Dövlət rəmzi

2022-11-09 Baxış: 389
img

Dövlətin yaranması ilə meydana gələn bir sıra elementlər var ki, onların varlığı dövlətin mövcudluğundan xəbər verir. Bura ideoloji, iqtisadi, siyasi, hərbi, dini-fəlsəfi elementlər aiddir. Dövləti xarakterizə edən bu elementlər sırasında siyasi hakimiyyət, ərazi, iqtisadi potensial, silahlı qüvvələr, ölkə əhalisinin etnik tərkibi, dövlət dili, dövlət ideologiyası və nəhayət, dövlətçilik simvolları önəmli yer tuturlar. Dövlət rəmzləri onun daşıyıcısının dünyagörüşü və ideologiyasını əks etdirən əşya şəklində deklarasiyasıdır. Bu gün hər hansı ölkəni tanımaq üçün iki üsuldan istifadə edilir: verbal və işarəli. Verbal üsula ölkənin adı, işarəli üsula gerb və bayraq aid olunur. Dövlət Bayrağı dövlətin rəsmi fərqləndirici əlamətidir və onun təsviri konstitusiyada qanunvericilik yolu ilə təsbit edilir. Azərbaycan Respublikasının təqdimat vəsiqələrindən, dövlətçilik rəmzlərindən biri onun Milli Bayrağı - Dövlət bayrağıdır. Milli bayraq siyasi, ideoloji, mənəvi baxımdan bir millətin və bu milləti təşkil edən dövlətin mövcudluğunu təsdiqləyən rəmzdir. Dövlət Bayrağı hər birimiz üçün vətən, millət və dil qədər müqəddəsdir. Bayrağın yeri ucalıqdır. Təsadüfü deyil ki, bayraq salona daxil olanda hər kəs ayağa qalxır. “Bayraq” sözü müstəqillik işarəsidir. Müasir anlamda bayraq dövlətimizin, millətimizin, müstəqillik, suverenlik, milli azadlıq və istiqlal rəmzi, simvolu funksiyasında işlənməkdədir. Bayraq, eyni zamanda milli azadlığın, istiqlal ideyalarının, bəşər sivilizasiyasında istər xalqın, istərsə də dövlətin yerinin və rolunun təcəssümüdür. Bayraq ilk növbədə birlik rəmzidir, eyni zamanda o, əvəzolunmaz emosional təsir qüvvəsinə malik vasitədir. Bayraqlarda olan simvol və rəmzlər həm keçmişdən, həm gələcəkdən xəbər verir. Bayraq rəmzlərin, şəkillərin, yazıların çətin, bəzən isə mücərrəd dili ilə onu tərtib etmiş xalqın keçmişindən və gələcəyə doğru ümidlərindən xəbər verir. Bayraq millətin ruhunu özündə ehtiva etməklə yanaşı, dövlətin varlığını sübut edən rəmzdir. Bir millətin dövləti varsa, bayrağı da var. Azərbaycan bayrağı özünün rənglərindəki fəlsəfi mənası ilə xalqımızın düşüncəsini, ruhunu, xarakterini əks etdirir. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada  qəbul edilmiş və qaldırılmışdır. Ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasının Dövlət rəmzləri, o cümlədən Dövlət Bayrağının təbliğinə böyük əhəmiyyət verirdi. Məhz onun təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin bizlərə yadigarı olan üç rəngli bayrağımız ikinci dəfə 1990-cı il 17 noyabr tarixində Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanda yenidən dalğalandırıldı. 1995-ci ildə ümumxalq referendumu ilə qəbul olunmuş Azərbaycan Konstitusiyasında üçrəngli bayraq dövlət rəmzi kimi təsbit edildi. Ulu öndər Heydər Əliyevin 1998-ci il 13 mart tarixli "Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında" Sərəncamı dövlət atributlarının təbliği baxımından mühüm əhəmiyyət daşıdı. Azərbaycan Respublikasının Müzəffər Prezidenti cənab İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla hər il 9 Noyabr tarixi Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.  “Azərbaycanın Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan Bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun” - deyərək Ulu Öndər bayrağımıza olan məhəbbətini, onun mənasını xalqımıza çatdırmışdı.  Bu gün, sözün əsl mənasında, xalqın və dövlətin maraqlarına uyğun hərtərəfli müstəqil siyasət həyata keçirən, sürətli və davamlı inkişaf yolu ilə uğurla addımlayan suveren Azərbaycanın üzərində əzəmətlə dalğalanan üçrəngli bayrağımız hər bir vətəndaşımızın qəlbində qürur və fərəh hissi doğurur. Üç rəngli, ay-ulduzlu bayrağımız bu gün müasir, Qalib Azərbaycanın müstəqillik rəmzinə çevrilib. Bu gün Rəhbər, Xalq, Ordu birliyi, vəhdəti, həmrəyliyi sayəsində Dövlət bayrağımız Azərbaycanın hər yerində - Şuşada, Füzulidə, Cəbrayılda, Şərqi Zəngəzurda vüqarla dalğalanır! Yaşasın qüdrətli Azərbaycan! Daim ucalsın üç rəngli Müzəffər Dövlət bayrağımız!

Sona Haxiyeva

YAP Neftçala rayon təşkilatının təşkilati işlər üzrə məsləhətçisi