Xeyriyyəçilik hər zaman Azərbaycan xalqının ayrılmaz əlaməti olub.

2022-01-22 Baxış: 475
img
           2019-cu il 1 mart tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın ölkəmizin mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşü zamanı fenomenal maarifçilik fəaliyyəti ilə yaddaşlarda dərin izlər qoyan böyük Azərbaycan mesenatı Hacı Zeynalabdin Tağıyevə abidə ucaldılması ilə bağlı fikirlər irəli sürülmüşdür. Təbii ki, bu fikirlərə yüksək həssaslıq və dərin hörmətlə yanaşan, milli dəyərlərə hər zaman olduğu kimi böyük diqqət və qayğı göstərən Dövlət başçımız həmin təklifi dəstəklədiyini bəyan etdi. “Hacı Zeynalabdin Tağıyev böyük insan, böyük xeyriyyəçi olub. Azərbaycan xalqı qarşısında çox böyük əməyi olan bir şəxsiyyətdir”, - deyə vurğulayan Prezident cənab İlham Əliyev böyük xeyriyyəçinin tarixi xidmətlərini yada salaraq onun on minlərlə insana köməyi dəydiyini, hətta Hacının xeyriyyəçilik əməllərindən onun ailəsinə də pay düşdüyünü məmnunluqla xatırlatmış, öz növbəsində bu böyük insana olan diqqət və qayğısının əlaməti olaraq öz şəxsi təşəbbüsü ilə Hacının əbədi uyuduğu Mərdəkandakı Pir Həsən Ziyarətgahının abadlaşdırıldığını, Hacının şəxsi mülkünün əsaslı şəkildə bərpa olunduğunu, nəhayət, hazırda AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi yerləşən həmin sarayda H.Z.Tağıyevin ev-muzeyinin də təşkil olunduğunu həssas duyğularla görüş ictimaiyyətin diqqətinə çatdırdı. Prezidenti cənab İlham Əliyev tərəfindən dərhal “Hacı Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması haqqında” 11 mart 2020-ci il tarixli Sərəncam imzalandı. Azərbaycanda neft sənayesinin təşəkkülündə mühüm xidmətləri olmuş böyük xeyriyyəçi, maarifpərvər və ictimai xadim Tağıyevin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Bakı şəhərində onun abidəsinin ucaldılması ilə bağlı aidiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlar verildi. Milli mənəvi dəyərlərə dövlətin və dövlət başçısının daimi diqqət və qayğısının parlaq təzahürü olan bu tarixi sərəncamın böyük mesenat H.Z.Tağıyevin ölkəmizdə neft sənayesinin inkişafında, milli maarifçilik hərəkatının formalaşmasında, Vətənimizdə dünyəvi milli qadın təhsilinin təşəkkülündə, mətbuat və mədəniyyətimizin tərəqqisi yolunda, milli ziyalı elitasının yetişməsində təmənnasız xidmətlərinin çağdaş dövlətçilik təfəkkürü kontekstində yenidən dəyərləndirilməsində, onun çoxcəhətli fəaliyyətinin dərindən tədqiqi, təbliği və müasir gəncliyə gərəyincə və yetərincə çatdırılmasında müstəsna rolu vardır. Xüsusi diqqətlə və həssaslıqla yanaşılan bu iş cari ilin yanvar ayında yekunlaşdı və 18 yanvar 2022-ci il tarixində xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışı baş tutdu. Abidənin açılışını edən Ölkəmizin başçısı öz çıxışında Hacı Zeynalabdin Tağıyevin xeyriyyəçilik fəaliyyətini xüsusi ilə vurğulamışdır: “Çox zəngin adam idi, amma hər kəs bilir ki, çox kasıb ailədə böyümüş və sərvətini öz zəhməti hesabına qazanmışdır. Ancaq tarixdə o, zəngin adam kimi yox, məhz xeyriyyəçi kimi qalmışdır. Əgər onun xeyriyyəçilik fəaliyyəti olmasaydı, yəqin ki, o, Azərbaycan xalqının yaddaşında qalmazdı. Onun təşəbbüsü ilə Azərbaycanda bir çox önəmli layihələr həyata keçirilmişdir. Onların arasında, əlbəttə ki, Bakıya təmiz içməli suyun gətirilməsi layihəsini xüsusilə qeyd etməliyəm. Şollar su kəməri bu günə qədər fəaliyyətdədir, bu günə qədər Bakını, Sumqayıtı təmiz içməli su ilə təmin edir. Bu kəmərin tikintisi üçün Zeynalabdin Tağıyev öz vəsaitindən istifadə