Türk dünyası birliyinə xidmət edən Azərbaycan Qazaxıstan əlaqələri bu gün yüksələn xətt üzrə inkişaf edir!
Siyasətçilər
tərəfindən Azərbaycan Orta Asiyanın Qərb dünyasına açılan “qapısı” olaraq dəyərləndirilir.
Orta Asiya dövlətləri arasında isə ən böyük beynəlxalq ticarət əlaqələri
Qazaxıstan dövlətinin payına düşür. Məlumdur ki, MDB-nin tərkib hissəsi olan
Qazaxıstan, öz təbii sərvətlərini-enerji məhsullarının əksər hissəsini dünya
bazarına Rusiya vasitəsilə həyata keçirir ki, artıq regionda dəyişən vəziyyət,
o cümlədən, Rusiya-Ukrayna arasında gedən müharibə, habelə, Rusiya və qərb dövlətləri
arasındakı gərginlik, qərbə, okeana birbaşa çıxışı olmayan Orta Asiya dövlətlərinə,
o cümlədən, Qazaxıstana bir çox maneələr yaradır. Dəyişən siyasi durum Qazaxıstanın
artıq alternativ yollardan istifadə etməsinə zərurət yaratmışdır. Əlbəttə ki, bu
istiqamətdə Qazaxıstanın çıxış yolu, illərdir dost və əməkdaşlıq etdiyi səmərəli
Azərbaycan alternatividir. Qeyd edək ki,
1996-cı ildən bəri Bakı-Ceyhan neft kəməri və digər nəqliyyat kommunikasiyası
vasitəsilə ölkəmiz Qazaxıstan üçün bu istiqamətdə qismən tranzit rolunu
oynamışdır. Məlumdur ki, Azərbaycanın Qazaxıstanla qədim köklərə uzanan tarixi,
min illiklərə dayanan əlaqələri vardır. Bu əlaqələr sovet hakimiyyəti dövründə
və postsovet dönəmində də davam və inkişaf etmişdir. İki ölkənin diplomatik əlaqələrinin
dost və qardaşlıq prinsipi əsasında
qurulması Ulu öndər Heydər Əliyev və Qazaxıstanın sabiq Prezidenti
Nursultan Nazarbayev tərəfindən həyata keçirilmişdir. Bu qarşılıqlı münasibət, sovet
hakimiyyətinin süqutundan sonra öz dövlət müstəqilliyini bərpa edən Azərbaycan
və Qazaxıstanın birgə əməkdaşlığı və əlaqələri, həmçinin, türk dünyasının hər
iki güclü liderlərinin timsalında türk qardaşlığı və türk xalqları birliyinə bünövrə, ilk təməlin töhfəsi
olmuşdur. Ölkə Prezidenti cənab İlham Əliyevin 2004-cü ildə Qazaxıstana ilk rəsmi səfəri zamanı Nursultan Nazarbayev, Azərbaycan
Prezidentinin güclü milli liderin layiqli davamçısı olduğuna, Azərbaycanın
regionda və dünyada mövqeyini gücləndirəcəyinətam inamını əminlikləbildirmiş,
bu fikirlərlədünya dövlətlərinə zəmanət mesajını ötürmüşdür. Avqustun 24-də Qazaxıstan
Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə səfərinin iki ölkə
arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə təsadüf etməsini türk
dünyası birliyinin, həmrəyliyinin daha da möhkəmlənməsi istiqamətində mesaj kimi
də dəyərləndirmək yerinə düşər. Bu həmçinin, Orta Asiya dövlətlərinin, xüsusən də,
Qazaxıstanın Azərbaycanla dövlətlərarası qarşılıqlı etimad və münasibətlərinin gələcək
perspektivindən vəbər verir. Qazaxıstan Prezidentinin Azərbaycana bu dəfəki səfəri,
müxtəlif sahələrə dair imzalanmış mühüm sənədlər, həyata keçirilmiş müzakirələr,
əldə olunmuş razılaşmalar və yüksək nəticələrə zəmanət verən görüşlərlə yadda qalmışdır.
