Bu gün dünyanın və bizim bölgəmizin enerji-nəqliyyat xəritələrinə baxmaq kifayətdir ki, hər kəs görsün bizim təşəbbüsümüzlə icra edilən layihələr həm ölkəmizə, həm də bizim tərəfdaşlarımıza nə qədər böyük fayda gətirir
Avropa ilə Asiyanın
qovuşuğunda yerləşən Azərbaycanın əlverişli coğrafi mövqeyi respublikamıza bir
sıra üstünlüklər qazandırmışdır. Nəhəng nəqliyyat-tranzit və enerji
resurslarının dünya bazarlarına ixrac imkanına malik olan ölkəmiz Şərq ilə
Qərb, Şimal ilə Cənub arasında ən qısa və iqtisadi cəhətdən böyük əhəmiyyət
kəsb edən əsas beynəlxalq ticarət yollarının birləşdiyi mühüm logistik mərkəzə
çevrilmişdir. Azərbaycan ərazisindən keçməklə Şimaldan Cənuba, Şərqdən Qərbə
uzanan bu yollar ölkəmizə olan marağı gündən-günə daha da artırır. Dünyada
böyük nəqliyyat qovşağı hesab edilən, region ölkələri ilə mühüm dəmir yolu
əlaqələrinə sahib olan Azərbaycan vasitəsilə Çindən Avropaya yüklərin daşınması
vaxtını iki dəfəyə qədər azaldan dəhliz uzanır. Bu dəhliz vasitəsilə yüklərin
daha əlverişli, təhlükəsiz şəraitdə və qısa zaman müddətində daşınması tranzit
ölkə olaraq Azərbaycanın rolunu əhəmiyyətli dərəcədə artırır və bu, bir çox
ölkələr tərəfindən yüksək dəyərləndirilir. Həmçinin ölkəmiz vasitəsilə daşınan
beynəlxalq yüklərin həcminin ildən-ilə artması onun tranzit imkanlarını daha da
genişləndirir. Çin ilə Avropa arasında yüklərin daşınmasının Şərq-Qərb
marşrutunun önəmli hissəsi olan Azərbaycan vasitəsilə həyata keçirilməsi həm
vaxta qənaət etməyə imkan verir, həm də maliyyə baxımından daha sərfəli qiymətə
başa gəlir. Bu baxımdan, Azərbaycan, Qazaxıstan və Gürcüstan tərəfindən
yaradılan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu bu istiqamətdə atılan uğurlu
addımdır. Noyabr ayının 8-də Zəfər Günü münasibətilə Şuşada təşkil olunan
tədbirdə iştirak edən Prezident İlham Əliyev bir sıra məsələlərlə yanaşı,
ölkələrlə ikitərəfli formatda sıx əməkdaşlıq əlaqələrinə də toxunmuşdur:
"Bu gün dünyanın və bizim bölgəmizin enerji-nəqliyyat xəritələrinə baxmaq
kifayətdir ki, hər kəs görsün bizim təşəbbüsümüzlə icra edilən layihələr həm
ölkəmizə, həm də bizim tərəfdaşlarımıza nə qədər böyük fayda gətirib. Bizim
təşəbbüsümüzlə nəqliyyat və enerji layihələrində iştirak edən ölkələrin sayı
onlarla ölçülür. Hələ indiki mərhələdə daha geniş vüsət alacaq və bütün bu ölkələr
bizim təbii dostlarımızdır, müttəfiqlərimizdır. Eyni zamanda, bu layihələr bizə
əlavə maliyyə imkanı yaratdı". Bu gün Azərbaycanın regionda yaratdığı yeni
reallıqlar 30 il ərzində Ermənistanın Azərbaycan ərazilərini işğalı nəticəsində
bölgədə məhdudlaşan nəqliyyat-kommunikasiya, logistika imkanlarını
genişləndirmək üçün əlverişli imkanlar yaradıb. Qitənin nəqliyyat xəritəsini
təkmilləşdirməklə yanaşı, Azərbaycanın qlobal logistik-tranzit qovşağı
mövqeyini daha da möhkəmləndirəcək Zəngəzur dəhlizinin həm regional, həm də
beynəlxalq əhəmiyyəti çox böyükdür. Lakin Ermənistanın Naxçıvana və daha sonra
Türkiyəyə uzanan yeni dəhlizin açılmasına qəti fikir bildirməməsi məsələnin
həllinin uzanmasına səbəb olur. Zəfər Günü münasibətilə Şuşada təşkil olunan
tədbirdə ölkə başçımız bu barədə demişdir: "Zəngəzur dəhlizi Ermənistanın
öhdəliyidir, öz üzərinə öhdəlik götürüb. Biz iki il ərzində Laçın yolu ilə
Ermənistandan Qarabağa və əks-istiqamətə gedən maşınlara toxunmuruq. Biz
öhdəlik götürmüşük, yerinə yetiririk, sərbəst hərəkət. Ermənistan da öhdəlik
götürüb ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası
arasında yol bağlantısı olsun. İki il keçib üstündən, nə texniki-iqtisadi
əsaslandırma var, nə hansısa hərəkət var, nə dəmir yolu, nə də avtomobil yolu.
Biz nə vaxta qədər gözləməliyik?". Bəli, Zəngəzur dəhlizi bütün Türk
dünyasını birləşdirəcək və bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrini
bərpa etməklə Qərbdən Şərqə uzanacaq ticarət yolu olacaq. Həmçinin, bu dəhlizin
reallaşması regional nəqliyyat şəbəkələrinin genişlənməsinə səbəb olacaq və
bölgə ölkələri arasında qarşılıqlı iqtisadi əlaqələri stimullaşdıracaq.
Zəngəzur dəhlizi Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi və Orta dəhliz kimi
beynəlxalq nəqliyyat dəhlizləri daxilində bölgənin əhəmiyyətini daha da
artıracaq. Bütün bunlar isə nəinki regionda, dünyada əlverişli coğrafi mövqeyə,
böyük iqtisadi potensiala sahib olan ölkəmizə marağı gündən-günə artırır.
Cavad Mirzəyev,
YAP Neftçala rayon
təşkilatının məsləhətçisi
Digər xəbərlər