Xocalı faciəsinin dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işlər
Xocalı soyqırımından 31 il ötür.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndində
yerləşən keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasına daxil olan 366-cı
motoatıcı alayın 10 tankı, 16 zirehli transpartyoru, 9 piyadaların döyüş
maşını, 180 nəfər hərbi mütəxəssisi və xeyli canlı qüvvəsi ilə Xocalını mühasirəyə
aldı. Ermənilər ən müasir silahlarla şəhərə hücum edərək Xocalı şəhərini yerlə-yeksan
etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdıldı, yandırıldı və
insanlar xüsusi qəddarlıqla qətlə yetirildi. Onların içərisində başları kəsilən,
gözləri çıxarılan, dərisi soyulan, diri-diri yandırılan və digər şəklə
salınanlar çoxluq təşkil edirdi. Bu gün Azərbaycanın xarici siyasətinin əsas
istiqamətlərindən biri də Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılmasıdır.
Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə
də bu soyqırıma obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar
atılıb. Bütün dünyanın gözü qarşısında
baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız ümummilli lider Heydər
Əliyev 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra açıqlandı,
1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı
soyqırımına siyasi-hüquqi qiymət verdi. 2002-ci
il fevralın 25-də ümummilli lider Heydər Əliyev Xocalı soyqırımının 10-cu
ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətində bu amansız kütləvi
qırğının tarixi-siyasi mahiyyətini göstərdi: Xocalı faciəsi 200 ilə yaxın bir
müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm
olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən
qanlı səhifəsidir. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə
yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində Azərbaycanın
I vitse-prezidenti, Heydər Əliyev Fondu, xüsusilə onun prezidenti, UNESCO və
ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın gördüyü işlər olduqca təqdirəlayiqdir.
Belə ki, Fond bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı
haqqında faktların dünyaya çatdırılması istiqamətində çox sistemli və ardıcıl fəaliyyət
göstərir. 2007-ci il fevralın 26-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə
Brüsseldə təşkil olunan "Təcavüzün qurbanları" adlı foto və uşaq rəsmlərinin
sərgisi də bu həqiqətlərin beynəlxalq aləmə çatdırılması işinin davamıdır. Fond
soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün həmin il
fevralın 19- 26-da Türkiyənin İstanbul və daha 25 vilayətində "Xocalı həftəsi"
adlı tədbirlər proqramı çərçivəsində anım mərasimləri keçirildi. Bundan başqa,
Xocalı faciəsinin beynəlxalq aləmdə tanıdılması istiqamətində 2008-ci il
fevralın 14-də Berlində keçirilmiş "Xocalı soyqırımı və 1915-ci il hadisələrindəki
gerçəklər" adlı elmi konfrans da son dərəcə əhəmiyyətli oldu. Heydər
Əliyev Fondunun dəstəyi ilə Xocalı faciəsinin 20-ci ildönümü 2012-ci ildə
dünyanın 100-dən artıq nöqtəsində qeyd olundu. Xocalı soyqırımına həsr olunmuş
silsilə tədbirlər Fondun hazırladığı təbliğat materialları əsasında həyata keçirilir.
2008-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən Şuşa şəhərinin
işğal edilməsinin ildönümündə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası
dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə "Xocalıya
ədalət!" kampaniyası təsis edilmiş və 2009-cu ilin fevralından bu
kampaniyaya start verildi. "Xocalıya ədalət!" beynəlxalq informasiya
və təşviqat kampaniyasının əsas məqsədi dünya ictimaiyyətini Xocalı soyqırımı
ilə əlaqədar məlumatlandırmaq, qətliama beynəlxalq aləmdə mənəvi-siyasi qiymət
verilməsinə və bu qanlı qırğının qurbanlarının xatirəsinin anılmasına nail
olmaqdır. Hazırda faciənin mənəvi və siyasi-hüquqi səviyyədə tanınmasına yönəlmiş
bu kampaniya bir çox ölkələrdə uğurla həyata keçirilir. 2010-cu il yanvarın
31-də İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının (İƏT
Pİ) Uqandanın paytaxtı Kampala şəhərində keçirilən və 51 ölkənin parlament heyətləri
başçılarının iştirak etdiyi VI sessiyasında forumun təşəbbüsü ilə "İslam Əməkdaşlıq
Təşkilatı Gənclər Forumu ilə İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı
arasında əməkdaşlıq haqqında" qətnamə imzalandı. "Xocalıya ədalət!"
