Son 10 ildə ölkə iqtisadiyyatında makroiqtisadi sabitlik və dayanıqlıq təmin edilmiş, sosial rifahı dəstəkləyən iqtisadi artıma nail olunmuşdur.
Azərbaycan hazırda öz
inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub. 2030-cu ilədək olan dövrü
əhatə edən indiki strateji mərhələdə respublikamız qüdrətli dövlət və yüksək
rifah cəmiyyəti quruculuğunu hədəfləyib. Bu barədə Prezident İlham Əliyevin 22
iyul 2022-ci il tarixində imzaladığı müvafiq Sərəncamla təsdiqlənən “Azərbaycan
Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda
bildirilib. Sənəddə vurğulanır ki, müstəqil Azərbaycan dövlətinin qurucusu ulu
öndər Heydər Əliyevin ideyaları əsasında tərəqqi yolunda inamla addımlayan dövlətimiz
hazırda iqtisadi, sosial, siyasi və mədəni inkişafının tarixi dönüş mərhələsini
yaşayır. Öz tarixi ərazi bütövlüyünü təmin etməklə ölkəmiz yeni qlobal
reallıqlar fonunda növbəti və daha böyük transformasiya astanasına keçid edir.
Azərbaycanın
sosial-iqtisadi inkişafının ən yüksək mərləhəsi- son 10 ildəki vəziyyəti nəzərdən
keçirməklə bu haqda düzgün fikrə gəlmək olar. Beş fundamental nəticə- qalib
dövlət, beynəlxalq nüfuz, təhsilli cəmiyyət, böyük iqtisadi potensial və yüksələn
rifah ölkənin 10 illik sosial-iqtisadi inkişaf nailiyyətlərini xarakterizə
edir. Bu nailiyyətlər uzunmüddətli dövrdə ölkə iqtisadiyyatı üçün keyfiyyətcə
yeni sosial-iqtisadi inkişaf simasının formalaşmasına böyük töhfə verəcəkdir.
Əldə olunmuş nailiyyətlər son 10 ildə həyata keçirilən genişmiqyaslı hədəflərə
hesablanmış islahatların nəticəsidir. Tarixdə az ölkə tapmaq olar ki, cəmi 30
il ərzində belə uğur hekayəsi yaza bilsin.
Son 10 ildə ölkə
iqtisadiyyatında makroiqtisadi sabitlik və dayanıqlıq təmin edilmiş, sosial
rifahı dəstəkləyən iqtisadi artıma nail olunmuşdur. Ölkədə möhkəm
siyasi-ictimai sabitlik və təhlükəsizlik, uzaqgörən daxili və xarici siyasət
son 10 ildə qarşıya qoyulmuş mürəkkəb sosial-iqtisadi məqsədlərin, habelə ölkənin
ərazi bütövlüyünün bərpa edilməsində həlledici rol oynamışdır. Milli
iqtisadiyyatın aparıcı sahələrində müasir texnologiyaların geniş tətbiqi və
keyfiyyətli insan kapitalının cəlbi nəticəsində məhsuldarlıq xeyli artmış,
iqtisadiyyat sürətlə şaxələnmiş və daxili istehsal qlobal dəyər zəncirinə
effektiv inteqrasiya etmişdir.
Azərbaycan 4-cü Sənaye
İnqilabının aktiv mərkəzlərindən biri olmaqla xarici investorlar üçün böyük
fürsətlər məkanına çevrilmişdir. Bu dövrdə milli iqtisadiyyat 15% böyümüş,
qeyri-neft/qaz Ümumi Daxili Məhsul (ÜDM) isə 1,4 dəfə artmışdır. 2011-ci illə
müqayisədə qeyri-neft/qaz ixracının 78,3% artmasına nail olunmuşdur.
Son 10 ildə iqtisadiyyat iki qlobal maliyyə
böhranından uğurla çıxmış, ölkə iqtisadiyyatı xarici təsirlərə davamlı
olmuşdur. 2014‒2015-ci illərdə qlobal əmtəə bazarında
neftin qiymətinin 3 dəfəyə qədər azalması, 2020-ci ilin əvvəllərindən başlamış
və davam etməkdə olan pandemiya böhranı ölkədə makroiqtisadi sabitlik üçün
ciddi təhdidlər yaratmışdır. Bütün bunlara baxmayaraq, çevik və effektiv
iqtisadi idarəetmə hesabına ölkədə makroiqtisadi sabitlik, həmçinin əhalinin
rifahı və sağlamlığı qorunmuşdur. 2021-ci ilin sonuna valyuta ehtiyatlarımız təxminən
ÜDM-in həcminə bərabər olmuşdur ki, bu da milli iqtisadiyyatın xarici və daxili
təsirlərə qarşı tam dayanıqlığını əks etdirir.
Həyata keçirilən köklü struktur-institusional
islahatlar nəticəsində milli iqtisadiyyatın strukturu dəyişmiş, qeyri-neft
sektorunun payı xeyli yüksəlmişdir. 2012‒2021-ci illərdə qeyri-neft/qaz ÜDM-i hər
il orta hesabla 3,5% artaraq, 2011-ci ildəki 25,4 mlrd manatdan 2021-ci ilə
57,8 mlrd manata, qeyri-neft/qaz sektorunun payı 2011-ci ildəki 48,8%-dən
2021-ci ildə 62,2%-ə çatmışdır. Bu dövrdə iqtisadi artımın sahəvi hərəkətverici
qüvvəsi olan qeyri-neft/qaz sənayesi 2,3 dəfə, kənd təsərrüfatı 1,5 dəfə,
informasiya və rabitə sahəsi isə 2,4 dəfə böyümüşdür.
Son 10 il ərzində ölkədə əhalinin sosial rifahının
yaxşılaşdırılması istiqamətində ardıcıl genişmiqyaslı dövlət proqramları həyata
keçirilmişdir. Bu dövrdə məşğul əhalinin sayı 14,0%, muzdla işləyənlərin sayı
22,9% artmış, işsizlik səviyyəsi isə pandemiya ilə əlaqədar dalğalanmalara məruz
qalmasına baxmayaraq, 2021-ci ildə ölkə üzrə 6,0% təşkil etmişdir.
Ölkədə yoxsul təbəqənin ehtiyaclarının
qarşılanmasına yönələn ünvanlı dövlət sosial yardımı genişləndirilmiş, aztəminatlı
ailələrin təminatı daha da gücləndirilmişdir. Son 10 ildə aztəminatlı ailələrə
verilən sosial yardımın orta aylıq məbləği 2,6 dəfə artırılaraq 2021-ci ildə
280 manata çatdırılmışdır. Həyata keçirilən tədbirlər nəticəsində, milli
yoxsulluq həddindən aşağı səviyyədə yaşayan əhalinin xüsusi çəkisi 2019-cu ildə
2010-cu illə müqayisədə 9,1%-dən 4,8%-dək azalmışdır. 2020-ci ildə isə COVID-19
pandemiyası ilə əlaqədar qeyd olunan göstərici 6,2%-dək artsa da, 2021-ci ildə
5,9%-ə enmişdir.
Aytac İskəndərli,
YAP Neftçala rayon təşkilatının əməkdaşı
Digər xəbərlər