Konyada Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş olub
Avqustun 9-da Konya şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş olub.
MAYAKİNFO xəbər verir ki, Prezident İlham Əliyev V İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminə dəvətə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür etdi.
Türkiyənin dövlət başçısı da öz növbəsində dəvəti qəbul edib, tədbirdə iştirak etdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.
Dövlətimizin başçısı, eyni zamanda, İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkili ilə bağlı təbriklərini çatdırdı.
Söhbət zamanı ölkələrimiz arasında dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin bütün sahələrdə uğurla inkişaf etdiyi məmnunluqla vurğulandı.
Rəcəb Tayyib Ərdoğan Qarabağdakı son hadisələrlə əlaqədar bir daha Türkiyənin dəstəyini ifadə etdi və şəhidlərlə bağlı başsağlığı verdi.
Dövlətimizin başçısı dəstəyə və başsağlığına görə təşəkkür etdi.
Görüşdə bölgədə postmünaqişə dövrü ilə bağlı fikir mübadiləsi aparıldı, eyni zamanda, iqtisadi, enerji, nəqliyyat və hərbi sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu.
Digər xəbərlər