Cənub Qaz Dəhlizi Azərbaycanın böyük tarixi qələbəsidir.

2022-02-10 Baxış: 414
img

2020-ci ilin son günü Azərbaycan qazının TAP-la (Trans-Adriatik Qaz Boru Kəməri) Avropa ərazisinə nəql edilməsi, eyni zamanda “Cənub Qaz Dəhlizi”nin tam sistem kimi işə salınması demək idi. Azərbaycanın təşəbbüsü və liderliyi ilə gerçəkləşən “Cənub Qaz Dəhlizi” enerji ixracının şaxələndirilməsi layihəsidir. Yəni Azərbaycan qazı istehlakçılar üçün yeni mənbə oldu, bu dəhliz yeni enerji “damar”ı yaratdı. “Cənub Qaz Dəhlizi” ilə biz Avropanın enerji xəritəsini yenidən tərtib etdik. “Cənub Qaz Dəhlizi”nin ən önəmli cəhətlərindən biri layihədə bütün iştirakçı tərəflərin maraqlarının təmin edilməsi, maraqlar balansının gözlənilməsidir. Belə ki, layihənin icrasında geniş beynəlxalq əməkdaşlıq formatı yaradaraq yeddi ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliya, sonradan layihəyə qoşulan Üç Balkan ölkəsi - Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro layihənin digər mərhələlərində tərəfdaşlar kimi iştirak edirlər. “Cənub Qaz Dəhlizi” layihəsinin uğurla tamamlanması nümayiş etdirir ki, komanda şəklində aparılan iş həmişə yaxşı nəticə verir. Burada istehsalçı, tranzit və istehlakçı ölkələrin maraqları üst-üstə düşür.     4 fevral  2022-ci il tarixində  paytaxtımızda, tarixi "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı keçirildi. Toplantıda cənab Prezident İlham Əiiyev, Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson, Avropa İttifaqı Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyinin, eləcə də ABŞ, Böyük Britaniya, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Albaniya, Xorvatiya, Macarıstan, Monteneqro, Rumıniya, Serbiya, Şimali Makedoniya, Moldova, Bosniya və Hersoqovina, Ukrayna və Türkmənistanın yüksək səviyyəli nümayəndələri iştirak edib. Cənub Qaz Dəhlizi çərçivəsində nazirlərin VIII toplantısı “Cənub Qaz Dəhlizi: nailiyyətlər və perspektivlər – Cənub Qaz Dəhlizinin yeni enerji bazarları, o cümlədən Qərbi Balkan ölkələri istiqamətində genişləndirilməsi” və “Enerji keçidi - Karbohidrogen mənşəli yanacaqlardan və metan tullantılarının azaldılması tədbirlərindən karbon neytrallığına doğru: yollar, çağırışlar, qrafiklər” mövzularında plenar sessiyalarla davam edib. Başlıca olaraq qeyd etmək lazımdır ki,  Cənub Qaz Dəhlizi sabit enerji təchizatının unikal elementidir. Enerji böhranının dünyada tüğyan etdiyi bir vaxtda Azərbaycanın həmtəşkilatçısı olduğu layihə avropalı istehlakçıların enerji təminatında böyük rol oynayır. Əminliklə demək olar ki, Cənub Qaz Dəhlizi enerji Avropanın enerji təhlükəsizliyinə xidmət edir.  Bunu Ölkəmizin başçısı toplantı zamanı öz çıxışında xüsusilə vurğulamışdır: “Cənub Qaz Dəhlizi” layihəsi enerji təhlükəsizliyi layihəsidir. Bu gün enerji təhlükəsizliyi haqqında danışanda, biz anlayırıq ki, o, ölkələrin milli təhlükəsizliyinin bir hissəsidir. Enerji resursları, şaxələndirmə hər hansı ölkənin sənaye və iqtisadi inkişafında əsas amillərdir. Enerji təhlükəsizliyi bu gün dünya siyasətinin, eləcə də beynəlxalq təşkilatların əsas gündəliyində yer tutur. Cari ilin əvvəlində mən Davos İqtisadi Forumunda və Münxen Təhlükəsizlik Konfransında iştirak etdim. Enerji təhlükəsizliyi məsələsi hər iki tədbirdə - dünyanın həmin iki ən mühüm toplantısının gündəliyində idi. Əlbəttə ki, öz enerji siyasətinə qəti surətdə sadiq qalan, hər zaman azad rəqabəti, bazar iqtisadiyyatını, enerji sahəsində toqquşmanı deyil, əməkdaşlığı təşviq edən Azərbaycan enerji şaxələndirilməsində, enerji təhlükəsizliyində mühüm rol oynayır. Eyni zamanda, hesab edirəm ki, ölkəmiz bu layihənin həyata keçirilməsində düşünülmüş siyasət nümayiş etdirir.” Qeyd etmək lazımdır ki, 2021-ci il və həmçinin bu ilin yanvar ayı ərzində ümumilikdə Cənub Qaz Dəhlizi vasitəsilə Türkiyə, İtaliya Gürcüstan və digər Avropa istehlakçılarına 18,5 milyard kubmetrdən çox təbii qaz ixrac edilib. Bu müddətdə təkcə Avropa ölkələri uzunmüddətli müqavilələr, habelə qısamüddətli spot əməliyyatları üzrə, təxminən, 8,9 milyard kubmetr Azərbaycan təbii qazı ilə təchiz olunub. Bu da bir daha onu göstərir ki, dəhliz enerji təhlükəsizliyinin təminatındakı strateji əhəmiyyətini Avropa ölkələri arasındakı interkonnektorlarla Qərbi Balkanlara və qitənin digər hissələrinədək genişləndirə bilər. Azərbaycan təbii ki Avropa Komissiyası eləcə də əlavə həcmlərdə qaz almaq istəyən və ya qaz idxal-ixrac etmək arzusunda olan ölkələrlə əməkdaşlıq etməyə və Cənub Qaz Dəhlizinin inkişafına töhfə verməyə hər zaman hazırdır.   Nəzərə almaq lazımdır ki, milli səviyyədə koordinasiya bizə bu nəhəng layihə - XXI əsrin ən böyük layihələrindən biri olan Cənub Qaz Dəhlizini icra etməyə kömək etdi. Bunu Prezident İlham Əliyev öz çıxışı zamanı qeyd etmişdir: “Layihənin dəyəri 33 milyard ABŞ dollarıdır. Eyni zamanda, əlbəttə ki, biz enerji şirkətlərinin, tikinti şirkətlərinin, investorların fəal iştirakı olmadan uğur qazana bilməzdik. Bu gün onlar buradadırlar. Əlbəttə, onların, eləcə də beynəlxalq maliyyə institutlarının töhfəsi çox dəyərli idi. Cənub Qaz Dəhlizi layihəsi həm də müasir tarixdə çox azsaylı layihələrdən biridir ki, onun icrasına bütün aparıcı beynəlxalq maliyyə institutları öz töhfəsini vermişdir - Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı. Beləliklə, aparıcı beynəlxalq maliyyə institutları bu layihənin icrası üçün kredit və maliyyə vəsaiti ayırdı. İndi biz bütün nöqteyi-nəzərlərdən mürəkkəb olan bu layihənın yüksək səmərəliliklə tamamlanmasına görə həqiqətən də fərəhlənə bilərik.Bizçox fəal işləyirik, üzərimizə düşəni edirik.”

 

                  Əfsanə Abdullazadə

                  Neftçala rayon gənci, fəal