Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan MR-də sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və tərəqqinin əldə olunması üçün əhəmiyyətli tədbirlər görüldü

2022-09-02 Baxış: 449
img

     Xoşbəxt o xalqdır ki, ən çətin zamanında onun xilaskarı olur. Vətənin ən çətin zamanında xalqının xilasına yetişən kəs isə bəşəriyyət boyu öz xalqının tarixində əbədi qalır. Elə Ulu Öndər Heydər Əliyev kimi.

     Naxçıvan 1990-cı illərin əvvəli... Olduqca çətin bir zaman, həm iqtisadi cəhətdən , həm də siyasi. Bir tərəfdən sovetlərin dağılması ilə əlaqədar ölkənin müstəqillik ərəfəsində yaşadığı çətin bir dönəm, digər tərəfdən zəncir kimi bir-birinə bağlanmış müstəmləkə iqtisadiyyatının qırılması, çökməsi, başqa bir tərəfdən dövlətə rəhbərlik edənlərin laqeydliyi. Bunlar azmış kimi düşmən qonşunun aramsız hücumları da vətənimizi olduqca çətin bir vəziyyətə gətirib çıxarmışdı. Bütün bunların fonunda Naxçıvan vilayəti də özünün ən gərgin çağlarını yaşayırdı. Blokada şəraiti bu qədim vilayətimizi çıxılmaz duruma salmışdı. Məhz bu zaman Heydər Əliyev doğma Naxçıvana qayıdır. Şəxsən M.Qorbaçovun anti-azərbaycan siyasətinə etiraz edərək 20 Yanvar hadisələrində günahkarları birbaşa ithham edərək vətənə qayıdan Ulu Öndər bir müddət Bakıda yaşasa da Naxçıvana gəlir. Həm Azərbaycanın, həm də Naxçıvanın ağır vəziyyəti, daxili və xarici təhlükələrin artması təxirəsalınmaz qərarlar qəbul edilməsini, tədbirlər görülməsini vacib etmişdi. Heydər Əliyev bu tədbirləri öz məqamında verə bilməsi ilə Naxçıvanın problemlərini azaltmış oldu.  1990-cı ilin sentyabr ayında Heydər Əliyev Azərbaycan və Naxçıvan Ali Sovetinə deputat seçildi. Ulu Öndərin təşəbbüsü ilə Naxçıvan Ali Soveti 1990-cı il noyabrın 17-də keçirilən iclasda Naxçıvan MSSR-in adından “Sovet Sosialist” ifadəsini götürdü. Ali Sovet isə Naxçıvan Ali Məclisi adlandı. İlk dəfə 20 Yanvar hadisələrinə hüquqi siyasi qiymət verildi. AXC-nin üçrəngli bayrağı Naxçıvan MR-nın rəsmi bayrağı kimi qəbul olundu. Məhz bundan sonra rəsmi Bakı da adekvat addımı atdı.

      1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri seçildi. Heydər Əliyevin buradakı rəhbərliyi olduqca çətin bir şəraitdə idi. Ermənistan Naxçıvana gedən yolları kəsərək onu blokada saxlayırdı. Heydər Əliyev Türkiyə və İranla əlaqələr yaradaraq Naxçıvanı mövcud vəziyyətdən çıxarmağa çalışırdı. 1992-ci ilin mart ayında Heydər Əliyevin Süleyman Dəmirəllə görüşündən sonra Türkiyə Naxçıvana ərzaq, toxum, avadanlıq göndərdi. Enerji çatışmazlığını aradan qaldırmaq üçün Naxçıvan MR Türkiyənin elektrik şəbəkəsinə qoşuldu. 1992-ci ilin mayında Türkiyə ilə sərhəddə Sədərək-Dilucu “Ümid” körpüsü açıldı. Heydər Əliyev İranla da danışıqlar aparır Naxçıvan üçün lazımı imkanlar yaradırdı.  Bu danışıqlar sayəsində yeni razılaşmalar əldə edilərək Naxçıvanla İranı birləşdirən yeni körpü açıldı və İrandan elektrik enerjisi alınmağa başlanıldı.

     Ümumilli liderin Rusiya Federasiyasının Müdafiə Nazirliyi, Cənubi Qafqaz Dairəsinin rəhbərliyi ilə apardığı danışıqlar nəticəsində Naxçıvanda yerləşən 75-ci diviziyasının ləğv edilməsi və onun bütün əmlakının Azərbaycan Respublikasına verilməsi haqqında razılıq əldə edildi. Bu razılıq sadəcə sözdə deyildi, onun şərtləri 1992-ci ilin yayında həyata keçirildi. Əldə olunanlarla Naxçıvanda Azərbaycan Müdafiə Nazirliyinin Əlahiddə Motoatıcı Briqadası yaradıldı. 75-ci rus diviziyasının bütün əmlakı öz  Müdafiə Nazirliymizin hərbi hissələrinin sərəncamına verildi. Artıq avqust ayında rus hərbi dəstələri Naxçıvandan tamamilə çıxarılmışdı. Bu addım artıq müstəqilliyin Naxçıvanda tamlığını sübut edən bir siyasət idi. Rusiya ordusunun Naxçıvanı tərk etməsi ilə bağlı Ulu Öndər qeyd edirdi ki, “ Yadda saxlamaq lazımdır ki, Sovet ordusu və onun hərbi texnikası keçmiş İttifaqın bütün respublikalarının xərci ilə yaradılmış və saxlanılırdı. Ona görə də hərbçilərdən olan silahlar, hərbi texnika və avadanlıq onların yerləşdiyi hər bir respublikanın payına düşməlidir. Biz muxtar respublikadan silahların, hərbi texnikanın və avadanlığın aparılmasına heç cür yol verə bilmərik”.

