Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir

2022-07-04 Baxış: 349
img

Azərbaycan Xəzər hövzəsindən hasil etdiyi enerji resurslarını strateji və iqtisadi maraqlarının tələb etdiyi istiqamətlərə ixrac edir və bu sahədə böyük təcrübəyə malikdir. Ölkəmizin zəngin enerji resursları milli maraqlarımıza, sosial rifahımıza uyğun istifadə olunmaqla Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm amildir. Hələ 2003-cü ildə Astanada Azərbaycan, Rusiya və Qazaxıstan arasında “Xəzərin dibinin orta xətt üzrə milli sektorlara bölünməsi, su səthinin ümumi istifadəsi” haqqında üçtərəfli saziş imzalanmış, bununla da ötən əsrin 90-cı illərin ortalarından start götürmüş danışıqlarda mühüm irəliləyişə nail olunmuşdur. Xəzərin dibinin bölünməsinə dair yekun razılığa gəlinməsində isə müəyyən problemlərin razılaşdırılması istiqamətində danışıqlar aparılırdı. 2018-ci il  avqustun 12-də uğurla yekunlaşan bu danışıqlar Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin V sammitində Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiyanın imzalanması ilə nəticələndi. Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentlərinin iştirakı ilə keçirilən V sammitdə bu Konvensiyanın imzalanması Xəzərin sülh, sabitlik və əməkdaşlıq dənizinə çevriləcəyinə böyük inamı artırmış, bəzi ziddiyyətli məqamlara son qoyulmasına, yeni əməkdaşlıq platforması yaradılmasına və gələcəkdə Xəzərin logistik imkanlarının əhəmiyyətli dərəcədə artmasına ümid  yaratmışdır. Konvensiya Xəzər hövzəsində dondurulmuş və mübahisəli yataqların birgə  işlənilməsinin hüquqi əsasını qoymuşdur. Dövlət başçılarının V Zirvə Toplantısında  Azərbaycan Respublikasının Prezidenti xüsusi olaraq vurğulamışdı ki, Konvensiya Xəzəryanı ölkələrin sıx qarşılıqlı fəaliyyəti, iqtisadi, nəqliyyat xarakterli məsələlərin, xalqların həyat səviyyəsinin yaxşılaşmasına kömək edəcək məsələlərin həlli üçün geniş perspektivlər açır. Regionda sülh və mehriban qonşuluq siyasəti həyata keçirən Azərbaycan xarici siyasət kursunda daim bu prinsipləri əsas götürüb. Bu günlərdə Türkmənistanın paytaxtı Aşqabadda baş tutan Xəzəryanı dövlətlərin dövlət başçılarının VI sammitində iştiark edən cənab Prezident İlham Əliyev çıxışında bildirmişdir ki; “Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Azərbaycan Transxəzər beynəlxalq marşrutunun səmərəli istifadəsinə səy göstərir. Bu marşrut Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək və nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq”. Bu gün Azərbaycan Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat – kommunikasiya dəhlizlərinin yaradılması və inkişafında mühüm rol oynamaqla bərabər, Transxəzər beynəlxalq marşrutunun səmərəli istifadəsinə öz töhfəsini verir. Ən yüksək dünya standartlarına cavab verən yeni Ələt Beynəlxalq Dəniz Ticarəti Limanının tikintisinin başa çatdırılması bu marşrutun iqtisadi səmərəliliyini daha da artırmış, logistik imkanlarını  genişləndirmişdir. XXI əsrin layihəsi kimi qəbul edilən “Cənub Qaz Dəhlizi” layihəsinin əsas təbii qaz mənbəyi Xəzər dənizindəki  “Şahdəniz” qaz-kondensat yatağıdır. Postmüharibə dövrünün yeni reallıqları Xəzər hövzəsinin karbohidrogen ehtiyatlarının Qərb bazarlarına daşınması üçün yeni kommunikasiya xətlərinin açılmasını daha da aktuallaşdırmışdır. Xəzər dənizinin dibindən kəmərlər çəkilməsi üzərində maneələrin aradan qaldırılmasında həm 2018-ci il tarixli Konvensiya, həm də 2022-ci il iyununda keçirilmiş Aşqabad sammitində bağlanmış sazişlər və qəbul edilmiş qərarlar çox əhəmiyyətlidir. Xəzərin şelfində 50 milyard barrel neft və 9 trilyon kubmetr qaz yataqlarının olması təsdiqlənmişdir, perspektivdə yeni yataqların kəşf olunacağı proqnozlaşdırılır. Beləliklə dinc rasional danışıqların anlaşma ilə başa çatması Xəzəryanı ölkələrin  bir neçə trilyon dollar gəlirə sahiblənməsi ilə nəticələnəcəkdir. Bu il Azərbaycanda Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin koordinasiya şurasının VIII görüşünün keçirilməsi də planlaşdırılır. Azərbaycanın təşəbbüsü ilə baş tutan belə görüşlər və dünyanın enerji xəritəsini dəyişə bilən əhəmiyyətli qlobal layihələrin həyata keçirilməsi sülh və təhlükəsizliyə, qarşılıqlı faydalı iqtisadi əməkdaşlığa hesablanmışdır. Bütün bunlar Azərbaycanın regional və beynəlxalq nüfuzunun güclənməsinə, yeni iqtisadi və siyasi dividendlər qazanmasına, xalqın sosial rifah halının daha da yüksəlməsinə gətirib çıxaracaqdır.

 

          Firdovsi Tağıyev; 

          YAP Neftçala rayon təşkilatının fəal üzvü