Bu sənədlər arasında “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası
arasında 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında
Kompleks Proqram”ı və “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası
arasında strateji münasibətlərin möhkəmləndirilməsi, qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi
haqqında Bəyannamə” xüsusi yer tutur ki, bu da Azərbaycanla Qazaxıstan arasında
müttəfiqlik əlaqələri, ortaq məqsəd və hədəflər, strateji münasibətlərin möhkəmlənməsi,
iki dost ölkə arasında əməkdaşlığın gələcək birgə fəaliyyətinin səmərəli istiqamətləndirilməsinə
xidmət edəcəkdir. Burada enerji daşıyıcılarının dünya bazarlarına dəmir yolu, dəniz
nəqliyyatı, Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə nəqli marşrutlarının inkişafı,
eləcə də “Rəqəmsal İpək Yolu”, Asiyadan Xəzər dənizi ilə Avropaya qədər uzanan
genişzolaqlı fiber-optik kabellər şəbəkəsi Cənubi Qafqazda və Mərkəzi Asiyada
müasir rəqəmsal infrastrukturun yaradılmasına yönəlmiş proqram və layihələr yer
almışdır.Bəyannamədə həmçinin, böyük həcmli yükləri nəql etməyə imkan verən
müasir infrastruktur hesabına nəqliyyat-logistika imkanlarının daha sıx
iqtisadi inteqrasisıyanın təmin olunması, Orta Dəhlizin perspektivliyi, buraxıcılıq
qabiliyyətinin artırılması və bu önəmli bağlantının tərkib hissəsi olaraq ölkəmizin Şərqi
Zəngəzurla Naxçıvan Muxtar Respublikasının nəqliyyat bağlantısının vacibliyi xüsusi
qeyd edilmişdir. Tokayevin Bakiya rəsmi səfərində yadda qalan məqamlardan biri
də Qazaxıstan Prezidentinin Azərbaycana layihə hədiyyəsi olmuşdur. Torpaqlarımız
30 ilin erməni işğalından azad edildikdən sonra başda qardaş Türkiyə olmaqla, Qarabağ
Zəfərini bütün türk dünyasının ortaq qələbəsi hesab edən dost dövlətlər öz xoş
niyyətlərini və sevinclərini onun bərpasında
iştirak etməkdə görür, Qarabağın yenidənqurma işlərinə töhfə verməklə öz xoş niyyətlərini
bildirməyə çalışırlar. Artıq Qazaxıstan da bu qardaşlıq, əməkdaşlıq missiyasına
öz imzası ilə daxil oldu, Füzuli şəhəri ilə Qazaxıstanın şəhərindən birinin
qardaşlaşması və Qazax musiqiçisi Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin
tikilməsi ilə bağlı layihə Dövlət başçımıza təqdim edildi. Səfərin digər
yaddaqalan məqamlarından biri də qardaş ölkənin Prezidenti Kasım-Jomart Tokayev
tərəfindən cənab İlham Əliyevin Qazaxıstanın “Altın kıran”-“Qızıl qartal” ali
ordeni ilə təltif edilməsi olmuşdur. Qazaxıstan Prezidentinin bu jesti dövlətlərası
münasibətlərin, həmçinin, möhtərəm Prezidentimiz İlham Əliyevin bütün türk
dünyasında qalib sərkərdə, görkəmli şəxsiyyət, böyük dövlət xadimi və siyasətçi
olaraq tanınmasının və yüksək ehtirama sahib olmasının göstəricisidir. Bu gün Azərbaycan
və Qazaxıstan dövlətləri arasındakı əməkdaşlıq əlaqələri Türk xalqları birliyinə
xidmət edir və Azərbaycan öz iqtisadi yüksəlişi ilə türk dünyası birliyinə hər
zaman töhfə verəcəkdir.
Nəzakət Quluqızı;
Neftçala rayon sakini, ictimai fəal
Digər xəbərlər