Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan BMT Təhlükəsizlik Şurasının ölkəmizlə bağlı yerinə yetirilməyən 4 qətnaməsini təkbaşına icra etdi!
2022-09-26
Baxış: 338
Azərbaycan xalqı tarix boyu sülhsevər, qəhrəman bir xalq kimi tanınmış, Azərbaycan dövləti isə qonşu dövlətlərlə dostluq, əmin – amanlıq şəraitində yaşamaqla, bu dövlətlərlə mehriban münasibət qurmuş, hətta çətin zamanlarda bu dövlətlərdən öz köməyini, dəstəyini əsirgəməmişdir. Ancaq sonradan tarixi torpaqlarımıza köçürülməklə, əzəli yurdlarımızda havadarları tərəfindən qondarma dövlətləri yaradılmış mənfur qonşularımız olan ermənilən xalqımıza qarşı düşmənçilik siyasəti təxminən 200 ildir ki, davam edir. Həyata keçirilmiş mənfur planla paralel olaraq tarixi Azərbaycan torpaqlarından xalqımızın deportasiyası başlamış, insanlarımız soyqırıma məruz qalmışdır. Ermənilər xalqımıza qarşı düşmənçilik niyyətlərini həm də xalqımızın yaşı min illərlə hesablanan maddi- mədəniyyət nümunələrini məhv etmiş, onların izlərini silməyə çalışmış, buna nail olmadıqda isə həmin maddi-mənəvi abidələrin “qədim erməni” abidələri olması barədə saxta tarix yazaraq dünya ictimaiyyətini inandırmağa çalışmışlar. XX əsr xalqımızın başına gətirilmiş kütləvi qırğınlarla, yerini – yurdunu tərk etmələri, sürgünlük taleyi yaşamaları ilə tarixə düşmüşdür. 1905-1907, 1914-1916, 1918-1920, 1948-1953, 1988-1994-cü illərdə baş vermiş fəlakətlər erməni vəhşiliyinin, erməni vandalizminin bariz nümunəsidir. Əlbəttə ki, bu siyahıya 30 ilə yaxın müddətdə işğalı da qeyd etsək məkrli, vandal, xain, terrorçu toplumun iş üzünü aydın görmək olur. Təəsüflə deməliyik ki, müasir tarixdə baş vermiş bu hadisələr məhz, dünya ictimaiyyətinin gözləri önündə baş verib. Ancaq “demokratiya carçıları” nədənsə buna susub, münasibət bildirməyib, hətta bir az da irəli gedərək, olanlara haqq qazandırmağa çalışıb. Həmin müddətdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı soyqırıma məruz qalıb, yaşadıqları yerlərdən qovularaq deportasiya olunublar. Bizimlə yanaşı dünya erməni vəhşiliyinin, vandalizminin acı nəticələrini torpaqlarımız işğaldan azad edildikdən sonra daha aydın şahidi oldu. BMT Nizamnaməsinin 51-ci maddəsinə görə, hər hansı dövlət beynəlxalq öhdəliklərini yerinə yetirmədiyi və başqa dövlətin ərazisini işğal etmək üçün hərbi qüvvədən istifadə etdiyi hallarda təcavüz qurbanına özünü fərdi və ya kollektiv şəkildə müdafiə etmək hüququ verilir. Beləliklə, Ali Baş Komandanın rəhbərliyi altında Müzəffər Ordumuz BMT Təhlükəsizlik Şurasının yerinə yetirilməyən 4 qətnaməsini təkbaşına icra etdi. Cənab İlham Əliyevin diplomatik sahədə apardığı mübarizə, ətrafında xalqı və ordunu birləşdirməsi, bu mübarizədə qələbə qazanmağımıza öz töhfəsini verdi. Beləliklə, Azərbaycan bir dövlət olaraq “Qarabağ münaqişəsi”nin həllinə öz gücü ilə nail oldu. Ölkəmiz 44 günlük Vətən Müharibəsi dövründə Ermənistan ordusunu darmadağın edərək onu kapitulyasiya aktına imza etməyə məcbur etdi. 27 sentyabr Azərbaycan xalqının təkcə anım günü deyil, bu həm də işğal altında olan ərazilərimizin geri qaytarılması ümidlərinin başlanğıcıdır. Bu tarix yüz illərlə parçalanmış ruhumuzun özünə dönməsi günüdür. 27 sentyabr insanların milli vəhdətinin təmin olunduğu bir gündür. Ali Baş Komandanın ətrafında yumruq kimi birləşən xalq, nəhayət ki, bu gündən başlayaraq tarixi ədaləti bərpa etdi. Azərbaycan öz ərazi bütövlüyünə qovuşdu. Azərbaycan Ordusu bütün dünyaya nəyə qadir olduğunu nümayiş etdirdi. Bu qələbə təkcə Azərbaycanın deyil bütün türk dünyasının qələbəsi idi.
Nənəqız Abdullayeva;
Neftçala rayon sakini, müəllim
Digər xəbərlər
2021-11-04
2023-04-18