etmişdir. Məhz onun təşəbbüsü və maliyyə dəstəyi ilə Bakıda teatr binası inşa edilmişdir, bir çox sənaye müəssisəsi inşa edilmişdir, azərbaycanlı qızlar üçün ilk dünyəvi məktəb açılmışdır. Deyə bilərəm ki, müsəlman aləmində ilk dünyəvi məktəb məhz Bakıda azərbaycanlı qızlar üçün Tağıyevin vəsaiti və təşəbbüsü ilə yaradılmışdır. Qızlar üçün məktəbin açılması gələcəyə yönəlmiş bir addımdır. Hər kəs bilir ki, o, yüzlərlə tələbəni Rusiyaya və Avropaya göndərməklə onların təhsil xərcini öz üzərinə götürmüşdür və bu da gələcəyə yönəlmiş bir addım idi, gələcəyi düşünürdü. Mən artıq bunu bir dəfə demişəm, bir daha demək istəyirəm ki, o tələbələrin arasında mənim babam Əziz Əliyev də olmuşdur.” Hacı Zeynalabdin Tağıyevin bu və digər fəaliyyətlərini, təşəbbüskarlığını əhatəli qeyd edən cənab Prezident İlham Əliyev Hacı Zeynalabdin Tağıyevin ömrünün sonlarında qarşılaşdığı ədalətsizliklərdən bəhs etmiş, böyük xeyriyyəçinin yaşadığı çətinlikləri də çıxışında əks etdirmişdir: “Azərbaycan Xalq Cümhuriyyəti süqut edəndən sonra sovet hakimiyyəti onu bütün imkanlardan məhrum etmişdi, onun bütün əmlakları əlindən alınmışdı, tək bir bağ qalmışdı, orada da o, ömrünün sonuna qədər yaşamışdır. O, uzun ömür yaşadı, dolğun ömür yaşadı. Ancaq əfsuslar olsun ki, ömrünün sonunda bu cür ədalətsizliklə üz-üzə qaldı və həyatdan çox narahat getdi.” XIX əsrdə xeyriyyəçilik ənənələrinin təməlini qoyan Hacı Zeynalabdin Tağıyevin töhfələri bugündə yaşamaqdadır. Bu gün isə müstəqil Azərbaycanda onun qoyduğu xeyriyyəçilik ənənələri geniş vüsət almağa davam edir. Şübhəsiz ki, bu sahədə ən böyük xeyriyyəçi nəinki Azərbaycanda, habelə Cənubi Qafqazda Heydər Əliyev Fondudur. Heydər Əliyev Fondu 20 ilə yaxındır ki, yaradılmışdır və bütün bu illər ərzində Fondun əsas məqsədi, vəzifəsi insanlara kömək göstərmək, Azərbaycan mədəniyyətini dünyada təbliğ etmək, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, elm sahələrinə töhfə verməkdir. Azərbaycanın multikultural, tolerant dövlət kimi, müasir dövlət kimi dünyada tanıdılmasında Heydər Əliyev Fondunun müstəsna xidmətləri vardır. Bu gün Heydər Əliyev Fondu qarşısında yeni vəzifələr dayanmaqdadır. Ənənəvi fəaliyyətlə yanaşı, bu gün Fond azad edilmiş torpaqlarda geniş fəaliyyətə başlamışdır. Fondun təşəbbüsü ilə azad edilmiş torpaqlarda hazırda dini abidələrimizin əsaslı təmiri, bərpa edilməsi və inşası prosesinə start verilib. Şuşa şəhərində Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri, Ağdam şəhər məscidi, Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən əsaslı bərpa edilir. Eyni zamanda, Daşaltıda, Hadrutda və Şuşa şəhərində yeni məscidlərin tikintisi də məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilir. Abidənin açılışı zamanı ölkədə görülən xeyriyyəçilik işlərindən bəhs edən ölkəmizin başçısı 44 günlük müharibədən sonra yaradılan Qarabağ Dirçəliş Fondu və YAŞAT Fondundan bəhs etmişdir: “Bugün təkcə iri şirkətlər, MMC-lər, korporativlər yox, bütün Azərbaycan vətəndaşları könüllü olaraq həm Qarabağ Dirçəliş Fonduna, həm YAŞAT Fonduna vəsait təqdim edirlər və bu vəsait hesabına bu gün yüzlərlə qazi həm Azərbaycanda, həm xüsusilə xaricdə müalicə alır, həyata qayıdır, öz sağlamlığını bərpa edir. Bu, bir daha onu göstərir ki, xeyriyyəçilik hər zaman Azərbaycan xalqının ayrılmaz əlaməti olubdur. Sadəcə olaraq, buna şərait yaradılmalı idi, dövlət tərəfindən bu siyasət dəstəklənməli idi və bu gün biz bunu görürük.”
               Əfsanə Abdullazadə
               Neftçala rayon gənci