Azərbaycanın artıq heç bir vasitəçiyə ehtiyacı yoxdur.

2022-10-09 Baxış: 338
img
Uzun illər ərzində işğalçılıq siyasəti yürüdən Ermənistanın əsas hədəfi Azərbaycanla danışıqlar prosesini sonsuz etmək idi. Məhz buna görə danışıqlar heç bir nəticə olmadan 28 il davam etdi. BMT, ATƏT kimi aparıcı beynəlxalq təşkilatların və digərlərinin Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamə və qərarlar qəbul etməsinə, xüsusilə BMT Təhlükəsizlik Şurasının 30 il ərzində kağız üzərində qalan 4 qətnaməsinə və Ermənistana sanksiyalar tətbiq etməklə bağlı bütün müraciətlərə baxmayaraq rəsmi İrəvan öz işğalçı siyasətindən əl çəkmədi. Təəssüf ki, Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində icra olunsa da, Azərbaycanla bağlı qəbul edilmiş qətnamələr uzun illər icra olunmadı.
Torpaqlarımızın işğalı nəticəsində 1 milyondan çox vətəndaşımız öz doğma yurd-yuvalarından didərgin düşdü, kəndlərimiz, şəhərlərimiz talan edildi. Xocalı soyqırımı, Ağdaban və digər kimi insanlığa qarşı faciələr törədildi. Azərbaycan xalqının haqq səsinə təəssüf ki, yetərincə haray verilmədi. Beynəlxalq ictimaiyyət Azərbaycan xalqının humanitar fəlakətinə göz yummağa qərar verdi. Ən çox təəssüf doğuran odur ki, ATƏT-dən mandatı olan Minsk Qrupu adlandırılan struktur və onun həmsədrləri işğal olunmuş ərazilərə dəfələrlə səfərlər edib, bütün şəhər və kəndlərin qəddarcasına dağıdılmasının, erməni vandallığının şahidi olublar, lakin Ermənistanı qınamayıblar, Ermənistan dövləti qarşısında heç bir tələb qoymayıblar.
 Və nəhayət Cənab Ali Baş Komandanın dediyi kimi “Azərbaycan Qarabağ münaqişəsini özü hərbi-siyasi yolla həll edib və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin edib.” Ona görə də Azərbaycanın artıq heç bir Beynəlxalq təşkilatın vasitəçiliyinə ehtiyacı yoxdur. Onların bu vaxta qədər etməli olduqlarını Azərbaycan özü təmin etmişdir.
  10 min kvadratkilometrdən çox ərazinin Ermənistan tərəfindən dağıdılmasına baxmayaraq, insanlarımızın çəkdiyi zülmlərə baxmayaraq, biz yenə də Ermənistana sülh təklif etdik. Azərbaycan sülh müqaviləsi üçün əsas olan beynəlxalq hüququn beş əsas prinsipini irəli sürdü: ölkələrin ərazi bütövlüyünün qarşılıqlı tanınması, gələcəkdə ərazi iddialarından çəkinmək, güc tətbiq etməmək və ya güc tətbiq etmək hədəsindən çəkinmək, dövlət sərhədlərinin müəyyən edilməsi və kommunikasiyaların açılması;
Azərbaycan xalqının iradəsini, ordumuzun qüdrətini, dövlətimizin potensialını Ermənistan düzgün qiymətləndirməlidir, tezliklə vaxt itirmədən sərhədlər müəyyənləşdirilməli və sülh müqaviləsi imzalanmalıdır, əks təqdirdə......

Vüqar Dadaşov,

YAP Neftçala rayon təşkilatının sədr müavini