     Bütün bunlarla yanaşı Ulu Öndər sərhədlərimizin də öz hərbiçilərimizə təhvil verilməsi uğrunda çalışırdı. Həm də söhbət qardaş Türkiyə ilə sərhəddən gedirdisə Heydər Əliyev bu məsələyə çox ciddi yanaşır. Eyni zamanda İranla olan sərhədlərimizlə də eyni addım atılırdı. Azərbaycan Respublikası ilə İran və Türkiyə arasında – Naxçıvan ərazisindəki 215 km məsafədə olan sərhədlərimizin müdafiəsi Azərbaycan hərbçilərinə verilməsi razılaşdırıldı. Bu razılaşma ilə bağlı olaraq sentyabrın sonunda Rusiya sərhəd dəstəsinin sonuncu dəstələri Naxçıvan sərhədlərini tərk edərək buranı Azərbaycan Respublikasının Sərhəd Qoşunlarının 1-ci Sərhəd Dəstəsinə təhvil verdi. Bununla da Azərbaycan sərhədləri ilk dəfə olaraq məhz Naxçıvanda öz hərbiçilərimiz tərəfindən qorunmağa başladı. Vətən sərhədləri məhz Heydər Əliyev siyasəti nəticəsində öz qoşunlarımıza əmanət olundu.

     Azərbaycanda baş verən proseslər yeni bir qurumun, partiyanın yaradılmasını zəruri etmişdi. Buna görə də Ulu Öndər 1992-ci ilin noyabrında Yeni Azərbaycan Partiyasını yaratdı. Bu partiyanın proqramı birbaşa Azərbaycan Respublikasının yenidən qurulmasını, inkişafını, qorunmasını qarşısına məqsəd qoymuşdu. Heydər Əliyev bu partiya haqqında qeyd etmişdir ki, “ Yeni Azərbaycan Partiyası parlament tipli partiyadır və qəbul etdiyi proqramına uyğun olaraq aşağıdakıları özünün məqsədləri hesab edir:

 Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, milli, dini və dil mənsubiyyətindən aslı olmayaraq, bütün vətəndaşların bərabər hüquqlara malik olduğu sivilizasiyalı, demokratik, hüquqi dövlət yaradılması. Lakin ön planda Azərbaycanın qarşısında duran ən mühüm və təxirəsalınmaz problemlərin həlli dayanır- hər şeydən əvvəl, respublikanın genişmiqyaslı xarakter almış müharibə vəziyyətindən çıxarılması. Qarabağ probleminin həll olunması, habelə ağır sosial-iqtisadi böhranın dəf edilməsi”.

     Göründüyü kimi Yeni Azərbaycan Partiyası dövlətimizin əsas problemlərini və yükünü öz nizamnaməsində, məqsədində əks etdirirdi və bu günə qədər də həyata keçirməyə davam edir.

     Ümumilikdə Heydər Əliyevin həyat məqsədi, yaşamı Azərbaycan xalqının xilasına yönəlmişdi, inkişafına istiqamətlənmişdir. Biz bunu onun bütün həyat boyu həyata keçirdiyi hər bir işində, yaşadığı hər bir günündə şahidi oluruq. O xalqın böyük bir sərkərdəsi olaraq öz üzərinə düşən missiyanı gözəl anlayır və həyata keçirmişdi. 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev andiçmə mərasimində qeyd etdiyi kimi: “ ... Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşayır. Məhz bu dövrdə mənim üzərimə qoyulan bu vəzifənin məsuliyyətini dərindən dərk edirəm və əmin etmək istəyirəm ki, bütün fəaliyyətimi, bütün həyatımı bu etibarı doğrultmaq, xalqın ümidlərini doğrultmaq kimə həsr edəcəyəm...”

      Fəaliyyəində bütün bunları hər an yerinə yetirən Ulu Öndər bu gün dünyaya inkişaf etmiş, tanınmış bir Azərbaycan miras qoyub getdi. Əmin əllərdə, bütöv ərazidə, Dəmir Yumruq ətrafında Azərbaycan Ulu Öndər vəsiyyətinin və nəsihətinin nəticəsində ucalmış dövlət oldu.


Vüqar Dadaşov,

YAP Neftçala rayon təşkilatının sədr müavini