Neftçalada Ulu Öndərin anadan olmasının 99 illiyi qeyd edilib
Neftçala rayonunda ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ictimaiyyət nümayəndələri ilə birlikdə qeyd olunub.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Dövlət Himni oxunub.
Tədbirdə çıxış edən natiqlər qəlbi daim Vətən eşqi ilə döyünən, bütün varlığı ilə xalqına bağlı olan, millətini zamanın sərt sınaqlarından məharətlə çıxaran, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan müdrik lider Heydər Əliyevin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən danışıblar.
Bildirilib ki, Ümummilli Lider dövlətçiliyin ideoloji-siyasi əsaslarını yaratmaqla, xalqı əsl müstəqilliyə qovuşduraraq hafizələrdə əbədiyaşarlıq qazanıb. Azərbaycanın gələcəkdə dövlət müstəqilliyinin elan edilməsi üçün real əsaslar, yeni suveren bir ölkə kimi qarşılaşa biləcəyi mühüm məsələlərin həlli üsulları hələ ulu öndər Heydər Əliyevin sovet hakimiyyəti illərində respublikamıza birinci rəhbərliyi dövründə formalaşıb. Onun istefa verdiyi vaxtdan – 1987-ci ilin oktyabrından 1993-cü ilin iyununda növbəti dəfə hakimiyyətə qayıdışınadək olan dövrdə ölkədə yaranan özbaşınalıq, anarxiya, xaos iqtisadiyyatın tənəzzülə uğraması, ictimai-siyasi sabitliyin pozulması, eləcə də tarixi torpaqlarımızın işğal olunması ilə nəticələndi, eyni zamanda, vətəndaş müharibəsi və müstəqilliyimizin itirilməsi təhlükəsi yarandı. Xalqı bu bəlalardan yalnız dahi şəxsiyyət Heydər Əliyev xilas etdi.
Neftçala RİH başçısı Mirhəsən Seyidov çıxış edərək ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində fenomen şəxsiyyət olduğunu vurğulayıb. Deyib ki, Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycan dövlətçiliyi böyük təhlükələrdən xilas olub, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsaslı dönüş yaranıb. Ümummilli lider Heydər Əliyevin qurduğu Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada öz sözünü deyir və inkişaf edir. Azərbaycanın əldə etdiyi uğurların əsasında Prezident İlham Əliyevin qətiyyəti, əzmkarlığı və Ulu Öndərin siyasi, mənəvi irsinin layiqincə yaşadılması dayanır. Eyni zamanda, dövlətimizin beynəlxalq nüfuzu daha da artmaqla, dünya ölkələri sırasında mövqeyi hərtərəfli möhkəmlənib. Bütün bunlar isə Vətən müharibəsindəki möhtəşəm Qələbəmizi şərtləndirib. 30 ilə yaxın müddətdə düşmən tapdağında olan dədə-baba torpaqlarımız 44 günlük Vətən müharibəsi ilə işğaldan azad edildi.
Bildirilib ki, millətinə xidməti həyat amalına çevirən Prezident İlham Əliyev verdiyi bütün vədləri əməlləri ilə doğruldaraq, hər bir azərbaycanlının Prezidenti olduğunu sübuta yetirib və xalqın sonsuz məhəbbətini qazanıb.
Tədbir Biləsuvar Regional Mədəniyyət İdarəsinin Neftçala rayon Mədəniyyət evinin hazırladığı konsertlə davam edib.
Digər xəbərlər