Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin dil siyasətini müəyyənləşdirdi
Dil insanın həyatda qazandığı ən dəyərli
mənəvi sərvətlərdəndir. O, hər bir fərdi məxsus olduğu cəmiyyətə, xalqa, millətə
bağlayan bütün bağların ən mühümüdür. Dil cəmiyyətin varlığı, onun təşəkkülü və
inkişafı üçün çox zəruri vasitədir. Xalqımızın tarixi kimi, dilimizin tarixi də
çox qədimdir. Milli mənəviyyatımız, milli varlığımız olan dilimizi xalqımız həmişə
müqəddəs bilmiş və bugünədək qoruyub saxlamış, inkişaf etdirmişdir. Zəngin dil
mədəniyyətinə malik olan xalq əyilməzdir, qüdrətlidir, ölməzdir.
Təəssüflər olsun ki, keçmiş SSRİ dövründə
bir sıra obyektiv və subyektiv səbəblər ucbatından dilimizin işlənmə dairəsi
xeyli daralmışdı. Bu vəziyyət yalnız Ümummilli Lider Heydər Əliyevin
respublikamıza rəhbərlik etməyə başlamasından sonra tamamilə dəyişmişdir. Ulu
Öndər rəhbərliyə gəldiyi 1969-cu ilin ilk günlərindən dilimizin inkişafı naminə
fədakar fəaliyyətə başlamışdır. O, Azərbaycan əhalisinin etnik-genetik tərkibini,
respublikanın milli ictimai marağını nəzərə alaraq elə bir “dil siyasəti” yürüdürdü
ki, həmin siyasətin ana məqsədi ana dilini daha da inkişaf etdirmək, cilalamaq,
müstəqil dövlət dilinə çevirmək, bunun üçün tələb olunan funksional-üslubi
imkanlara yiyələndirmək, müəyyən təcrübə qazandırmaq idi. Ədəbi və xalq danışıq
dilini dərindən bilən, bu dilin zəngin lüğət tərkibinə yaxşı bələd olan və
qrammatik imkanlarından fitri istedadı sayəsində səmərəli istifadə etməyi
bacaran Ümummilli Lider Heydər Əliyev yüksək səviyyəli yığıncaqlarda, müşavirələrdə
ana dilində etdiyi çıxışlarla həm özünə, həm də Azərbaycan dilinə böyük hörmət
və məhəbbət qazandırmışdı.
Ümummilli Lider doğma xalqının, dilinin
mənşəyi, formalaşması, sabitləşməsi kimi məsələlərə böyük həssaslıqla yanaşır,
bütün bunları elmi faktlarla əsaslandırır, Azərbaycan dilinə xalqımızın əvəzsiz
sərvəti, tarixi, mədəniyyəti kimi yanaşırdı. Xüsusilə gənclərlə görüşlərində bu
məsələləri ön plana çəkməsi Ulu Öndərin gələcəyin bünövrəsinin sağlam olması
istəyindən irəli gəlirdi.
Ulu Öndərin Azərbaycan dili tarixinə
töhfələrindən danışarkən bir mühüm faktı qeyd etməliyik. Bu 2001-ci il avqustun
9-da imzalanan “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi” haqqında
fərmandır. Fərmana uyğun olaraq hər il avqust ayının 1-i Azərbaycan
Respublikasında Azərbaycan əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.
Azərbaycan dili öz mahiyyətinə görə
dünyanın ən zəngin milli dillərindən biridir. Ümummili Liderimizin ölkəmizdə hər
zaman diqqətdə saxladığı “dil siyasəti” bugündə Prezidentimiz cənab İlham
Əliyev tərəfindən uğurla davam etdirilir və dilimizin qorunmasına, inkişafına
töhfələr verilir.
Sona Haxıyeva,
YAP Neftçala rayon təşkilatının fəal gənci
Digər xəbərlər