Laçın rayonunda heyvandarlığın inkişafı üçün böyük imkanlar var
27 sentyabr 2020-ci ildə düşmənin
növbəti azğınlığına cavab olaraq başlanan və 44 gün davam edən Vətən Müharibəsinin
nəticəsində 30 ildir yolunu həsrətlə gözlədiyimiz Qarabağımız öz həqiqi sahibinə
qayıtdı. Bu müharibənin qısa və az itki ilə sonlanmasına görə Müzəffər Ali Baş Komandanımıza, Vətən müharibəsində
canı və qanı bahasına səfərbər olan, etdiyi qəhrəmanlıqlarla dastan yazan Azərbaycan
oğullarına borcluyuq. Həmin günlər bütün Azərbaycan xalqı və dünya azərbaycanlılarının
qəlbi eyni ümid işığı ilə döyünürdü. Müzəffər Azərbaycan Ordusunun Laçın
rayonunun bir hissəsinə və digər mühüm strateji mövqelərə daxil olmasından,
xüsusilə Şuşa şəhəri və onun ardınca 70-dən artıq kəndin azad olunmasından
sonra Ermənistan məğlubiyətini qəbul etməyə məcbur oldu. Beləliklə də, noyabrın 10-da Azərbaycan və
Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladıqları birgə Üçtərəfli
Bəyanat əslində Ermənistanın kapitulyasiya sənədi idi. Bir çox məqamların aydın
olduğu Bəyanatın ən mühüm detallarından biri heç şübhəsiz Ermənistan silahlı qüvvələrinin döyüşsüz
Laçın, Ağdam və Kəlbəcər rayonlarını Azərbaycana təhvil verməsi idi. O gecə, 10
noyabr tarixində cənab Prezident İlham Əliyevin xalqa müraciəti ilə bütün azərbaycanlıların
Vətən həsrəti, Vətən nisgilinə son qoydu. Düşmənin faktiki kapitulyasiyası ilə
Laçını, Kəlbəcəri, Ağdamı qan tökmədən geri almağa müvəffəq olduq. Düşmən bütün
işğal etdiyi ərazilərdə olduğu kimi Laçında da izahedilməz vandallıq hərəkətləri
həyata keçirdi. Rayonda tarixi-coğrafi adları dəyişdirdi, təbii resursları
talan etdi, burada əsasən Suriyadan olan erməni əsilli qaçqınların məqsədyönlü,
kütləvi məskunlaşma siyasətini apardı. Lakin Azərbaycan Respublikasının Ali Baş
Komandanı cənab İlham Əliyevin qətiyyəti, iradəsi onların bu yerlərdə əbədi
qalmasına imkan vermədi. Düşünülmüş, məqsədyönlü siyasət bizi tarixi Qələbəyə
apardı.
Laçın
rayonu arıçılıq, heyvandarlıq, meyvəçilik, üzümçülük kimi sahələrin inkişaf
etdirilməsi üçün böyük potensiala malikdir. Rayonun böyük turizm potensialı da
var. Gələcəkdə bu yerləri turizm zonasına çevirmək olar. Bununla yanaşı Laçın təbii ehtiyatları ilə də zəngindir.
Rayonda çoxlu mineral sular, kobalt, uran, civə, qızıl, dəmir, müxtəlif rəngli
mərmər yataqları var. Bütün bunlar gələcəkdə Azərbaycan iqtisadiyyatına böyük
fayda verəcək.
2025-ci ilə qədər Laçın
rayonunda 75.6 min baş iribuynuzlu (inək və camışlar) və 402.3 min baş
xırdabuynuzlu mal-qaranın (qoyun və keçilər) bərpa edilməsi ilə ölkədə
heyvandarlığın inkişafına və sürü dövriyyəsinin təqribən 3.7 faiz artımına
səbəb olacaq. Həmçinin Laçında 110 min quş və 18 min arı ailəsinin olacağı da
proqnozlaşdırılır ki, bu da yumurta, quş əti və bal istehsalının artmasına da
təkan verəcək. Bu sahələrə müvafiq olaraq diri və kəsilmiş çəkidə ət istehsalı
0.2 faiz və yun istehsalında isə təqribən 2.6 faiz artım olacaqdır. Süd və
yumurta istehsalında müvafiq olaraq 1.7 faiz və 0.02 faiz artım
proqnozlaşdırılır. Araşdırma və tədqiqat nəticəsində proqnoz dövrə qədər
heyvandarlıq sahəsinin inkişafında Laçının payı 44.5 min tona yaxın və yaxud
1.4 faiz olacağı ehtimal edilir ki, bu da rayon üzrə 25.6 milyon manatlıq
heyvandarlıq məhsulu istehsalı olacağı anlamına gəlir.
Aqrar istehsal potensialı
ilə yanaşı, Laçın rayonunda tütünün emalı, südün emalı, gön-dərinin və yunun
emalı müəssisələrinin qurulması üçün böyük potensial da nəzərə alınmalıdır. Bu
region üçün trend hesab edilən meyvəçilik sektoru üzrə emal müəssisələri,
arıçılıq məhsullarının istehsalı imkanları da hesablanarsa, burada
aqro-sənayenin təmərküzləşmiş və klasterial inkişafından iqtisadiyyata töhfəsi
sovet dövründəki potensialdan daha artıq olduğu müşahidə edilir.
Ümumilikdə, Laçın
rayonunda kənd təsərrüfatı infrastrukturunun bərpası, yeni əkin sahələri və
bağların salınması, otlaq sahələrinin, eləcə də heyvandarlıq sahəsinin inkişafı
üçün zəruri infrastrukturun bərpası nəticəsində məhsuldar dövrün başlanğıcı
hesab olunan 2025-ci ildə ölkədəki kənd təsərrüfatı istehsalına birbaşa əlavə
töhfəsi 47.6 milyon manat, başqa sözlə 0.5 faiz olacağı proqnozlaşdırılır.
Təbii ki, bu proqnozlar sadəcə aqrar potensialı əhatə edib. Sonrakı dövrdə emal
və dəyər zənciri üzrə aqro-sənaye potensialı da hesablanarsa, dolayı olaraq
daha böyük miqyasda ümumi daxili məhsulda və yeni iş yerlərinin yaradılması
baxımından həndəsi silsilə ilə müsbət effekti hiss olunacaq.
Biz inanırıq ki, Laçının
işğaldan azad olunması ilə ölkəmizin bu gözəl guşəsində yenidən həyat
canlanacaq, insanlar öz yurdlarına qayıdacaq və böyük quruculuq işləri həyata
keçiriləcək.
Gündüz Əsgərov
YAP Neftçala rayon təşkilatı
Ərazi
partiya təşkilat sədri
Digər xəbərlər