Rəsmi İrəvanın kapitulyasiya aktı və üçtərəfli bəyanat

2022-11-05 Baxış: 369
img

1991-ci ildə müstəqil  olduqdan sonra  Ermənistan dövlətinin xarici siyasətində diqqəti cəlb edən əsas cəhət Avropa, İran, Rusiya, ABŞ kimi güc mərkəzlərində nüfuzlu  siyasiləri və insan hüquqları ilə məşğul olan beynəlxalq təşkilatları, lobbi qruplarını müxtəlif vasitələrlə ələ alıb əzabkeş və zavallı cildinə girmiş erməni müstəsnalığını təbliğ etmək, qondarma soyqırımın tanınmasına nail olmaq, Azərbaycandan ərazi qoparmaq cəhdlərindən ibarət olmuşdur. Bu dövlət heç vaxt müstəqil siyasət yürütmək iqtidarında olmamamış, klassik forpost və mariopnetka rolunda bir əlaltı kimi çıxış edərək ağalarının dəstəyi ilə münaqişəni 30 il müddətində uzatmağa nail olmuşdur. Vətən müharibəsində rüsvayçı məğlubiyyətə uğramış  Ermənistan imzalamağa məcbur olduğu təslimçi kapitulyasiya aktının  bütün maddələrini yerinə yetirmək öhdəliyi götürmüşdür. Təəsüf  ki, erməni silahlı quldur dəstələrinin Qarabağdan qeyd-şərtsiz çıxarılmasını tələb edən maddənin  hələ də yerinə yetirilməməsi əlavə gərginlik yaradır.  Rusiya dövləti isə gərginliyin saxlanmasını  regionda öz mövcudluğunun əsas şərti hesab edir.                                                                                             

Bir neçə gün əvvəl Valday klubunda Rusiya Prezidenti Putinin Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş pozucu fikirləri 2022-ci il 24 fevral tarixli müttəfiqlik müqaviləsinə ziddir. Rusiya siyasi dairələri Cənubi Qafqazda sülh prosesində Avropa və ABŞ-ın hər hansı bir iştirakını son dərəcə qısqanclıqla qarşılayır və bu bölgədə yalnız Rusiyanın hegemon mövqeyini qəbul edir. Brüssel və Praqa görüşlərində əldə olunmuş müsbət razılaşmaların üstündən xətt çəkmək və prosesdə Rusiyanın dominantlığını nümayiş etdirmək məqsədilə Rusiya ərazisində nəticəsiz görüşlər təşkil edilir.                                                                                                               Oktyabrın 31-də növbəti görüş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə Rusiyanın Soçi şəhərində baş tutub.  Danışıqlardan sonra liderlər tərəfindən birgə bəyanat qəbul edilib.                                                Yekun bəyanata diqqət yetirdikdə asanlıqla görmək olar ki, Azərbaycan Respublikası Prezidentinin qabaqcadan qeyd etdiyi kimi Qarabağ münaqişəsi kontekstində  müzakirə olunacaq heç nə yoxdur, bu məsələ artıq tarixə çevrilmişdir.                                                                                                         Yekun Bəyanatda Azərbaycanın ərazi bütövlüyü bir daha təsdiqlənmişdir. Qarabağ və orada yaşayan erməni əhalinin “statusu”ndan erməni tərəfin təkidlərinə baxmayaraq bir kəlmə də bəhs olunmur. Məntiqlə Qarabağın dağlıq hisəsində  baş verəcək hər şey Azərbaycanın daxili işidir. Putinin elan etdiyi kimi Bakı və İrəvan arasında sülh sazişinin bağlanması üzrə işlər intensivləşəcək (İlham Əliyevin təklif etdiyi beş prinsip əsasında). Bəyanata görə Rusiya Cənubi Qafqaz regionunda sülhün əldə olunmasında əsas rol oynayan dövlət  və Ermənistan-Azərbaycan münasibətlərinin yumşalmasında moderator mövqeyini qoruyur.

 Bir çox erməni ekspertlər Soçidə qəbul olunmuş üçtərəfli bəyanatda qondarma “Dağlıq Qarabağ”ın adının çəkilməməsi, öz müqəddəratının təyin etmə hüququnun qeyd edilməməsi (Düşmən tərəf 30 ildən çoxdur ki, bu hüququ prioritet olaraq irəli sürür) və Azərbaycan Silahlı Qüvvələrinin guya Ermənistanın suveren ərazisində olmasına dair iddianın öz əksini tapmamasını nəticə etibarı ilə Ermənistan tərəfi üçün ciddi uğursuzluq hesab edirlər.

Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin Soçidəki üçtərəfli görüşündə əldə olunmuş razılaşmaların xalqımız üçün mühüm olan nəticələrindən biri həm də odur ki, bu ilin yanvarında Moskvada keçirilən ilk görüşdə olduğu kimi, Prezident İlham Əliyev Soçi  görüşündə də müzakirə olunan bütün məsələlərlə bağlı Azərbaycanın maraq və mənafelərini qətiyyətlə təmin etmişdir.

Azərbaycan dövləti erməni faşizminin başını əzməklə regionun iqtisadi inkişafına təkan verə biləcək böyük layihələrin təməlini qoymuşdur. Erməni qaragüruhçuları və regiondakı destruktiv qüvvələrin işinə yarayacaq, 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatda düşmən tərəfin öz  öhdəliklərindən yayınmaq, vaxt udmaq üçün istifadə edə biləcəyi heç bir yeni mövqe və ya fikir rəsmi Bakı tərəfindən heç vaxt qəbul edilməmişdir. Münaqişənin lap əvvəlindən Azərbaycanın ərazi bütövlüyü danışıqlar stolunda ümumiyyətlə müzakirə mövzusu olmamışdır və bu xətt indi də uğurla davam etdirilir.

Qalib Azərbaycan Ordusu Vətən müharibəsindəki şanlı Zəfəri ilə erməni faşizmi və şovinizminə güclü zərbə vurararaq Cənubi Qafqaz regionunda tamamilə yeni siyasi-iqtisadi vəziyyətin yaranmasına səbəb olmuşdur. Bu yeni reallıqlardan çıxış edən Azərbaycan dövlətinin qarşısında duran əsas məsələ yaxın gələcəkdə Ermənistan da daxil olmaqla regionun inkişafına xidmət edən iqtisadi-texniki potensialı hərəkətə gətirmək, yeni , daha müasir logistik sistemin yaradılmasını, kommunikasiyaların açılmasını, sülhü və təhlükəsizliyi təmin etməkdən ibarətdir.

 

Firdovsi Tağıyev

YAP Neftçala rayon təşkilatının fəal üzvü, ziyalı