Azərbaycandan çox böyük potensiala malik Şimal-Cənub dəhlizi də keçir.

2022-10-18 Baxış: 336
img

            Möhtərəm prezidentimiz cənab İlham Əliyev cari ilin 11 oktyabr tarixində Qırğızıstan səfəri zamanı iştirak etdiyi görüşlərdə sosial-iqtisadi, siyasi, mədəni və bir sıra digər məsələlərə toxundu. Çıxışları zamanı O, Azərbaycanın Asiya və Avropa üçün müxtəlif cəhətlərdən  əhəmiyyətini  sübut edən faktlara istinad etdi. Cənab prezident öz çıxışları zamanı Azərbaycanın nəqliyyat dəhlizi baxımından əhəmiyyətini də xüsusi vurğuladı ki, bu dəhlizlərdən biridə çox böyük potensiala malik Şimal-Cənub dəhlizidir.

          2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında "Şimal-Cənub" nəqliyyat dəhlizinin təməli qoyulub. Azərbaycan bu Sazişə 2005-ci ildə qoşulub. Ümumilikdə 13 ölkə sözügedən Sazişi ratifikasiya edib (Azərbaycan Respublikası, Belarus Respublikası, Bolqarıstan Respublikası, Ermənistan Respublikası, Hindistan, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Oman Sultanlığı, Rusiya Federasiyası, Tacikistan Respublikası, Türkiyə Respublikası, Ukrayna). Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır (hazırkı marşrut üzrə çatdırılma vaxtı 6 həftədən artıqdır, "Şimal-Cənub" vasitəsilə 3 həftə olması gözlənilir). Dəhliz Şimali və Qərbi Avropa – Rusiya Federasiyası, daha sonra üç istiqamətdə nəzərdə tutulu. Onlar aşağıdakılardır:

·         Qafqaz – Fars körfəzi (Qərb marşrutu);

·         Mərkəzi Asiya – Fars körfəzi (Şərq marşrutu);

·         Xəzər dənizi – İran İslam Respublikası – Fars körfəzi (Mərkəzi marşrut).

            “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında" Azərbaycan Respublikası Prezidenti 7 dekabr 2015-ci il tarixli Sərəncam imzalamışdır. Həmin sərəncam əsasında  Astara (AR) – Astara (İİR) dəmir yolu xəttinin Astaraçay üzərindəki körpüyə qədər 8,3 km yeni yol tikilmiş, Astaraçay üzərində dəmiryol körpüsü inşa olunmuş, Astaraçay üzərində dəmiryol körpüsündən İran İslam Respublikası ərazisində tikilmiş yük terminalına qədər 1,4 km yol çəkilmişdir.

         Azərbaycan tərəfi Astarada (İran) 35 hektar ərazidə dəmir yolu stansiyasının tikintisi və yüklərin boşaldılması üçün terminalların inşasını davam etdirir. Dəhliz çərçivəsində Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsi ilə birləşdirilməsi üçün 6 mart 2019-cu il tarixində Qəzvin – Rəşt (175 km) sahəsinin rəsmi açılış mərasimi keçirilib.

28 mart 2018-ci il tarixində İran İslam Respublikası Prezidentinin Azərbaycana səfəri çərçivəsində “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında İran İslam Respublikası ərazisində Astara – Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi haqqında Saziş” imzalanıb.

 Dəhlizlə ilkin olaraq il ərzində 5 mln. ton yükün daşınması, gələcəkdə isə 10 mln. tona qədər artırılması planlaşdırılır.

 

Vüqar Dadaşov,

YAP Neftçala rayon təşkilatının sədr müavini