Kəlbəcər və Laçın rayonlarının bərpası azad edilmiş digər rayonlara nisbətən daha çətindir.

2022-07-04 Baxış: 390
img

Vətən müharibəsi haqqın və ədalətin bərpası ilə yanaşı, həm də Azərbaycan dövlətinin qüdrətinin nümayişi oldu.  30 ilə yaxın işğal altında qalan torpaqlarımızı respublikamız öz hərbi gücü ilə azad etdi. Prezident İlham Əliyevin uzaqgörən və müdrik siyasəti Ermənistanın işğalçı siyasətini cəmi 44 günə məhv etdi. İkinci Qarabağ müharibəsindən sonra da bütün dünya Azərbaycanın gücünə şahidlik etməkdədir.  Ermənistan Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma işlərinin fonunda Azərbaycanın təkbaşına, yalnız öz daxili imkanları hesabına necə əzəmətli və nəhəng layihələri həyata keçirdiyini görür. Prezident İlham Əliyevin işğaldan azad olunmuş rayonlarımıza mütəmadi səfərləri yeni layihələrin təməlinin qoyulması, şəhərlərin baş planlarının təsdiq edilməsi ilə əlamətdar olur. Qısa  zaman ərzində Zəfər yolunun salınması, Füzuli Beynəlxalq Hava Limanının inşası azad olunmuş ərazilərin bərpası istiqamətində güclü siyasi iradənin olduğunu nümayiş etdirir. Həm də belə layihələr dövlətimizin yetərli maliyyə imkanlarından  xəbər verir. İşğaldan azad olunmuş digər rayonlarla müqayisədə Kəlbəcər və Laçın daha mürəkkəb coğrafi və təbii relyefi olan dağlıq əraziləri əhatə olunmasına baxmayaraq, Azərbaycan dövləti həmin rayonları kompleks şəkildə yenidən qurur. Kəlbəcər və Laçında yeni yolların salınması, Toğanalı-Kəlbəcər-İstisu yolu sərt dağlıq və qayalıq ərazilərdən keçir, Yolun Murovdağ silsiləsində, dağların zirvəsində dünyada ən uzun olan avtomobil tunellərindən olan Murovdağ tunelinin inşası isə dövlətimizin apardığı yenidənqurma işlərinin əzəmətini nümayiş etdirir. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu rayonun bir çox yaşayış məntəqələri ilə yanaşı, Kəlbəcər şəhərinə və məşhur İstisu ərazisinə qədər rahat gediş-gəlişi təmin edəcək. İstisu sanatoriyasının təməlini qoyduqdan sonra çıxış edən dövlət başçısı Kəlbəcər və Laçın  rayonlarında görülən işlərlə bağlı deyib: "Eyni zamanda bu fürsətdən istifadə edərək son bir il ərzində burada görülmüş işlərlə də tanış oldum. Görürdüm, baxırdım, mənim göstərişlərim necə yerinə yetirilir, ümumiyyətlə, Kəlbəcər və Laçın rayonlarının inkişafı ilə bağlı hansı əlavə addımlar atılmalıdır. Çünki bu rayonların bərpası azad edilmiş digər rayonlara nisbətən daha çətindir. Ona görə ki, biz hələ də Murov aşırımından keçib gəlməliyik. Qış aylarında gediş-gəliş çətindir. Hava limanı hələ hazır deyil ki, yükləri hava yolu ilə göndərək. Ona görə bu bölgələrin, bu iki rayonun inkişafı ilə bağlı işlər gedir. Ancaq, əlbəttə, bu təbii şərait imkan vermir ki, bu işlər daha geniş vüsət alsın. Amma buna baxmayaraq, bütün infrastruktur layihələri uğurla icra edilir. Keçən il 4 su-elektrik stansiyası istifadəyə verilib. Bu il isə 5 su-elektrik stansiyasının istifadəyə verilməsi təmin ediləcək". Prezident İlham Əliyevin iradəsi və qətiyyəti, dövlətimizin maliyyə imkanları hesabına azad olunmuş ən ucqar ərazilər belə indi tikinti meydanını xatırladır. Vacib məqamlardan biri də odur ki, azad olunmuş ərazilərimiz yüksək səviyyədə bərpa olunur, yenidən qurulan bütün şəhər və kəndlərimizdə ən müasir həyat standartları yaradılır.

Cavad Mirzəyev,

YAP Neftçala rayon təşkilatının əməkdaşı