Qoşulmama Hərəkatının üzv dövlətləri Azərbaycan xalqının ədalətli mübarizəsini dəstəkləyib

2022-07-05 Baxış: 367
img
            Hazırda haqlı olaraq ən ədalətli birlik hesab edilən, dünyada baş verən hadisələrə, ədalət, humanizm, beynəlxalq hüquq çərçivəsində yanaşan Qoşulmama Hərəkatına ölkəmiz 2011-ci ildə tam hüquqlu üzv kimi qəbul olunmuşdur. Hərəkata üzv olduğu qısa zaman kəsiyində nümayiş etdirdiyi mövqe, dünya nizamına verdiyi töhfələr sayəsində Azərbaycanın nüfuzu xeyli artmış, bu səbəbdən də 2016-cı ildə Venesuela Respublikasında keçirilmiş zirvə görüşündə 2019-2022-ci illər üzrə sədrliyin ölkəmizə həvalə edilməsi barədə üzv ölkələr tərəfindən yekdil qərar qəbul olunmuşdur. Bəli qətiyyətlə bildirə bilərik ki, bu ölkəmizə olan böyük etimadın təcəssümüdür. Xüsusi vurğulamalıyıq ki, Azərbaycan bu etimadı təsadüfən qazanmamışdır. Belə ki, ölkəmiz bu yolda ağır sınaqlardan çıxmış, cənab Prezidentin yürütdüyü xarici siyasət büynəlxalq birliyin diqqətini özünə cəlb etmişdir. Müstəqil daxili-xarici siyasət yürüdən Azərbaycan bütün beynəlxalq təsir və təzyiqlərə sinə gərərək dünyaya əsl ədalət nümunəsi nümayiş etdirmişdir. Bu faktdır ki, Azərbaycan 30 ilə yaxın beynəlxalq ədalətsizliklə üz-üzə qalmışdır. Bütün beynəlxalq kürsülərdən haqq səsimiz dünyaya çatdırılsa da əlaqədar qurumlar tərəfindən heç bir əməli iş görülməmişdir. Hərçənd ki, Qoşulmama Hərəkatı daim ölkəmizin haqlı mövqeyini müdafiə etmiş, Azərbaycanın haqq səsini dünyaya çatdırmışdır. Şərəf tariximizin yazıldığı 44 günlük Vətən Müharibəsi zamanı da bizlər bunun şahidi olduq. Üzv dövlətlər açıq şəkildə Azərbaycana siaysi dəstək verdilər. Tarixi qalibiyyət bir daha nümayiş etdirdi ki, haqq-ədalət hər zaman Zəfər çalır. Müzəffər Liderimiz cənab İlham Əliyevin bu gün dünyadakı şəxsi və siyasi mövqeyi deyərdim ki, bütün Azərbaycanın simasıdır. Artıq Hərəkata üzv dövlətlər Azərbaycanın sədrliyinin 2023-cü ilin sonuna qədər uzadılmasına qərar veriblər. Bu qərarın Hərəkata üzv dövlətlərin yekdil rəyi ilə verilməsi Azərbaycanın sədrliyinin yüksək qiymətləndirilməsinin təsdiqidir. Azərbaycanın səyləri nəticəsində dünyanın dörd bir yanından müxtəlif siyasi və ideoloji quruluşlara malik ölkələr əksər məsələlərdə vahid mövqe nümayiş etdirirlər. Bu gün Qoşulmama Hərəkatının fikir mübadiləsi, qlobal həmrəylik və əməkdaşlıq üçün səmərəli platformaya çevrilib. Bu işdə Azərbaycanın səyləri əhəmiyyətli rol oynayıb. Azərbaycan hələ koronovirus təhlükəsinin ilk günlərindən etibarən qlobal həmrəylik çağırışlarına böyük dəstək verib. Ölkəmiz bəşəriyyəti cənginə almış koronavirusa qarşı qlobal mübarizəyə dəstək olaraq Ümumdünya Səhiyyə Təşkilatına könüllü maliyyə yardımı ayırmışdır. Bundan başqa Azərbaycan tərəfindən bir sıra kasıb ölkələrə birbaşa yardım həyata keçirmişdir. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən həyata keçirilmiş bu addımlar yüksək qiymətləndirilmişdir. Təsadüfi deyil ki, Azərbaycan pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilmişdir. Sadaladığımız faktlar bir daha təsdiq edir ki, Azərbaycan daim inkişaf edərək, dünya birliyinin əhəmiyyətli ölkəsinə çevrilir.
           Xanım Ağayeva;
           YAP Neftçala rayon təşkilatının fəal üzvü