Neftçala-Kürkənd-2 N-li Mayak avtomobil yolu yenidən qurulur
Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən yol infrastrukturu layihələrindən biri də Neftçala rayonunda Neftçala-Kürkənd-2 N-li Mayak avtomobil yolunun yenidən qurulmasıdır.
Agentlikdən MAYAKİNFO-ya verilən məlumata görə, Neftçalanın 3 yaşayış məntəqəsini əhatə edən Neftçala-Kürkənd-2 N-li Mayak marşrutu üzrə 19 km uzunluğa malik avtomobil yolu uzun müddət idi ki, istismar olunmasına baxmayaraq əsaslı şəkildə təmir edilmirdi. Bu üzdən mövcud örtükdə artıq deformasiyalar yaranmışdı.
Bu isə normal hərəkətin təşkili üçün problemlərə səbəb olurdu. Artıq bütün bunlar Agentliyin əraziyə cəlb olunmuş xüsusi tikinti briqadasının gördüyü təxirəsalmaz tədbirlərlə geridə qalır.
Belə ki, avtomobil yolu 4-cü texniki dərəcəyə uyğun yenidən qurulur. Bunun üçün yolboyu torpaq, qazma, yolun profilə salınması işləri görülür. Yol yatağı hazır olan hissələrdə isə normativ qalınlıqda yol əsasının alt və üst layının tikintisi işləri aparılır. Yolun torpaq yatağının eni 10, hərəkət hissəsi isə 6 metrdir.
Mövcud borular yararsız vəziyyətdə olduğu üçün “İnşaat Norma və Qaydaları”na əsasən yolboyu suların ötürülməsini təmin etmək məqsədi ilə yenilərinin quraşdırılması, boru başlıqlarının tikilməsi işləri də görülür. Texnoloji ardıcıllığa uyğun olaraq daha sonra yola yeni asfalt-beton örtüyünün döşənməsi icra olunacaq.
Tikinti işlərinin sonunda hərəkətin normal təşkili üçün yol nişanları, km göstəricilərinin quraşdırılması, üfüqi nişanlanma xətlərinin çəkilməsi və dayanacaqların qoyulması nəzərdə tutulub.
Layihə üzrə sadalanan işlərin icrası ilə yolboyu müasir infrastruktur yaradılmış olacaq. Bu isə 3 yaşayış məntəqəsinin 20 mindən artıq əhalisinin rahat gediş-gəlişinə səbəb olacaq, yük və sərnişin daşıması asanlaşacaq, vətəndaşların sosial həyat şəraitinə müsbət təsir göstərən sahələr daha da inkişaf edəcək.
Digər xəbərlər