Biznes qurumlarının birgə fəaliyyəti ticarət dövriyyəsinin artırılmasına gətirib çıxaracaq.

2023-05-26 Baxış: 319
img

Prezident İlham Əliyevin mayın 22-də Litvaya rəsmi səfəri və səfər çərçivəsində imzalanmış sənədlər Azərbaycan və Litva arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin daha da genişləndirilməsinə mühüm töhfə oldu. 22 may tarixi Litva dövlətinə rəsmi səfəri və səfər zamanı keçirdiyi görüşlərlə, mətbuata verdiyi bəyanatla yadda qaldı.  Ölkə Prezidenti İlham Əliyev bəyanatında bildirdi ki, Azərbaycan və Litva arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Aramızda çox fəal siyasi dialoq aparılır və bu dialoq konkret nəticələrlə də tamamlanır. Siyasi müstəvidə əldə edilmiş razılaşmalar bütün digər sahələrə də öz müsbət təsirini göstərir. Ölkə başçısı qeyd etdi ki, əməkdaşlığın genişləndirilməsi üçün önəmli addımlar atılacaqdır. Gələcək illərdə iqtisadiyyat, ticarət sahələrində də siyasi səviyyədə olduğu kimi işlər sürətlə gedəcək.

Dövlət başçısı qeyd etdi ki, biznes qurumlarının birgə fəaliyyəti ticarət dövriyyəsinin artırılmasına gətirib çıxaracaq. Hər iki tərəfdən çox böyük maraq var və keçən ilin may ayında Prezident Nausedanın Azərbaycana rəsmi səfəri çərçivəsində Bakıda Litva-Azərbaycan biznes forumu keçirilmişdir. İşğalın acı fəsadlarından söz açan ölkə rəhbəri vurğuladı ki, Azərbaycan torpaqları uzun illər ərzində - 30 ilə yaxın Ermənistanın işğalı altında idi. Bir milyon azərbaycanlı bu işğal nəticəsində öz doğma torpaqlarından didərgin düşmüşdür, ərazilərimizin təxminən 20 faizi işğal altında idi. İşğal edilmiş ərazilərdə bütün infrastruktur, binalar, o cümlədən tarixi abidələr işğalçılar tərəfindən dağıdılıb.

Ölkə başçısı bildirdi ki, sülh danışıqlarının aparılması nəticə etibarilə Qafqaza uzunmüddətli sülh gətirəcək. Sülh anlaşmasının imzalanması qaçılmazdır. Azərbaycan öz tərəfindən bu məqsədə çatmaq üçün konstruktiv səylər göstərir. Təbii ki, bu sülh anlaşması beynəlxalq norma və prinsipləri əhatə etməlidir. Dövlətimizin başçısı vurğuladı ki, Litva ilə ikitərəfli əməkdaşlıq eyni zamanda, Avropa İttifaqı-Azərbaycan çərçivəsində də önəmli rol oynayır. Azərbaycan təbii qazının Avropa bazarlarına nəql edilməsi ilə bağlı çox ciddi addımlar atılır. İxrac edilən qazın həcmi ildən-ilə artır.

 

Elnur Səfərov,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədri