Sabit inkişafın əsasını təşkil edən Dövlət Proqramları
Azərbaycan Respublikasının sosial-iqtisadi tərəqqisini
təmin edən ən başlıca amillərdən biri də ölkə regionlarının davamlı və tarazlı inkişafına
nail olunması ilə bağlıdır. Təsadüfi deyildir ki, hər bir ölkənin
sistemli,dinamik və tarazlı inkişafını xarakterizə edən ən mühüm göstəricilərdən
biri regionların inkişaf səviyyəsi hesab olunur. Regionların davamlı
sosial-iqtisadi inkişafının təmin edilməsi birbaşa olaraq dövlətin həyata
keçirdiyi milli iqtisadi siyasətin tərkib elementi kimi çıxış edən regional iqtisadi
siyasətin səmərəliliyindən düz mütənasib asılıldır.
Müasir dünya təcrübəsində regional iqtisadi siyasət dövlətlə regionlar və
regionların öz aralarında münasibətlərini əks etdirməklə bütövlükdə və regional
baxımdan ölkənin iqtisadi inkişafının idarə olunması fəaliyyəti kimi qəbul
edilir. Dövlətin iqtisadi siyasəti ilə regional siyasət öz məntiqinə görə
bir-birini qarşılıqlı tamamlamalıdır. İqtisadi siyasət inkişafın qarşıya
qoyulmuş məqsədinə çatmaq yolunda yaranan problemlərin həllinə, ölkənin və onun
hər hansı hissəsinin rifahının tə’min olunmasına istiqamətlənirsə, regional
siyasət ərazi inkişafının məhz yuxarıda ifadə olunan məqsədlərə yönlü idarə
olunmasına xidmət etməlidir.
Bazar iqtisadiyyatı mövcud olan ölkələrin inkişaf təcrübəsi də təsdiq edir ki,
regionların inkişafına nail olmadan ölkə iqtisadiyyatını gücləndirmək, eləcə də
məhsuldar qüvvələri təkmilləşdirmək qeyri-mümkündür. Hazırda regional siyasətin
formalaşdırılması və regional inkişafın əsaslarının işlənib hazırlanması milli
iqtisadiyyatın pozitiv və tarazlaşdırılmış inkişafını təmin etməyin başlıca
istiqamətidir. Regionların davamlı sosial-iqtisadi inkişafının təmin edilməsi
birbaşa oloaraq dövlətin həyata keçirdiyi milli iqtisadi siyasətin tərkib
elementi kimi çıxış edən regional iqtisadi siyasətin səmərəliliyindən düz mütənasib
asılıldır.
Hər bir dövlətin reallaşdırdığı iqtisadi siyasətin son məqsədir əhlisinin həyat
səviyyəsinin yüksəldilməsinə nail olmaqdır. Əhalinin həyat səviyyəsi
respublikanın iqtisadiyyatının inkişafının və səmərəliliyinin əsas göstəricisidir.
İqtisadi imkanlar nə qədər yüksək olursa sosial inkişaf və həyat səviyyəsi üçün
maddi imkanlar bir o qədər də çox olur. Həyat səviyyəsinin daha yüksək olması
iqtisadiyyatın inkişafına təsir edir, əmək məhsuldarlığını artırır.
Dünya təcrübəsi də sübut edir ki, idarəetmə və
inkişaf tədbirlərinin əvvəlcədən qəbul edilmiş, mövcud şəraiti nəzərə alan və
elmi cəhətdən hərtərəfli əsaslandırılmış normativ sənədlərin tələbləri əsasında
reallaşdırılması uzunmüddətli və daha səmərəli nəticələrin əldə edilməsinə şərait
yaradır. Bütün bunlar isə regional inkişaf sahəsində dövlət tənzimləməsinin, yəni
iqtisadi proseslərə dövlətin mümkün müdaxiləsinin zəruriliyini müəyyənləşdirir.
Məhz bu inkişafın təmin edilməsinin hüquqi tədbirlər sisteminin əsasını təşkil
edən məqsədli dövlət proqramlarının əhəmiyyəti böyükdür.
Son illərdə dövlət tərəfindən regionların sosial –
iqtisadi inkişafına yönəlmiş çoxlu sayda dövlət proqramları işlənib hazırlanmış
və hal-hazırda da reallaşdırılmaqdadır ki, bu proqramlar da regional inkişafın
və bu inkişafa yönəlmiş dövlət siyasətinin hüquqi əsasını təşkil etməkdədir.
