DSX əməkdaşları Neftçala ərazisində külli miqdarda narkotik vasitə aşkarlayıb.
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə rayon ərazisinə keçirilməsinin qarşısı alınıb.
İyunun 12-də saat 01:50-də Neftçala istiqamətində naməlum hədəf tərəfindən dəniz sərhədlərinin pozulması barədə daxil olmuş məlumatla əlaqədar DSX-nın Sahil Mühafizəsi tərəfindən qeyd olunan istiqamətə sərhəd gözətçi gəmiləri göndərilib, texniki müşahidə avadanlıqları və radarlar vasitəsilə iti sürətli üzmə vasitəsinin hərəkəti nəzarətə götürülüb və təqib olunaraq saxlanılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilib.
Hadisə ilə əlaqədar dövlət sərhədinin gücləndirilmiş üsulla mühafizəsi təşkil olunaraq üzmə vasitəsinin hərəkət etdiyi istiqamətdə sahil ərazilərinə baxış keçirilib. Nəticədə, Cənub regional şöbəsinin “Mayak” sahil nəzarəti bölməsinin xidməti ərazisində Neftçala rayonunun Mayak kəndi yaxınlığında dəniz sahilində iki ədəd şübhəli kisə aşkarlanıb. Kisələrə baxış zamanı 13 ədəd bağlamada təxmini çəkisi 22 kiloqram 855 qram narkotik vasitəyə (15180 qram marixuana, 7175 qram tiryək, 500 qram heroin) bənzər maddələr və 1543 ədəd psixotrop tərkibli həblər aşkarlanaraq götürülüb.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Digər xəbərlər