-ci il 16 oktyabr tarixli Sərəncamına əsasən reallaşdırılır. Yeni ildən həyata keçiriləcək sosial islahatlar üçün illik əlavə 1,5 milyard manat vəsait nəzərdə tutulub. Bu, 2,1 milyon insanın rifahının yaxşılaşması və əhalinin həssas təbəqələrinin pandemiyanın, dünyada cərəyan edən iqtisadi kataklizmlərin və sair neqativ proseslərin mənfi təsirlərindən maksimum dərəcədə qorunması deməkdir. Möhtərəm Prezident İlham Əliyevin 2021-ci il 17 dekabr tarixdə imzaladığı Sərəncamla minimum aylıq əməkhaqqının məbləği artırılaraq 250 manatdan 300 manata çatdırılmışdır. Qeyd edək ki, son illər minimum əməkhaqqında mütəmadi artımlar davamlı xarakter alıb. Son üç ildə minimum aylıq əməkhaqqı 2,3 dəfə artırılaraq 130 manatdan 300 manata çatdırılıb. Minimum əməkhaqqı artımı əhalinin gəlirlərində artımı təmin etməklə, işçi qüvvəsinin rəqabət qabiliyyətinin, əməyin məhsuldarlığının və leqallaşdırılmasını da stimullaşdırır. Dövlət başçımızın Sərəncamı əməkhaqqı artımını təmin etməklə bu sahədə növbəti addımdır və növbəti ildə də bu sahədə islahat və dəstək tədbirləri davam etdiriləcəkdir. Qeyd edək ki, sosial islahatlar bir neçə vacib komponentdən ibarətdir. Prezident İlham Əliyevin 2021-ci il dekabrın 17-də imzaladığı yeni iki Sərəncamla dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin maaşları orta hesabla 20 faiz, gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin maaşları orta hesabla 40 faiz artırılır artırılır. Habelə dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçiləri üçün də oxşar artım göstəriciləri xarakterikdir. Bu əməkhaqqı artımı 165 min təhsil işçisinə şamil olunmaqla, onların sosial müdafiəsinin gücləndirilməsi məqsədi daşıyır. Artımlar üçün dövlət büdcəsində 273 milyon manat illik əlavə vəsait nəzərdə tutulub. Eyni zamanda, Prezident İlham Əliyevin 2021-ci il dekabrın 20-də imzaladığı yeni Sərəncam və Fərmanlarla müavinət və təqaüdlərin artırılması 732 min şəxsi, o cümlədən 132 min doktorant və tələbəni əhatə edərək onların müavinət və təqaüdlərinin 2022-ci ilin əvvəlindən artırılmasını təmin edir. Sosial sahə üzrə görülən işlər bir tərəfdən Azərbaycan dövlətinin gücünü, digər tərəfdən də Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin effektivliyini, reallaşdırılan islahatların yüksək praktiki nəticələr verdiyini göstərir. Təkcə onu demək kifayətdir ki, Azərbaycanda minimum pensiya 72 faiz artdığına görə, ölkəmiz minimum pensiya üzrə alıcılıq qabiliyyətinə görə MDB-də birinci olacaqdır. Prezident İlham Əliyevin “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” 2021-ci il 16 oktyabr tarixli Sərəncamına əsasən ümumilikdə gələn ilin əvvəlindən yeni böyük sosial paket reallaşır. Bu Fərman və Sərəncamlarla faktiki olaraq əhalinin bütün təbəqələri nəzərə alınıb. Minimum əmək haqqının, müavinət və təqaüdlərin artımı sosial rifahın yaxşılaşdırılmasının, ümumən gəlirlərin artırılmasının əsas şərtlərindən biridir. Bu, ölkəmizdə sosialyönümlü siyasətin yürüdüldüyünü göstərir. Verilən bütün qərarlar, reallaşdırılan layihələr vətəndaşların sosial rifahının yaxşılaşmasına yönəldilib. Yeni islahatlar paketi bir daha təsdiqləyir ki, Azərbaycanda dövlət siyasətinin mərkəzində vətəndaş amili və onun maraqları dayanır. Bu isə öz növbəsində qarşıdakı illərdə iqtisadi durumun daha da yaxşılaşmasını stimullaşdıracaqdır. Bir sözlə, çox yaxın gələcəkdə ölkəmizin sosial-iqtisadi həyatında böyük canlanma və inkişaf gözlənilir. Qalib ölkənin iqtisadiyyatının da uğura və inkişafa hədəflənməsi tamamilə təbiidir. Azərbaycan artıq yeni quruluculuq və inkişaf mərhələsinə qədəm qoyub.
Əfsanə Abdullazadə
Neftçala rayon gənci, fəal
Digər xəbərlər
2021-11-04
2023-04-18