Azərbaycanlıların Soyqırımı günü
Azərbaycan xalqına
qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədi ilə 1998-ci il
martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı
haqqında” Fərman imzalamışdır.Sözügedən Fərmanla martın 31-i “Azərbaycanlıların
Soyqırımı Günü” elan edilmişdir.Fərmanda deyilirdi: “Azərbaycanın
XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə
müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı
surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil
etmişdir. Bu hadisələrin yalnız birinə – 1918-ci il mart soyqırımına
siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin
varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər
həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə
siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir”. Həmin Fərmanın icrasının
ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsi ilə bağlı Ulu Öndər Heydə
rƏliyev 30 mart 1999-cu ildə tədbirlər planı təsdiq etmişdir.
Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə
yanaşı, faciələr və soyqırımları, müsibətlərlə dolu səhifələr də yazılıb. Bu
dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanmışdı.
1918-ci
ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan
tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə
düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə
insanı qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Milli memarlıq
incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtdılar.
Bakının böyük bir hissəsini xarabalığa çevirdilər. Azərbaycanlıların soyqırımı
təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda,
Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata
keçirildi. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirildi, şəhər və
kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edildi.
Azərbaycan
Xalq Cümhuriyyəti yarandıqdan sonra Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu
faciənin tədqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması
haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını - ilkin mərhələdə
Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri
ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün
Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. Martın 31-i Azərbaycan
Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü elan olundu. Bununla da
azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən
torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət verməyə cəhd
göstərildi. Lakin Cümhuriyyətin süqutu bu sahədə başlanmış işi yarımçıq qoydu.
Azərbaycan
Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra
qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı
hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir.
Tarixin
səhifələri vərəqləndikcə yeni-yeni faktlar, erməni vəhşiliyinin tükürpədən
səhnələri üzə çıxır. Son vaxtlar məlumatların dəqiqləşdirilməsi istiqamətində
axtarışlar genişləndirilir. Təkzibolunmaz arxiv sənədləri, soyqırımlarını
təsdiqləyən çoxsaylı dəlil-sübutlar aşkarlanır.
Şamaxıda
1918-ci ilin mart-aprel aylarında öldürülənlərin sayının dəqiqləşdirilməsi ilə
bağlı ötən əsrin 90-cı illərindən etibarən yerli tədqiqatçılar da bir sıra
araşdırmalar aparıblar. Onların tədqiqatı nəticəsində müəyyən edilib ki, erməni
cinayətkarları tərəfindən Şamaxı şəhərində təqribən 14-16 min, onun 40 kənd və
obasında 6-8 min nəfər qətlə yetirilib. Şamaxı qəzasından didərgin düşənlərin
sayı isə 18 min nəfərdən çox olub.
Bakıda
təkcə bir həftə ərzində 12 mindən çox insan, əksəriyyətini dinc sakinlər təşkil
edən və əsas etibarilə müsəlman əhali vəhşicəsinə qətlə yetirilmişdi.
Bolşevik-daşnak dəstələri hətta azərbaycanlılara həlak olmuş yaxınlarını dəfn
etməyə icazə vermirdi. Onlar cəsədləri yanan binalara atır, quyulara, dənizə
tökürdülər. Bakıda Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin tam hakimiyyətinin
bərqərar olması qurbanların dəqiq sayının hesablanmasına imkan vermədi.
Ulu öndər
Heydər Əliyevin tarixi Fərmanından ötən illər ərzində aparılmış araşdırmalar
sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi
məzarlıq aşkarlanıb. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel
aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı
aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat
çox olduğunu sübuta yetirir.
Prezident
İlham Əliyevin 2018-ci il yanvarın 28-də imzaladığı Sərəncama əsasən, 1918-ci
il azərbaycanlıların soyqırımının 100 illiyi təkcə Azərbaycanda deyil, dünyanın
bir çox guşələrində yaşayan həmvətənlərimiz, diaspor təşkilatları, xaricdəki
səfirliklərimiz tərəfindən geniş qeyd olunub.
Erməni cinayətkarlarının xalqımıza qarşı törətdikləri bu amansız Soyqırım faciəsi yaddaşlarımızda əbədi olaraq qalacaqdır..
Aytəkin Gözəlova,
YAP Neftçala rayon təşkilatının əməkdaşı
Digər xəbərlər