“Azərbaycanın ən böyük sərvəti Xəzərdən külli miqdarda çıxarılmış neft və qaz deyil. Məhz neftçıxarmanın müxtəlif sahələri üzrə toplanmış zəngin təcrübə, təşəkkül tapmış böyük alim və mütəxəssis ordusu, insan potensialı olmuşdur.”

2023-04-25 Baxış: 232
img

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbər seçildikdən sonra sosial-iqtisadi həyatın bütün sahələrində olduğu kimi, neft emalı sənayesində də dərin keyfiyyət dəyişiklikləri baş vermişdir. 1969-cu ildən başlayaraq Azərbaycanın xalq təsərrüfatının bütün sahələri kimi neft və qaz sənayesinin də yüksək dinamik inkişaf mərhələsinə qədəm qoyması ilə səciyyələnir. Bu dövrdə Azərbaycanın neft və qaz sənayesinin inkişaf tarixində yeni mərhələ başlayır.

1971-ci ildə ulu öndər Heydər Əliyevin iştirakı ilə Azərbaycanda 1 milyardıncı ton neftin hasilatının qeyd edildiyi təntənəli mərasim keçirilmişdir. Heydər Əliyevin təşəbbüsü və böyük səyi nəticəsində 70-80-ci illərdə Azərbaycanda neft sənayesinin inkişafına təkan verən 75 növdə 400-dən çox ağır yük qaldıran kran gəmisi, boruçəkən gəmilər, seysmik, sərnişin və s. gəmi növləri gətirildi. Xəzərdə 2500 t gücündə "Azərbaycan" kranı, "Xəzər" tipli özüqalxan, sonralar isə dənizin 200 m dərinliyindəki sahələrdə işləməyə imkan verən "Şelf" tipli yarımdalma üzən qazma qurğularının alınması nəticəsində dənizin daha dərin sahələrində zəngin neft və qaz yataqlarının kəşf olunmasına imkan yarandı. Nəticədə 60-cı illərin sonu ilə müqayisədə yeni 8 neft və qaz yataqları kəşf edildi, neft ehtiyatları iki, qaz ehtiyatları isə üç dəfə artırıldı. 1975-ci ildə neft və qazın ümumi hasilatı 27,1 mln. t-a (şərti yanacaq) çatdırıldı. 80-ci illərdə üzən qazma qurğularının sayı 11-ə çatdı və onlardan istifadə nəticəsində, indi Azərbaycan neftinin əsas hissəsini təşkil edən dənizin 80-350 m dərinlkdə yatan zəngin neft ehtiyatlarına malik olan yataqlar kəşf olundu (Günəşli, Çıraq, Azəri və b.).

Məhz böyük siyasətçi Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ilk dəfə olaraq Azərbaycanda neft emalı üçün xüsusi proqram hazırlanmış və həyata keçirilməyə başlanmışdır. Həmin proqrama əsasən yeni texnika və texnologiyaya malik zavodlar yaradılmış, təzə qurğular inşa olunmuşdur.. Eyni zamanda neftayırma zavodlarının yenidən qurulmasına başlandı. "Azərbaycanda neftayırma sənayesinin yenidən qurulması" planı mərhələlərlə icra olunduqca, bu sahədə başlanan keyfiyyət dəyişiklikləri də genişlənərək dərinləşirdi. Məsələn, 1976-cı ildə "ELOU-AVT-6", 1980-ci ildə "Katalitik Riforminq", 1986-cı ildə "Neftin kokslaşdırılması", 1993-cü ildə "Katalitik Krekinq" qurğularının inşası, hələ sovet hakimiyyəti illərində onun rəhbərliyi ilə respublikamızda görülən digər işlər, yaradılan möhkəm təməl bu gün müstəqil Azərbaycanda dünya standartlarına uyğun neft sənayesinin formalaşmasına imkan yaratmışdır.

Ümummilli Lider Heydər Əliyev 6 noyabr 1999-cu ildə Azərbaycan dəniz neft sənayesi işçiləri ilə görüşündə qeyd etmişdir ki, biz ölkəmizi iqtisadi cəhətdən inkişaf edən ölkə etmək istəyirik. Biz ölkəmizin vətəndaşlarına firavan həyat yaratmaq istəyirik. Biz müstəqil dövlət kimi daim yaşamaq istəyirik. Bütün bu işlər – təkcə neft sahəsində deyil, Azərbaycan iqtisadiyyatının, həyatının bütün başqa sahələrində də gördüyümüz işlər məhz bu məqsədi daşıyır. Bazar iqtisadiyyatı, sərbəst iqtisadiyyat Azərbaycan iqtisadiyyatının bu günü və gələcəyini təşkil edir.

Azərbaycanın ən böyük sərvəti Xəzərdən külli miqdarda çıxarılmış neft və qaz deyil. Məhz neftçıxarmanın müxtəlif sahələri üzrə toplanmış zəngin təcrübə, təşəkkül tapmış böyük alim və mütəxəssis ordusu, insan potensialı olmuşdur. Azərbaycan dövləti sahibkarlığın sürətlə inkişaf etdirilməsini ölkədə iqtisadi və sosial problemlərin həllinin, cəmiyyətdə sabitliyin möhkəmləndirilməsinin mühüm amili hesab edir. Dövlətimizin qarşısında duran əsas vəzifələrdən biriAzərbaycanın iqtisadiyyatını inkişaf etdirmək, vətəndaşlarımızın rifahını yaxşılaşdırmaqdan ibarətdir. Ölkəmiz dünya miqyasında geostrateji əhəmiyyətə malik olan əlverişli coğrafi mövqeyindən, zəngin təbii ehtiyatlarından və böyük potensialından istifadə edərək, Şərq və Qərb arasında körpü rolunu səmərəli surətdə həyata keçirməyə qadirdir.  

Neft özü-özlüyündə bizim üçün heç də məqsəd deyildir. O, Azərbaycan Respublikasının müstəqilliyinin möhkəmləndirilməsi, iqtisadiyyatın digər sahələrinin inkişaf etdirilməsi, yeni sahələrin yaradılması, xalqın rifah halının yüksəldilməsi kimi ali məqsədlərimizin uğurla həyata keçirilməsi üçün güclü bir vasitədir, əlverişli bir mənbədir.

Bizim iqtisadiyyatımızın, iqtisadi siyasətimizin əsas istiqaməti, ana xətti bütün bu islahatların sosial yönümlüyüdür. Neftin və qazın Avropa istiqamətində ixrac olunması – təkcə iqtisadi, kommersiya məsələsi deyildir. Bu, siyasi məsələdir. Bu, bizim Qərb ilə inkişaf etmiş ölkələrlə inteqrasiyamızın əsasıdır. Bu, eyni zamanda bizim bölgəmizdə təhlükəsizliyin təmin olunmasının əsasıdır. Demək, bu eyni zamanda böyük bir siyasi məsələdir. Bizim iqtisadiyyatımızın aparıcı qüvvəsi özəl sektordur, sahibkarlardır.

Səbuhi Nağıyev ,

YAP Neftçala rayon təşkilatının fəal üzvü