Abidələr tariximizdir

2022-02-04 Baxış: 531
img
Azərbaycan xalqı tarixən yurdsevərliyi, mübarizliyi, sülh niyyətli olması ilə tanınmışdır. Lakin nə qədər sülh istəyimiz, qətiyyətimiz güclü olsa da, xain, mənfur düşmənlərin çirkin əməlləri üzündən bizlər yurdumuzu savaşaraq xilas etməyə məcbur olmuşuq. Bu yolda xalqımızın neçə-neçə mərd övladları şəhid olmuş, sağlamlığından keçərək tariximizin canlı şahidinə çevrilmiş, qazi ömrü yaşamışlar. Xalqımızın tarixində baş verən faciələri saymaqla bitməz. Bu faciələr öz ağrı-acısı ilə qəlbimizi sızladır. Zaman- zaman baş verən bu ağrılı səhifələr, deyərdim bizi daha da mətinləşdirir. Kimliyimizin qiymətini düşüncəmizdə möhkəmləndirir. Xalq olaraq birliyimizin nə qədər qiymətli olması vacibliyini bir an da olsa yaddan çıxarmırıq. Son yüz illərin baş verən dəhşətli səhifələri bizi çox incitmişdir. Nə etmək olar ki, bizim humanist niyyətimiz daim xain qonşuların məkrli niyyəti ilə toqquşur. Bu bir deyil, iki deyil…Zamanın unudulmayan qanlı terror hadisələridir. Xocalı faciəsi, Ağdaban faciəsi, Malıbəyli qətliamı, neçə-neçə kəndlərimizdə baş verən qətliamlar, 1905, 1918-ci illərin soyqırım faktları heç zaman unudulmayacaqdır. Min dəfə ölüb dirilməkdənsə, mərd adını qoruyan, istiqlal günəşinin dəyərini heç nəyə dəyişməyən xalqımız bu gün də tarixin o ağır faciələrini unutmadan müstəqilliyi uğrunda şəhid verir. Azadlığın şirin dadın heç nəyə dəyişməyən Azərbaycan xalqı bu yolda öz mübariz ruhunu daim qoruyub və qoruyacaqdır. Bu mübarizlik yolunda qan yaddaşımızı oyaq saxlayan , təbliğatımızı, yaddaşımızı gələcək nəsillərə aşılayan mənbələrdən biri də abidələrimizdir. Bu abidələr kimliyimiz, tariximiz, and yerimiz, zəfər salnaməmizdir. Öz tarixi məlumatları ilə qan yaddaşımıza hopan, silinməyən bu tarixi abidələr Vətənimizin tarixini, bu yolda necə ayaqda olduğunu, alnıaçıq, şərəflə mücadilə etdiyini göstərir. Lakin bitmir bu faciələr…tarix sanki təkrarlanır daim…Tarixin təkrarlanan bu ağır səhifəlrində öz şərəfli yolunu qorumaq isə hər birimizin borcudur. Biz bunu heç zaman unuda bimərik. Elə 2020-ci ildə torpaqlarımızın azadlığı uğrunda başlanan Vətən Müharibəsində qəhrəman oğulların şücaəti də bir daha təsdiqlədi ki, yurddan pay olmaz. Vətən bölünməz! Bu torpaqlar bizim doğma ocaqlarımız, ulularımızdan qalan yurd yerimizdir. Vətən müharibəsində cəbhədə öz gücsüzlüyünü həzm edə bilməyən xəyanətkar erməni dinc əhalimizin yaşadığı ərazilərə raketlər atmaqla bir daha çirkin niyyətini göstərmiş oldu. Nə qədər alçaq, faşist xislətli olması tarixin bütün mərhələlərində olduğu kimi, yenə göründü, yaddaşa köçdü. Azərbaycanın ikinci ən böyük şəhəri olan, öz qədim tarixi ilə seçilən, sevilən Gəncə şəhərinə qadağan edilmiş raketlər atmaq düşmənin xalqımıza qarşı mənfur niyyətinin təzahürü idi. Əhalinin öz evində olduğu gecə saatlarında dəfələrlə şəhərin raket zərbələrinə məruz qalması dünya ictimaiyyətinin daha çox etirazına səbəb olmalı idi. Çox təəssüf ki, bu gün də mənfur erməniləri müdafiə edən dövlətlər fəallıq göstərməkdə davam edirlər. Biz haqq yolumuzda nə qədər çətinliklərlə rastlaşsaq da öz mübarizliyimizi qoruyacağıq. Xain düşmənin çirkin əməlləri unudulmayacaqdır. Bu gün Azərbaycanımızın hər kəndində, qəsəbəsində zəfərimizi canı ilə qazanan şəhid oğulların xatirəsinə abidə kompleksləri, xatirə bulaqları tikilmişdir. Onlar qan yaddaşımızın əbədiliyi, tariximizin şərəf səhifəsi, Vətənlə adı, xatirəsi əbədi yaşayan şəhidlərin örnək mübarizlik yoludur. Eləcə də 2020-ci ilin oktyabr ayının 4-də, 11-də, 17-də dəfələrlə Gəncə şəhərinin raketlərlə dağıdılması, həlak olan uşaq, yaşlı insanlarımızın xatirəsi tariximizin qanlı terror hadisəsi kimi unudulmayacaqdır. Bu günlərdə Azərbaycan Respublikasının Müzəffər Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Gəncə şəhərində faciə qurbanlarının xatirəsinə Memorial Kompleksin təməli qoyulmuşdur. Memorial Kompleks dörd hektar ərazini əhatə edəcəkdir. Faciə qurbanlarının xatirəsinə, dinc əhaliyə edilən xain terror hadisəsi zamanla yaddaşlarda əbədiləşəcəkdir. Biz bu vəhşilikləri heç zaman unutmayacaq, daim düşmənə qarşı dəmir yumruq kimi birləşərək cavab verəcəyik. Bunu bizdən uğrunda canlarını fəda edən şəhid ruhlar istəyir. Onların qarşısında baş əyirik!
          Bədirə Niftaliyeva,
          Neftçala rayon sakini, ziyalı, ədib