beynəlxalq kampaniyası çərçivəsində qəbul olunmuş qətnamədə Xocalı faciəsinə
"Erməni silahlı qüvvələri tərəfindən dinc əhalinin kütləvi qətliamı"
və "İnsanlığa qarşı cinayət" kimi qiymət verildi. Qətnamədə
"Xocalıya ədalət" beynəlxalq kampaniyasına həm milli, həm də beynəlxalq
səviyyədə tam dəstək verməyə çağıran bənd də öz əksini tapdı. Bu, beynəlxalq təşkilatlar
tərəfindən Xocalı faciəsini "insanlığa qarşı cinayət" kimi tanıyan
ilk sənəddir. 2011-ci il yanvarın 19-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı
Əbu-Dabidə İƏT Pİ Şurasının XIII sessiyasında "Xocalıya ədalət!" beynəlxalq
kampaniyasına dəstək olaraq Xocalı faciəsini "insanlığa qarşı törədilmiş
kütləvi cinayət" kimi tanımağa çağıran Əbu-Dabi Bəyannaməsi qəbul edildi.
2012-ci il yanvarın 31- də İƏT Pİ-nin üzvü olan dövlətlərin İndoneziyanın
Palembanq şəhərində keçirilən VII sessiyası "Xocalıya ədalət!" beynəlxalq
kampaniyasını dəstəklədiyini bir daha təsdiq etdi. "Azərbaycan
Respublikasına qarşı Ermənistan Respublikasının təcavüzü" adlı son illər
davamlı olaraq qəbul edilən qətnaməyə forumun təşəbbüsü ilə xüsusi bir bənd də əlavə
olundu. Xocalı faciəsinə həsr edilən bölmədə qeyd edilir: "Konfrans üzv
ölkələrin parlamentlərini 2012-ci ildən etibarən (faciənin 20 illiyi) 1992-ci
il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən dinc azərbaycanlı əhaliyə
qarşı həyata keçirilən və soyqırımı xarakteri daşıyan kütləvi qırğını tanımağa
çağırır və Xocalı qırğınını törədənlərin məsuliyyətə cəlb olunmasını tələb
edir". Bu tanınma 2009-cu ildən həyata keçirilən "Xocalıya ədalət!"
beynəlxalq kampaniyasının fəaliyyətinin məntiqi nəticəsi oldu. Münaqişə ilə bağlı
qəbul edilmiş beynəlxalq sənədlər arasında bu qətnamədə ilk dəfə olaraq Xocalı
faciəsinə soyqırımı aktı səviyyəsində siyasi-hüquqi qiymət verildi. Nəzərə
alsaq ki, İƏT Parlament İttifaqı öz sıralarında dünya parlamentlərinin dörddə
birini cəmləşdirən və ən böyük parlamentlərarası beynəlxalq qurumlardandır,
onda bu qətnaməni Xocalı faciəsinin erməni millətçiləri tərəfindən Azərbaycan
xalqına qarşı aparılan soyqırımı siyasətinin tərkib hissəsi kimi beynəlxalq səviyyədə
tanınması və bu cinayəti törədənlərin hüquqi məsuliyyətə cəlb edilməsi üçün çox
mühüm əhəmiyyətli bir sənəd kimi qiymətləndirmək olar 2012-ci il noyabrın
15-17-də İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının (İƏT
XİNŞ) Cibutidə keçirilən 39-cu sessiyasında İƏT XİNŞ Xocalı faciəsini ilk dəfə
olaraq soyqırımı aktı kimi tanıdı. İƏT XİNŞ üzvü olan ölkələri və İƏT-in
qurumlarını kampaniyanın fəaliyyətində fəal iştirak etməyə və dəstək olmağa, bu
soyqırımı aktının beynəlxalq və milli səviyyələrdə insanlığa qarşı cinayət kimi
tanınması üçün səy göstərməyə çağırdı. İƏT-in ali orqanı olan və təşkilatın
dövlət və hökumət başçılarının iştirakı ilə 2013-cü il fevralın 6-7-də Misirin
paytaxtı Qahirə şəhərində keçirilən 12-ci Zirvə Toplantısında Xocalı faciəsi
soyqırımı aktı və insanlığa qarşı törədilmiş cinayət kimi tanındı. 2013-cü il
dekabrın 9-11-də Qvineyanın paytaxtı Konakridə keçirilmiş 57 ölkənin üzv olduğu
İƏT XİNŞ-nin 40-cı sessiyası Xocalı faciəsini soyqırımı aktı kimi tanıdığını
bir daha bəyan etdi. Qətnamə layihəsində "Xocalıya ədalət!"
