Azad edilmiş torpaqların inkişafı ilə bağlı böyük planlar vardır

2022-05-08 Baxış: 397
img
Zəngilan öz keçmiş şöhrətini tez bir zamanda geri qaytarıb, Respublikamızın ən inkişaf etmiş rayonlarından birinə çevriləcəkdir.

Birinci Qarabağ savaşında rayonlarımızın düşmən tərəfindən işğal olunma xronologiyasına fikir versək görəcəyik ki, Zəngilan rayonu erməni vandalları tərəfindən işğal edilən ən sonuncu yaşayış məntəqəmizdir. Düşmən işğal altında saxladığı müddətdə Zəngilanda daşı-daş üzərində qoymayıb. Yaşayış sahələri ilə yanaşı vəhşilər bütün dini ibadət evlərini, məscidləri, tarixi abidələrimizi yerlə-yeksən ediblər. Ümumilikdə Zəngilanda statistik göstəricilərə əsasən 100-yaxın tarixi əhəmiyyətə malik abidə məhv edilib və ya tam yararsız-tanınmaz hala salınıb. Düşmən burada təkcə infrastrukturu məhv etməklə kifayətlənməyərək, ekoloji soyqrıma da imza atıb. Tarixə nəzər salsaq görərik ki, vaxtilə Avropanın ən böyük çinar meşələri məhz, Zəngilan rayonunda yerləşirdi. Düşmən insafsızcasına bu meşələri doğrayaraq, hətda xarici ölkələrə oduncaq kimi satmaqdan belə çəkinməmişdir. İşğaldan azad edildikdən sonra Zəngilanda həmin meşələrin izinin belə qalmadığının şahidi olduq. Amma təəsüflənməklə yanaşı bizlər sevinirik ki, Zəngilan artıq işğalda deyil, o azaddır, doğma insanların əhatəsindədir. 20 oktyabr 2020-ci il tarixində Müzəffər Azərbaycan Ordusunun şücaəti hesabına Zəngilan işğaldan azad olundu. Zəngilanın azad edilməsi ilə Azərbaycan qonşu İranla sərhədləri tam bərpa etdi. Artıq 1 ildir ki, Zəngilanda Azərbaycanın üç rəngli dövlət bayrağı dalğalanmaqdadır. Bu hər bir azərbaycanlı tərəfindən böyük qürur hissi ilə qarşılanır. Hər bir azərbaycanlı qürurla öyünə bilər ki, onun İlham Əliyev kimi dayağı, Lideri, Qalib Sərkərdəsi var. 30 ilə yaxın idi ki, Azərbaycanın İranla 132 km-lik quru sərhəddi düşmən tapdağı altında idi. İşğaldan sonra azad edilən bütün rayonlarda olduğu kimi Zəngilanda da qarşılaşdığımız mənzərə ürək ağrıdan idi. Dağıdılmış infrastruktur, məhv olmuş təbiət, xarabalığa çevrilmiş yaşayış sahələri insanın damarında qanını dondurur sanki. Bütün bunlar düşmənin nə qədər murdar xislətdə olduğunu sübut edir. Ermənilərin bu “əl işləri” illərdir özləri haqqında yaratdıqları humanist dövlət, yazıq, əzilmiş xalq obrazını, imicin alt-üst etmiş oldu. Bütün dünya bu tükürpədici mənzərənin şokedici təsiri altında düşmənin iç üzünün əyani şahidi oldu. Bəşər tarixində insan övladı hələ bu qədər faşist psixologiyasına sahib bir xalqla, millətlə, dövlətlə rastlaşmayıb. Ölkə başçısı cənab İlham Əliyev 18 il ərzində bütün çıxışlarında, mötəbər tribunalardan həmişə düşmənin hansı xislətdə olduğunu dünya dövlətlərinin diqqətinə çatdırmışdır. Dövlət başçımız hər zaman beynəlxalq arenada söz sahibi olan dövlətləri erməniləri bu işğalçılıq siyasətindən döndərməyə çağırmışdır. Lakin bütün bu çağırışlara, müraciətlərə dünya birliyi on illərlə səssiz qaldı. Bu səssizliyin sonunun heç də yaxşı tonlarla bitməyəcəyinə hər bir azərbaycanlı adı kimi əmin idi. Və belə də oldu. Azərbaycan ordusu, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, Azərbaycan xalqının milli birliyi sayəsində düşməni əzəli torpaqlarımızdan iti qovan kimi qovdu. Artıq işğaldan azad edilən ərazilərdə geniş abadlıq quruculuq işləri vüsət alıb və işlər sürətlə icra olunmaqdadır. Bu gün təkcə Zəngilanda deyil bütün işğaldan azad edilən doğma torpaqlarımızda Azərbaycan bayrağı dalğalanmaqdadır və hər qarış torpağımızda tarixi ədalətin bərqərar olunması sadəcə Azərbaycan üçün deyil, ümumilikdə bütün Cənubi Qafqaz regionunda əbədi sülhun təminatını şərtləndirəcəkdir.

Fərid Əhmədov
YAP Neftçala rayon təşkilatının fəal üzvü