Tarixi Qələbənin təqvimi: 8 noyabr: Şuşa şəhəri

2022-11-09 Baxış: 299
img

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən aparılan məqsədyönlü işlər, yürüdülən uzaqgörən siyasət, xüsusilə ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər öz bəhrəsini verdi.Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı torpaqlarımızın işğaldan qurtarılması, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün Vətən müharibəsinə başladı. Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı səfərbər və həmrəy oldu.

​ ​ ​ ​ ​ 44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi. Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdilər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edildi.

​ ​ ​ ​ ​ Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi, Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur etdi. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı.

44  günlük Vətən müharibəsini süjet xətti üzrə incələsək, açıq-aydın görərik ki, 8 noyabr tarixi  Şuşanın işğaldan azad olunması müharibənin finalını, düşmənin məğlubiyyətinin ekspozisiyasını tam təmin etdi. Şuşanın mənfur ermənilərdən azad olunması ilə düşmənin kapitulyasiya aktına imza atması, həm ordumuzun mənəvi gücünün, həm də Ölkə rəhbərinin siyasi qələbəsinin əyani təzahürü idi. 8 noyabr, Ölkə Prezidentinin xalqımıza Şuşanın azad olunması müjdəsini verən zaman söylədiyi fikirlər hər bir azərbaycanlının qürurla dinlədiyi ən xoş sözlər idi: “Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda, bəlkə də, ən xoşbəxt günlərimdən biridir. Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Əziz Şuşa, sən azadsan! Əziz Şuşa biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” Ölkə rəhbərinin qeyd etdiyi kimi, o gün hər bir azərbaycanlının ən xoşbəxt günü idi. O gün Şuşalılar, nəhayət ki, 28 il didərgin düşdükləri doğma ocaqlarına qayıda biləcəkdilər və doğma ocağın istisinə isinib ölkə rəhbərliyinin göstərişlərinə əməl etməklə Şuşanın dirçəldilməsinə öz töhfələrini verə biləcəkdilər. Hər bir şuşalı, azərbaycanlı Şuşanın dirçəldilməsi üçün cənab Prezidentimizin həyata keçirdiyi tədbirləri ürəkdən alqışlayır. Cənab Prezidentin bu ilin əvvəlində “Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edirəm”- deməsi ilə Şuşada quruculuq işləri daha sürətlə həyata keçirilməyə başladı. Şuşada “Xarıbülbül” festivalının keçirilməsi ilə dünyanın diqqəti Qarabağa-Şuşaya yönəldi. Bütün dünya gördü ki, qısa zaman kəsiyində Azərbaycan rəhbərliyi həm öz ölkəsi, həm də dünya ictimaiyyəti qarşısında üzərinə düşən öhdəliyi tam mənada yerinə yetirir.

 Bir vaxtlar "Kiçik Paris”, "Qafqazın sənət məbədi”, "Azərbaycan musiqisinin beşiyi” və "Şərqin konservatoriyası” adlandırılan, bir sıra görkəmli xadimlərin Vətəni, eləcə də Azərbaycanın tarixi mədəniyyət mərkəzi və Qarabağın tacı olan Şuşa şəhəri, nəhayət ki, doğmalarına qovuşub. Şuşanın abidələr şəhəri olduğunu söyləyən Ümummilli lider Heydər Əliyevin dediyi kimi, "Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur”.

 

Xanım Ağayeva

YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilat sədri