Hacı Cəfər Cəfərov və Hacı Mirseymur Əliyevin Neftçala din xadimləri adından bəyanatı

2023-01-31 Baxış: 887
img

2023-cü il yanvar ayının 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə edilən silahlı hücum və baş vermiş terror Neftçala din xadimlərinin narahatlığına və etirazına səbəb olub. Din xadimləri Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu zamanı şəhid olmuş mühafizə xidmətinin rəisi Orxan Əsgərovun ailəsinə, yaxınlarına və xalqımıza dərin hüznlə başsağlığı verir, onun şəhid olması ilə vətənimizin daha bir qəhrəman övladının şəhadətə yetişdiyini bildiririk. Eyni zamanda hücum zamanı xəsarət almış şəxslərə uca Allahdan şəfa diləyirik.

  Biz, Azərbaycan dövlətinə qarşı törədilmiş terroru qətiyyətlə pisləyir və İran tərəfindən tələb edirik ki, baş vermiş cinayətin ədalətli araşdırılmasını təmin etsin.  Azərbaycan Respublikasının Səfirliyinə qarşı törədilmiş bu qanlı hadisə Vyana Konvensiyasının kobud şəkildə pozulmasıdır. Diplomatik münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyası, Konsulluq əlaqələri haqqında 1963-cü il Vyana Konvensiyası, BMT-nin immunitet və imtiyazları haqqında 1946-cı il Konvensiyası kimi sənədlər beynəlxalq müdafiədən istifadə edən xarici dövlət nümayəndəsinə, onun xidməti və ya yaşayış sahələrinə, yaxud nəqliyyat vasitələrinə hücumu yolverilməz hesab edir. 1961-ci il Vyana Konvensiyasının 22-ci maddəsində qeyd edilir ki, “diplomatik nümayəndəliklərin binaları istənilən müdaxilədən, zərər yetirilməsindən qorumaq, nümayəndəliyin rahatlığının hər cür pozulması hallarının qarşısını almaq üçün qəbul edən dövlət bütün müvafiq tədbirləri görməlidir”. Bu terror aktı göstərdi ki, İran Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasından irəli gələn səfirliyin mühafizəsinin və onun əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı öhdəliyini yerinə yetirməyib.

  Bəyan edirik ki, İranın erməni cinayətkarla qardaşlığı, terror aksiyalarının baş verməsində lazım olan tədbirləri görməməsi Azərbaycanı, onun qalib xalqını, Müzəffər Ali Baş Komandanını haqq yolundan döndərə bilməyəcəkdir!

  Biz din xadimləri İranın rəhbər şəxslərindən bir daha tələb edirik ki, cinayətkar ermənilərlə qardaşlığına və əməkdaşlığına,  terrorçulara qarşı tədbirsizliyinə son qoysun və Tehrandakı səfirliyimizdə törədilmiş terror aktını planlaşdıranların və icraçılarının məsuliyyətə cəlbini və layiqli cəza almalarını təmin etsin!

  Neftçala din xadimləri adından Neftçala şəhər “Sahibəz-Zaman” məscidinin imamı Hacı Cəfər Cəfərov və QMİ-nin Neftçala rayonu üzrə səlahiyyətli nümayəndəsi Mirseymur Əliyev

 

 30 Yanvar 2023