Regional iqtisadi inkişaf proqramları hazırlanarkən xarici bazara daha çox rəqabət
qabiliyyətli məhsul çıxarılması, əhalinin sosial problemlərinin həlli, yerli məhsullar
hesabına tələbatın ödənilməsi səviyyəsinin yüksəldilməsi, regionların istehsal
potensialından səmərəli istifadə, iqtisadiyyatın regiondaxili sahə və ərazi
quruluşunun təkmilləşməsi ön plana çəkilir. Regional inkişafın dövlət
proqramları əsasında davamlı inkişafının təmini 5 istiqamətində ilk ciddi addım
2004-cü ildə prezidentin müvafiq sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı
(2004-2008-ci illər)” ilə qoyulmuşdur. I regional inkişaf proqramı çərçivəsində
nəzərdə tutulmuş tədbirlərin uğurla reallaşdırılması nəticəsində regionların
iqtisadi potensialı hərəkətə gətirilmiş, buradakı əmək ehtiyatları dövriyyəyə cəlb
olunmuşdur. Bir sözlə, ölkənin davamlı və tarazlı inkişafına yönəldilmiş bu
proqramın icrasına başlanılması ilə Azərbaycanda regional inkişafın təməli
qoyulmuş, bölgələrdə iqtisadi fəallıq xeyli dərəcədə canlanmış, insanlarda təşəbbüskarlıq
hissi güclənmişdir. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel
tarixli 80 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın
icrası ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb etməklə,
makroiqtisadi sabitliyin təmin olunmasında, sahibkarlıq fəaliyyətinin genişlənməsində,
yeni müəssisələrin və iş yerlərinin yaranmasında, infrastruktur və kommunal
xidmətlərin səviyyəsinin daha da yüksəldilməsində, yoxsulluq həddinin aşağı
düşməsində və əhalinin rifah halının yaxşılaşdırılmasında müstəsna rol
oynamaqdadır. 1-ci və 2-ci regional inkişaf proqramları çərçivəsində nəzərdə
tutulmuş tədbirlərin uğurla reallaşdırılması nəticəsində regionların iqtisadi
potensialı hərəkətə gətirilmiş, buradakı əmək ehtiyatları dövriyyəyə cəlb
olunmuşdur. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasına başlanılması ilə ölkəmizin
davamlı və tarazlı inkişafı yeni, daha sürətli mərhələyə qədəm qoymuşdur. Adıçəkilən
sənədlərlə yanaşı Azərbaycan regionlarının kompleks inkişafını nəzərdə tutan
“2008—2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə
etibarlı təminatına dair Dövlət Proqramı” kimi sənədlər də Azərbaycan
regionlarında sosial sahələrin inkişafının hüquqi əsasını təşkil etməkdədir.
Ölkənin sosial-iqtisadi həyatında, xüsusilə regionlarda, o cümlədən kənd yerlərində
iqtisadi inkişafın sürətləndirilməsi, əhalinin layiqli məşğulluğu və sosial rifah
halının daha da yüksəldilməsi və ekoloji təhlükəsizliyin gücləndirilməsi
istiqamətlərində işlərin yeni keyfiyyət mərhələsinə keçməsi inkişaf gündəliyində
ön plana çıxmışdır. Bu məsələlərin uğurlu həlli ölkənin regionlarında mövcud
olan potensialdan daha səmərəli istifadə etməklə bölgələrdə, o cümlədən kənd
yerlərində sosial-iqtisadi inkişafın sürətləndirilməsi və bu inkişafın
davamlılığının möhkəmləndirilməsini zəruri edir. Bu isə öz növbəsində ölkənin
regionlarının sosial-iqtisadi inkişafı ilə əlaqədar siyasət tədbirlərinin, o
cümlədən kompleks proqramlar hazırlanıb icra olunmasının davam etdirilməsini nəzərdə
tutur. Qeyd olunanlar nəzərə alınaraq, ölkə regionlarının, o cümlədən kənd yerlərinin
sosial-iqtisadi inkişafı sahəsində əldə olunan nailiyyətləri daha da artırmaq və
“Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və
emalına dair” Strateji Yol Xəritəsinin 9.1.4-cü bəndinin icrasını təmin etmək məqsədilə
“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı” (bundan sonra – Dövlət Proqramı) hazırlanmışdır. Dövlət
Proqramı çərçivəsində ölkədə regionların inkişafı ilə əlaqədar tənzimlənmə
sisteminin, o cümlədən qanunvericilik bazasının, institusional və iqtisadi
mexanizmlərin daha da təkmilləşdirilməsi, investisiya və innovasiya fəallığının
artırılması, mütərəqqi texniki avadanlıqlar və texnologiyaların tətbiqi əsasında
yerli iqtisadi (təbii-iqtisadi, istehsal-texniki və elmi-texniki) potensialın
gücləndirilməsi və təsərrüfat dövriyyəsinə tam cəlb olunması, buna uyğun
olaraq, iqtisadiyyatın şaxələndirilməsinin genişləndirilməsi (digər müqayisəli
üstünlüyə malik, əlavə dəyər yaradan məhsul və xidmət istehsalı sahələrinin də
inkişaf etdirilməsi) və səmərəliliyinin yüksəldilməsi hesabına rəqabətqabiliyyətliliyinin
artırılması, sahibkarlığın inkişafı, məhsul və xidmət istehsalı, satışı və
istehsal vasitələri bazarında rəqabət mühitinin daha da sağlamlaşdırılması,
maliyyə resurslarına və bazara çıxış imkanlarının asanlaşdırılması, istehsal,
sosial və bazar infrastrukturunun modernləşdirilməsi, sosial xidmətlərin
çeşidinin artırılması, keyfiyyətinin yaxşılaşdırılması və aztəminatlı insanlar
üçün əlçatanlığının təmin edilməsi, həssas əhali qruplarının sosial müdafiəsinin
gücləndirilməsi, təbii ehtiyatlardan daha da səmərəli istifadə olunması və
ekoloji təhlükəsizliyin qorunması üzərində nəzarətin möhkəmləndirilməsi və bu
kimi digər istiqamətlərdə kompleks işlərin görülməsi nəzərdə tutulur.
Belə ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamları
ilə Sumqayıt Kimya Sənaye Parkı və Mingəçevir Sənaye Parkı, həmçinin Neftçala,
Masallı, Hacıqabul və Sabirabad sənaye məhəllələri yaradılmışdır ki, bu da
regionlarda sənaye sahəsində fəaliyyət göstərən sahibkarların, o cümlədən kiçik
və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi, əlverişli biznes və
investisiya mühitinin yaradılması, yeni iş yerlərinin açılması baxımından mühüm
əhəmiyyətə malikdir.
Faiq Babazadə,
YAP Neftçala rayon təşkilatının fəal üzvü
Digər xəbərlər