Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra üç ildən az müddətdə, 1994-cü ildə müqavilə imzaladı

2023-05-01 Baxış: 258
img

25 aprel tarixində Prezident İlham Əliyev Sofiyada Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında Anlaşma Memorandumunun imzalanması mərasimində çıxışı zamanı bildirib ki, imzalanmış Anlaşma Memorandumu icra olunduqdan sonra Avropada enerji təhlükəsizliyini birmənalı olaraq gücləndirəcək və Azərbaycan üçün daha çox Avropa ölkəsinə daha çox qaz ixrac etməyə fürsət yaradacaq. Enerji resurslarının daha da şaxələndirilməsi, o cümlədən enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində imzalanmış Memorandum çox mühüm addımdır. Yunanıstan ilə Bolqarıstan arasında interkonnektor vasitəsilə inteqrasiya layihəsi Azərbaycanın təbii qaz təchizatının coğrafiyasını genişləndirmək imkanını yaratdı.

Memorandum əsasında Azərbaycan 2027-ci ilə qədər Avropa İttifaqı bazarına qaz təchizatını iki dəfə artırmağı planlaşdırır. 2021-ci ildə Avropaya 8 milyard kubmetr qaz çatdırıldı, bu il isə 12 milyard kubmetr hədəflənib. Beləliklə, həmin həcm bu il üçün planlaşdırılmış 24,5 milyard kubmetr səviyyəsində ümumi qaz ixracının təxminən yarısını təşkil edəcək. Bu gün Azərbaycan qazı Gürcüstana, Türkiyəyə, Yunanıstana, Bolqarıstana və İtaliyaya ixrac edilir. Bu ildən başlayaraq qaz Rumıniyaya da çatdırılır. Əgər bütün lazımi interkonnektorlar olarsa, bu ilin sonundan etibarən ölkəmiz Macarıstana və Slovakiyaya qaz təchizatını başlayacaq.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra üç ildən az müddətdə, 1994-cü ildə müqavilə imzaladı. Sonradan həmin müqavilə “XX əsrin müqaviləsi” adlandırıldı. Ölkəmiz ilk dəfə olaraq Xəzər dənizində nefti hasil və ixrac etmək məqsədilə xarici neft şirkətlərini dəvət etdi. Bu gün XXI əsrin layihəsini həyata keçiririk və onun miqyası genişlənir. Enerji sahəsində etibarlı tərəfdaş kimi Azərbaycan bütün hədəflərə nail olmaq üçün lazımi addımları davam etdirməyə hazırdır. Üç əsas enerji infrastrukturu layihəsinin uğurlu tamamlanmasından sonra, yəni – iki neft boru kəməri – biri Xəzərdən Aralıq dənizinə, digəri isə Xəzərdən Qara dənizə gedən boru kəməri və uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizindən sonra, hazırda Azərbaycanın bərpaolunan enerjinin istehsalı və ixracı mənbəyinə çevrilməsi üzərində çalışmalar aparılır. Cənab Prezident çıxışında onu da vurğuladı ki, neft meqalayihələrindən tutmuş, hazırda qaz, sonra yaşıl hidrogenə qədər layihələr var. Bütün bunlardan əlavə, güclü ötürmə xətləri olacaq və bu, tamamilə yeni vəziyyət yaradacaq. Bir sözlə, Avrasiyanın enerji xəritəsi yenidən cızılır.

Azərbaycan Respublikası Cənubi Qafqazın yeganə ölkəsidir ki, zəngin karbohidrogen ehtiyatlarına, inkişaf etmiş yanacaq-energetika infrastrukturuna və özünü tam təmin edən enerji sisteminə malikdir. Ölkəmiz təkcə milli və regional səviyyədə deyil, həm də dünya enerji sistemində getdikcə həlledici bir vəsiləyə çevrilir. Azərbaycanın transmilli enerji bazarlarında özünəməxsus yer tutması və Avropanın enerji təhlükəsizliyində fəal iştirakı, regional və planetar geosiyasi, geoiqtisadi mövqeyinin möhkəmlənməsinə xüsusi təsir göstərməkdədir.

 

Cavad Mirzəyev,

YAP Neftçala rayon təşkilatının əməkdaşı