Kəlbəcər rayonunda infrastruktur layihələrinin icrası.
1993-cü
il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal
edilmişdi. Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə
qəbul etmişdi. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər
işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Lakin rəsmi İrəvan
həmin Qətnaməni icra etmədi, beynəlxalq təşkilatlar tərəfindən isə onun icrası
tələb olunmadı. Əksinə, BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu
ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanıldı.
Yalnız Kəlbəcərin işğalından 27 il sonra Müzəffər Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi ilə rayon işğaldan azad edildi. Məhz bu gün – 25 noyabr
tarixi Kəlbəcərin işğaldan azad olunduğu gündür.
Vətən müharibəsinin ilk günlərində döyüşlər
zamanı Kəlbəcərin şimal hissəsinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən
işğalçılardan azad edilməsi, Kəlbəcərin strateji yüksəkliklərinin götürülməsi
ermənilərin istifadə etdikləri nəqliyyat-kommunikasiya infrastrukturuna nəzarət
etməyə imkan verirdi. Beləliklə də 44 günlük Vətən müharibəsində Azərbaycanın
əldə etdiyi Qələbə nəticəsində imzalanmış üçtərəfli Bəyanata əsasən,
kapitulyasiya etmiş Ermənistan götürdüyü öhdəliyə əsasən noyabrın 25-də
Kəlbəcərdən silahlılarını çıxardı və rayonu Azərbaycana təhvil verdi. Bununla
da, Azərbaycan xalqı beynəlxalq qanunların aliliyini, tarixi ədaləti bərpa etdi
və Müzəffər Ali Baş Komandan İlham Əliyevin praqmatik siyasəti nəticəsində bir
qüllə atılmadan Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi
işğaldan azad edildi. 2020-ci il noyabrın 26-da isə “Kəlbəcərin azad olunmasına
görə” medalı təsis edildi və Azərbaycan Prezidentinin sərəncamları ilə Kəlbəcər
rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında
iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Silahlı Qüvvələrimizin
9454 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif
olundu.
“Bu gün Kəlbəcər rayonu yeni inkişaf dövrünü yaşayır,
yenidən qurulur, bərpa edilir. 2021-ci il avqustun 16-da Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham
Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş Kəlbəcər
rayonunda səfərdə olublar. Prezident İlham Əliyev Kəlbəcərdə Azərbaycan
bayrağını qaldırıb. Bununla da Kəlbəcər rayonunda bərpa-quruculuq işlərinə
artıq rəsmi start verilib. Hazırda infrastruktur layihələri icra edilir,
Kəlbəcərin elektrik və su təchizatı, habelə evlərin tikilməsi ilə bağlı
işlərinə start verilib.
Belə ki, “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının,
hərbi hissələrin açılışı, Kəlbəcər-Laçın avtomobil yolunun inşası, “Çıraq-1”
Kiçik Su Elektrik Stansiyasında tikinti işlərinin gedişi, Kəlbəcər şəhərinin
Baş planı ilə tanışlıq, İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər
Rəqəmsal İdarəetmə Mərkəzinin, Kəlbəcərdə “İstisu” mineral su zavodunun,
“İstisu” sanatoriyasının təməlqoyma mərasimləri olub.
26 iyun 2022-ci ildə Kəlbəcərə
səfər edən zaman İlham Əliyevin etdiyi çıxışa nəzər salaq: “Kəlbəcər və Laçın rayonlarına
mənim səfərim başa çatır. Keçən il olduğu kimi, bu il də burada - İstisu
qəsəbəsində başa çatır. İstisu qəsəbəsinin inkişafı ilə bağlı artıq konkret
addımlar atılır. İlk növbədə, yeni su zavodunun tikintisi nəzərdə tutulur. Bu
gün mən bu su zavodunun təməlini qoydum. Vaxtilə məşhur olan İstisu suyu
yenidən buraxılacaq, istehsal olunacaq, Azərbaycanda istehlak olunacaq və ixrac
ediləcək. Eyni zamanda, arxada gördüyünüz İstisu sanatoriyasının dağıntılarıdır.
Keçən il burada bu dağıntılarla tanış oldum və göstəriş verdim ki, bu yerdə -
İstisu qəsəbəsində yeni mehmanxana inşa edilsin və müalicə mərkəzi yaradılsın.
Çünki vaxtılə sovet dövründə minlərlə insan gəlib burada dincəlib, öz
sağlamlığını bərpa edib, bu gözəl təbiətdən zövq alıb. Eyni zamanda, bu fürsətdən istifadə edərək son
bir il ərzində burada görülmüş işlərlə də tanış oldum. Görürdüm, baxırdım,
mənim göstərişlərim necə yerinə yetirilir, ümumiyyətlə, Kəlbəcər və Laçın
rayonlarının inkişafı ilə bağlı hansı əlavə addımlar atılmalıdır. Çünki bu
rayonların bərpası azad edilmiş digər rayonlara nisbətən daha çətindir. Ona
görə ki, biz hələ də Murov aşırımından keçib gəlməliyik. Qış aylarında
gediş-gəliş çətindir. Hava limanı hələ hazır deyil ki, yükləri hava yolu ilə
göndərək. Ona görə bu bölgələrin, bu iki rayonun inkişafı ilə bağlı işlər
gedir. Ancaq, əlbəttə, bu təbii şərait imkan vermir ki, bu işlər daha geniş
vüsət alsın. Amma buna baxmayaraq, bütün infrastruktur layihələri uğurla icra
edilir. Keçən il 4 su elektrik stansiyası istifadəyə verilib. Bu il isə 5 su
elektrik stansiyasının istifadəyə verilməsi təmin ediləcək. Həmin 4 stansiya
artıq işləyir və ümumi enerji gücümüzü artırır, bərpaolunan enerji növlərinin
həcminin artırılmasına xidmət göstərir.
Yollar
çəkilir. Kəlbəcər və Laçın rayonlarında 10-dan çox tunel inşa edilir. Təsəvvür
edin, 10-dan çox tunel. Onların arasında ən böyük tunelin uzunluğu təxminən 12
kilometrdir. Biz bu tuneli Murov dağının altından çəkirik ki, buraya
gediş-gəliş rahat olsun. Bu, həm mülki əhali üçün, həm hərbçilər üçün, həm də
müdafiə nöqteyi-nəzərdən lazımdır. Hazırda bütövlükdə 10-dan çox tunel tikilir
və gələcəkdə bu tunellərin sayı daha da çox ola bilər. Çünki burada hər tərəf
dağlardır, meşələrdir. Qarabağ bölgəsində isə indi 10-dan çox tunel, 9 viaduk,
onlarla körpü inşa edilir. Görün, həm Zəngəzurda, həm də Qarabağda ancaq yol
təsərrüfatına aid olan nə qədər genişmiqyaslı işlər görülür. Çünki bunlar -
elektrik enerjisi və yol əsasdır. Bunlar olmadan heç bir inkişafdan söhbət gedə
bilməz”
Əziz Həziyev,
YAP Neftçala rayon təşkilatının fəal üzvü
Digər xəbərlər