Bütün yollar Azərbaycanda birləşir

2022-10-21 Baxış: 446
img

Son illər dünyanın hər yerində beynəlxalq yükdaşımaları sahəsində rəqabət daha da yüksəlib. İllər öncədən Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas məqsədlərdən biri də ölkəmizin tranzit mərkəzinə çevrilməsini tam təmin etmək olmuşdur.

Tarixi "İpək yolu”nun keçdiyi Azərbaycanın yerləşdiyi ərazi bütün dövrlərdə Avropa və Asiyanı, ən uzaq dövlətləri birləşdirən, strateji ticari-iqtisadi dəhlizlərin qovuşduğu məkanlardan biri olub. İndinin özündə də Azərbaycan bir sıra ətraf ölkələrlə müqayisədə təbii üstünlüklərə malikdir. Belə ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin ən əlverişli kəsişməsində yerləşir və bu baxımdan, geostrateji mövqeyə malikdir. Bunu nəzərə alaraq ölkəmizdə nəqliyyat infrastrukturunun inkişafı, tranzit potensialının artırılması istiqamətində bir sıra irimiqyaslı layihələr həyata keçirilib Bakıda və ölkənin digər regionlarında beynəlxalq hava limanlarının, beynəlxalq əhəmiyyətli avtomobil yollarının tikintisi, dəmir yolu xətlərinin və təyyarə parkının yenilənməsi xarici iqtisadi əlaqələrin genişlənməsində mühüm rol oynayır. Bunlar Azərbaycanın tranzit potensialını və tranzit daşımalarında iştirak imkanlarını genişləndirir.  Son illərdə Azərbaycanda nəqliyyat sektoruna qoyulmuş böyük investisiyalar sayəsində müasir nəqliyyat və logistika infrastrukturu yaradılmışdır. Azərbaycanın ən mühüm coğrafi üstünlüklərindən biri tarixi "İpək yolu”nun üzərində yerləşməsidir. Bu imkandan uğurla yararlanan Azərbaycan tranzit imkanlarını artırmaqla digər dəhlizlərlə müqayisədə yüklərin daha sürətli, səmərəli və təhlükəsiz daşınmasını təmin edir. Bununla əlaqədar olaraq Azərbaycanın təşəbbüsü və fəal dəstəyi ilə inşa olunan və 2017-ci ildə istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti həm ölkəmizin tranzit imkanlarını artırıb, həm də Avropadan Asiyaya və əksinə yük daşımaçılığında yeni keyfiyyət mərhələsinin əsasını qoyub. Tarixi "İpək yolu”nun bərpası çərçivəsində nəqliyyat infrastrukturunun təkmilləşdirilməsində böyük addım olan bu layihə Prezident İlham Əliyevin böyük siyasi iradəsi nəticəsində uğurla reallaşması Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yeni səviyyədə inkişafına şərait yaradıb. Ən əsası bu dəmir yolu bağlantısı daşımaçılıqda yeni mərhələnin başlanması deməkdir. Çünki iqtisadi baxımdan səmərəli, dayanıqlı, təhlükəsiz və ekoloji normalara tam cavab verəcək BTQ dəmir yolu xətti "Şərq-Qərb nəqliyyat dəhlizi”nin əsas elementlərindən olmaqla Cənubi Qafqaz, eləcə də bütövlükdə Avrasiyada ticarət-iqtisadi münasibətlər sahəsində sıx əməkdaşlığa, regionda sosial-iqtisadi artımın sürətlənməsinə, eləcə də ölkələrin qlobal səviyyədə əməkdaşlığının genişlənməsinə böyük töhfə verir. Azərbaycanın iştirak etdiyi nəqliyyat dəhlizlərindən biri "Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi”dir. Ölkəmizin tranzit potensialının artırılması istiqamətində görülən işlər bu nəqliyyat dəhlizinin Azərbaycandan keçən hissəsində işlərin son illərdə daha sürətlə həyata keçirilərək başa çatdırılmasını təmin edib. İki il əvvəl Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tam istifadəyə verilməsi isə Asiya ilə Avropanın, Şimalla Cənubun, Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycanın nəqliyyat dəhlizi kimi önəmini daha da artırdı. Beləliklə, bu gün Azərbaycan özünü təkcə neft və qaz ixrac edən ölkə kimi deyil, həm də beynəlxalq nəqliyyat qovşağı və logistika mərkəzi kimi təqdim edir.

 Vətən müharibəsində qazandığımız tarixi qələbə ölkəmiz  üçün yeni inkişaf perspektivləri açmaqla yanaşı, həm də onun dünyadakı siyasi çəkisini daha da artırdı. Nəqliyyat sahəsində əldə edəcəyimiz yeni Zəngəzur dəhlizi ölkəmizə böyük imkanlar qazandıracaq. Çinin  Avropa ilə mal mübadiləsində yeni yollardan biri olan “Şərq-Qərb” nəqliyyat dəhlizinə hazırda böyük əhəmiyyət verilir. Bütün bunlar bir daha onu göstərir ki, cənab prezidentin dediyi kimi "Azərbaycan etibarlı tranzit ölkəsi kimi dünya arenasında özünü təsdiqləyib”

Aqşin Hüseynov,

YAP Neftçala rayon təşkilatı

Ərazi Partiya təşkilatının sədri