Bərpaolunan enerjidən istifadə daha çox qaz ixracını təmin edəcəkdir

2022-07-21 Baxış: 377
img

İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen ilə geniş tərkibdə görüşü keçirilib.

   Prezident İlham Əliyev çıxışı zamanı Azərbaycan enerji sahəsində Avropa Komissiyası ilə on beş ildən artıq əməkdaşlıq etdiyini bildirmişdir. O qeyd etmişdir ki,  2006-cı ildə Avropa İttifaqı ilə Azərbaycan arasında Anlaşma Memorandumunu və 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannamə imzalanmışdır. Azərbaycanın başlatdığı və Avropa İttifaqının dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişdirir. Öncə neft hasilatı sonra, qaz hasilatı baş verdi. Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəməri çəkildi. 3500 kilometr uzunluğu olan Cənub Qaz Dəhlizi boru kəməri sistemlərini inteqrasiya etdi və bununla Azərbaycanın təbii qazı Avropa qitəsinə çatdırılır. İki ildən az müddətdə Cənub Qaz Dəhlizi tam gücü ilə işləyir. Bütün seqmentlər istismar olunur.

Dövlət başçımız Azərbaycanda bərpaolunan enerjinin istehsalı barədə danışarkən "Azərbaycanda bərpaolunan enerjinin istehsalı sahəsində böyük potensial Avropa İttifaqı tərəfindən artıq yüksək dəyərləndirilir. Biz külək və günəş enerjisinə artıq sərmayə qoyuluşu prosesinə başlamışıq. Potensialımızla bağlı artıq ilkin qiymətləndirməni aparmışıq" fikirlərini də söyləmişdir.

Ölkəmizdə bərpa olunan energetika sahəsinin inkişaf etdirilməsi, bu sahədə qanunvericilik və institusional mühitin təkmilləşdirilməsi məqsədilə müvafiq qanun və normativ hüquqi aktlar qəbul edilmişdir. Son illərdə sahə üzrə görülən işlər davam etdirilmiş və bərpa olunan enerjinin inkişafına xüsusi töhfə verən “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 339-VIQ nömrəli Qanunu təsdiq edilmişdir. Qanunun tətbiqi və icrasının təmin edilməsi məqsədilə alt qanunverici sənədlərin hazırlanması istiqamətdə müvafiq tədbirlərin icrası davam etdirilməkdədir.

Aytac İskəndərli,

YAP Neftçala rayon təşkilatının əməkdaşı