İqtisadi-ticari münasibətlərin inkişafına da təkan veriləcək
Azərbaycanla
Qazaxıstan arasında sıx əməkdaşlıq münasibətlərinin yaranmasında geosiyasi amillərdən əlavə tarixi və etnik bağlılıq da rol oynamışdır.
Hər iki dövlət regional və beynəlxalq təşkilatlar çərçivəsində koordinasiyalı fəaliyyət
həyata keçirir. Hələ 2017-ci ildə Azərbaycan-Qazaxıstan münasibətlərindən danışan
Prezident İlham Əliyev qeyd etmişdi:”Ölkəmiz Qazaxıstana fəal sərmayə qoymağa
başlayıb və Aktauda logistik mərkəzinin açılışı və həmin şəhərdə
energetika-maşınqayırma zavodunun inşası bizim ticari-iqtisadi əməkdaşlığımızın
möhkəmlənməsinə yönəldilmiş investisiyalarımızın nümunəsidir. Qazaxıstan bazarı
bizim üçün böyük maraq doğurur. Biz Qazaxıstandan müasir nəqliyyat vasitələri
teplovozlar, elektrovozlar alırıq”. Artan iqtisadi münasibətlərin inkişafı
fonunda 2022-ci il avqustun 24-də Qazaxıstan Prezidenti Kasım Jomart Tokayevin
Bakıya səfəri və Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevlə görüşü siyasi gündəmi
zəbt edən əhəmiyyətli hadisə olaraq dünya mediasının diqqət mərkəzindədir.
Görüşün nəticəsi olaraq "Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası
arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin
dərinləşdirilməsi haqqında Bəyannamə"nin imzalanmasını mühüm hadisə
kimi dəyərləndirmək olar. Olduqca əlverişli
strateji mövqedə yerləşən və zəngin təbii sərvətləri, bol karbohidrogen
ehtiyatları ilə fərqlənən Qazaxıstanı öz nüfuz dairəsində saxlamağa cəhd edən
Rusiya, Çin, ABŞ kimi böyük güclər hazırda daha da fəallaşaraq niyyətlərini həyata
keçirmək üçün iqtisadi və siyasi təzyiq və digər vasitələrə əl atırlar.
Qazaxıstanın xarici siyasətinin hazırda qarşısında duran ən vacib məsələlərdən
biri ərazi bütövlüyü və suverenliyini qorumaq, yeni etibarlı tərəfdaş və müttəfiqlər
qazanmaq və enerji resurslarını aqlternativ təhlükəsiz yollarla dünya bazarına
nəql etməkdən ibarətdir. 20 ildir ki, Qazaxıstan neftinin böyük hissəsi boru kəməri
ilə Rusiyanın Novorossiysk limanına çatdırılır və buradan dünya bazarına nəql
edilir. Lakin Ukraynaya təcavüzü ucbatından dünya dövlətlərinin ciddi embarqosu
ilə üz-üzə qalan Rusiya, Qazaxıstana öz şərtlərini diqtə etmək məqsədilə
iqtisadi təzyiq vasitəsi kimi bu kəməri bağladı. Alternativ təhlükəsiz ötürücü
nəqliyyat qovşağının yaradılmasının qaçılmaz olması bir daha özünü göstərmiş
oldu. Qazaxıstan rəhbərliyi Trans-Xəzər
Beynəlxalq Nəqliyyat Marşrutunda Orta dəhliz ideyasına əməli olaraq üz tutmuş
oldu. Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkiyədən ibarət birgə platforma
olan orta dəhliz Rusiya və Belarusdan
keçən ənənəvi ixrac xəttinə alternativ olaraq nəzərdə tutulmuş şaxələndirilmiş
ixrac xətlərindən biridir. Azərbaycan
Respublikasının prezidenti İlham Əliyev
qazaxıstanlı həmkarı ilə mətbuata birgə bəyanatında qeyd etmişdir ki, gələcəkdə
Zəngəzur dəhlizi də həmin nəqliyyat marşrutunun tərkib hissəsinə çevriləcəkdir.
Qazaxıstan Prezidenti Tokayev öz açıqlamasında Azərbaycanın karbohidrogen
ehtiyatlarının daşındığı ixrac kəmərlərindən faydalanmaq niyyətində olduğunu
bildirdi. Qeyd edək ki, yükdaşımaların həcmini artırmaq və infrastrukturu təkmilləşdirmək
yönümündə Azərbaycan və Qazaxıstan limanlarının genişləndirilməsi, təchizatın
yaxşılaşdırılması, dərinləşdirilmə işlərinin aparılması bu niyyətin ciddiliyindən
xəbər verir. Çindən gətirilmiş konteynerlər Qərbi Avropaya ənənəvi yollarla
40-45 günə çatdırılırdısa, yeni marşrutla bu 14 sutkaya baş verir. Yüklər
Avropaya Qafqaz-Bakı-Xəzər dənizi vasitəsilə gətirilərsə daşımaların həcmi 6-7
milyard dollarlarla ölçüləcək. Onların
böyük hissəsi Bakıdan keçəcək
Mütəxəssislərin hesablamalarına görə bu daşımalar Azərbaycana 500-600 milyon dollar həcmində gəlir gətirəcəkdir. Burada çox böyük potensialın olması göz qabağındadır. Orta Dəhliz çox böyük perspektivə malikdir və əlbəttə, bu layihənin həyata keçirilməsində Qazaxıstanın və Azərbaycanın çox mühüm rolu var.
Prezidentlər İlham Əliyev və
Kasım Jomart Tokayevin imzaladıqları sənəd
tarixi ənənələrə əsaslanan əlaqələrin
yeni müstəvidə müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyətə malikdir.
Prezidentlərin Bakı görüşü qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın gələcəkdə
inkişafı və möhkəmlənməsi baxımından türkdilli dövlətlər arasında da yeni səhifə
açacaqdır.
Firdovsi Tağıyev ,
YAP Neftçala rayon təşkilatının fəal üzvü
Digər xəbərlər