kampaniyasına dair xüsusi bənd yer aldı. 2014-cü il fevralın 18-19-da İranın
paytaxtı Tehranda İƏT Pİ-nin Konfransının 9-cu sessiyasında "İƏT Parlament
İttifaqı ilə İƏT GF arasında əməkdaşlıq" adlı qətnamədə növbəti dəfə
Xocalı faciəsi "soyqırımı aktı və insanlığa qarşı törədilmiş cinayət"
kimi qiymətləndirildi. 2015-ci il mayın 27-28-də İƏT XİNŞ Xocalı faciəsinin
soyqırımı aktı olduğunu bir daha təsdiqləndi. Şuranın Küveytdə keçirilən 42-ci
sessiyasında qəbul edilən qətnamədə, üzv dövlətlər və İƏT qurumları
"Xocalıya ədalət!" kampaniyasında fəal iştirak etməyə çağırılır, həmçinin
Xocalı faciəsini törədənlərin məsuliyyətə cəlb olunmasının vacibliyi
bildirilir. 2016-cı il yanvarın 25-də İƏT Pİ-nin 11-ci konfransında "İslam
Əməkdaşlıq Təşkilatının Gənclər Forumu ilə İƏT Pİ arasında əməkdaşlıq"
adlı yekdilliklə qəbul edilən qətnamədə Xocalı faciəsi soyqırımı aktı və
insanlığa qarşı cinayət kimi tanındı (AZƏRTAC). Qətnamədə, həmçinin Xocalı
soyqırımını törədən cinayətkarların cəzalandırılması üçün İƏT-ə üzv ölkələrin
parlamentlərini zəruri addımların atılmasına çağıran müddəa öz əksini tapıb.
Xocalı soyqırımının ildönümləri Türkiyədə, Rusiyada, Almaniyada, ABŞ-da,
Ukraynada, Qazaxıstanda, Gürcüstanda, Küveytdə və dünyanın bir çox ölkələrində
qeyd olunur. Ötən illər ərzində Xocalı soyqırımının ABŞ-da tanınması istiqamətində
də xeyli işlər görülüb. Bu istiqamətdə ilk addım 2010-cu il fevralın 25-də
atılıb. Belə ki, həmin gün Massaçusets ştatının Nümayəndələr Palatası Xocalıda
qırğın törədilməsi faktının tanınması haqqında qətnamə qəbul edib. 2011-ci il
iyunun 11-də isə ABŞ-ın Texas ştatı Ermənistan tərəfindən Xocalıda çox ağır
cinayət törədilməsi faktını tanıyıb. Ştatın Nümayəndələr Palatası tərəfindən qəbul
edilmiş 535 nömrəli qətnamədə Azərbaycanın Xocalı şəhərinin dinc sakinlərinin
Ermənistan silahlı qüvvələri tərəfindən qırğına məruz qalması pislənilir. Bu
prosesin davamı olaraq 2012-ci il fevralın 22-də Nyu-Cersi ştatı, daha sonra isə
Corciya ştatı Xocalı qətliamı ilə bağlı qətnamə qəbul edib. Corciya ştatının
Nümayəndələr Palatasında 1594 saylı qətnamə Azərbaycan və türk diasporunun həyata
keçirdiyi kampaniya nəticəsində qəbul edilib. 2012-ci il martın 23-də isə daha
bir Amerika ştatı - Men ştatının Nümayəndələr Palatası Xocalı soyqırımının
20-ci ildönümü ilə əlaqədar qətnamə qəbul edib. Bunun ardınca, 2013-cü il
yanvarın 28-də Nyu-Meksiko ştatının əvvəlcə senat, sonra isə Nümayəndələr
Palatasında, ABŞ-ın Arkanzas ştatının Nümayəndələr Palatası fevralın 8-də,
senatı isə fevralın 11-də, fevralın 25-də isə Missisipi ştatı Xocalı
soyqırımına dair qətnamələr qəbul edib. Daha sonra martın 4-də Oklahoma ştatı,
8-də İndiana ştatı, 18-də Pensilvaniya ştatının Baş Assambleyası və Tennesi
ştatının qanunverici orqanının Nümayəndələr Palatasında, aprelin 3-də Vest Virciniya
ştatının qanunverici orqanının Nümayəndələr Palatasında Xocalı faciəsinin 21-ci
ildönümü ilə bağlı qətnamə qəbul edilmiş, mayın 3-də isə Konnektikut ştatının
Baş Assambleyası Xocalı qətliamını rəsmən tanıyıb. 2015-ci ilin fevralında
Arizona ştatının Senatı (yuxarı palata) Xocalı hadisələrini soyqırımı kimi
tanıyan qətnamə qəbul etmiş, mart ayında isə Yuta ştatının qubernatoru tərəfindən
Xocalı qətliamının tanınması ilə bağlı sənəd imzalanıb. 2016-cı ildə ABŞ-ın
Nebraska, Havay, Montana və Aydaho ştatları Xocalı soyqırımının tanınması ilə
bağlı xüsusi bəyannamə imzalamış və bununla da ABŞ-da Xocalı soyqırımını
tanıyan ştatların sayı 21-ə çatıb. Qeyd edək ki, bütün bunlar işğalçı Ermənistanın
təcavüzkar siyasətini ifşa edir.
İlham Əsədov,
YAP Neftçala rayon təşkilatının fəal
üzvü
Digər xəbərlər