Azad edilmiş ərazilərdə keçən il bir neçə beynəlxalq idman yarışı keçirilmişdir

2023-01-11 Baxış: 367
img

Azərbaycan dünyada elə ölkələrdəndir ki, bütün sahələrdə əldə olunan nailiyyətlər konsepsiyaya əsaslanır. O cümlədən də, idman sahəsindəki qələbələr, nəticələr də məhz konsepsiyaların, uzun dövr üçün hazırlanan proqramların nəticəsində əldə olunub. Prezidentimizin də qeyd etdiyi kimi, idmanın inkişafı dövlət siyasətidir və bu inkişafı müəyyən edən bütün amillər Azərbaycanda var.
İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda idmanın bütün sahələrinin inkişafı, idmançıların yüksək səviyyədə qayğı ilə əhatə olunması, idman komplekslərinin müasir tələblərə cavab verəcək səviyyədə qurulması, ən əsası isə Olimpiya oyunlarında idmançılarımızın iştirakı üçün xeyli işlər görülmüşdür. Bu gərgin əməyin nəticəsidir ki, Azərbaycan dünyada idman ölkəsi kimi tanınaraq böyük nüfuz qazanıb. Prezident İlham Əliyevin dediyi kimi: “Hər bir idman qələbəsi, xüsusilə, mötəbər beynəlxalq yarışlarda qazanılmış qələbə ölkəmizdə milli qüruru, milli ruhu yüksəldir. Ona görə idmanın hər bir ölkənin həyatında çox önəmli rolu var”.
Qətiyyətlə demək olar ki, idman sahəsində qazanılan nailiyyətlər həm də dövlətin ümumi inkişaf səviyyəsini, iqtisadi potensialını müəyyənləşdirən vacib meyarlardan biri kimi böyük əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycanın dinamik inkişafı idmanda qazanılan uğurlarla bir paralellik təşkil edir. Həm qazandığımız medallar, həm idman komplekslərinin tikintisi, həm də Azərbaycanın beynəlxalq miqyasda idman ölkəsi kimi imicinin möhkəmlənməsi bir vəhdət kimi idman sahəsindəki uğurlarımızın əsasını təşkil edir.
44 günlük Vətən Müharibəsində şanlı ordumuz tərəfindən İşğaldan azad olan ərazilərə artıq yeni nəfəs gəlib, bu gün bu ərazilərdə aparılan bərpa işləri, infrastrukturun bərpası, strateji obeyktlərin tikintisi Azərbaycan dövlətinin daxili imkanları əsasında aparılır və 30 il erməni işğalı altında qalmış Qarabağ və ətraf rayonlarımız yeni görkəm alır.
İşğaldan azad olunmuş ərazilərimizin quruculuğu, bərpası və orada yenidən məskunlaşma prosesi Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir.
Prezident İlham Əliyev 2022- ci ilin idman yekunlarına həsr olunan 9 yanvar tarixli mərasimində çıxışı zamanı bildirmişdir ki, azad edilmiş ərazilərdə keçən il bir neçə beynəlxalq idman yarışı keçirilmişdir. Bunun çox böyük tarixi əhəmiyyəti var. Çünki azad edilmiş ərazilər indi canlanır, həyat qayıdır, insanlar qayıdır. Bildiyiniz kimi, tarixi Zəfərimizdən dərhal sonra azad edilmiş torpaqlarda genişmiqyaslı quruculuq-bərpa işlərinə başlamışıq və o bölgələrdə beynəlxalq idman yarışlarının keçirilməsinin çox böyük rəmzi mənası var. Şuşada beynəlxalq şahmat yarışı, Suqovuşanda, Suqovuşan gölündə beynəlxalq avarçəkmə yarışı keçirilmişdir. Zəngilanın Ağalı kəndinin ətrafında triatlon üzrə yarış keçirilmişdir. Mən bunu çox yüksək qiymətləndirirəm və bu il də bu işlər davam etdirilməlidir.
Onu da bildirməliyəm ki, azad edilmiş şəhərlərin hər birində idman qurğularının yaradılması nəzərdə tutulur. Bütün şəhərlərin Baş planları təsdiq edilib. Bütün bərpa-quruculuq işləri Baş planlar əsasında aparılacaq və idman obyektlərinin yaradılması nəzərdə tutulur. Bildirməliyəm ki, Ağdamın məşhur "İmarət" stadionunun yeni layihəsi işlənilir. Stadion yenidən qurulacaq, eyni zamanda, onun yanında böyük Olimpiya İdman Kompleksi yaradılacaq. Bununla bərabər olaraq, keçən il Ağdamın Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq Kompleksinin təməli qoyuldu. Biz Qarabağ Atçılıq Kompleksini işğal dövründə Ağcabədi rayonunda yaratmışdıq, yenə də Qarabağ torpağında yaratmışdıq. Ancaq qərar qəbul olundu ki, bunun əzəli yerində - Eyvazxanbəyli kəndində çox gözəl, müasir atçılıq kompleksi yaradılsın. Artıq işlərə start verilmişdir.
Azad edilmiş bütün digər şəhərlərdə idman obyektlərinin yaradılması planlarımızdadır. Əlbəttə, biz, ilk növbədə, keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytarmalıyıq və bu istiqamətdə işlər gedir. İlk növbədə, məktəblər, xəstəxanalar, infrastruktur yaradılmalıdır. Ancaq idman obyektləri də əlbəttə ki, yaddan çıxmır və çıxmayacaq.
Ölkə başçısının həyata keçirdiyi müdrik siyasət nəticəsində bu gün Azərbaycanın bütün sahələr üzrə inkişaf xəttində olmasına şahid oluruq. Ona görə də bizim gənclərimiz vətənpərvər və sağlam ruhda yetişirlər. Ölkəmizi xaricdə layiqincə təmsil edirlər
Hər zaman xalqımızın şanlı üçrəngli bayrağı istər idman yarışlarında, istərsə də döyüş meydanlarında yüksəklərdə dalğalanacaq!


Əli Ələkbərov,
YAP Neftçala rayon təşkilatının fəal üzvü