“Biz Nəsimini dünyaya tanıtmaqla Azərbaycanı yenidən tanıtdıq.”

2023-06-22 Baxış: 314
img

         “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi üzrə dövlət komissiyasınn növbəti iclasında nitqindən (8 aprel 1999-cu il)

Yaşadığı ömrünün hər anını milli dirçəlişin və bəşəri dəyərlərin inkişafına həsr edən dahi lider Heydər Əliyev daim ziyalılara diqqətlə yanaşırdı. Hakimiyyəti boyu ziyalıların və ziyalılığın himayədarı olan Heydər Əliyev ədəbiyyat insanlarına həmişə diqqət göstərmişdir. İstər yazarların, istərsə də, ədəbiyyatşünasların dayağı olan Ulu Öndər ədəbiyyata dərindən bələd olmuş və sözə sevgi ilə yanaşmışdır. Bunu onun hələ sovetlər dönəmində yazarların müxtəlif illərdə keçirilən qurultaylarında iştirak etməsi də sübut edir.
O, həmin qurultaylarda iştirak etməklə qurultay iştirakçılarına stimul verir, ədəbiyyatın inkişafı üçün şərait yaradırdı. Ulu Öndər Heydər Əliyevin söz adamlarına, ziyalılara diqqəti və qayğısı bununla kifayətlənmirdi. Qüdrətli Azərbaycan ədəbiyyatı tarixinin müasir dövrdə mühafizəçisinə çevrilirdi. Ölkənin bütün hüdudlarını əhatə edən ayrı-ayrı bölgələrdə yerli şəraitin tələblərinə uyğun milli mədəniyyət ocaqlarının və abidələrinin yaradılmasına xüsusi əhəmiyyət verirdi.

Görkəmli dövlət xadimi Heydər Əliyevin elm və mədəniyyətin inkişafı istiqamətində gördüyü işlər ona xas sistemlilik, ardıcıllıq və gələcəyə hesablanması ilə seçilmişdir. Xalqın özünü dərk etməsində, milli köklərə daha möhkəm bağlanmasında folklorun əvəzsiz rol oynadığını nəzərə alan Heydər Əliyev “Kitabi-Dədə Qorqud” eposunun 1300 illik yubileyinin keçirilməsi haqqında tarixi fərman imzalamışdır. Həmin fərman “Kitabi-Dədə Qorqud” haqda, bu eposun yaranma dövrü haqda yenidən düşünüb-daşınmaq zərurətini meydana çıxarmışdır. “Kitabi-Dədə Qorqud” barədəki çıxışlarında bu dastanın VII əsrdə yaranmasını xüsusi olaraq diqqətə çatdıran, bu dastanın Azərbaycan xalqı ilə yanaşı, digər türk xalqlarının da ədəbi abidəsi olduğunu qeyd edən Heydər Əliyev epos və milli dövlətçilik məsələsi üzərində daha ətraflı dayanmağı vacib saymışdır. Siyasi müstəqillik, Oğuz elinin başqa dövlətlərdən asılı olmaması ideyasının “Kitabi-Dədə Qorqud”da qabarıq ifadə edilməsinə əsaslanan Heydər Əliyev Azərbaycanın siyasi müstəqilliyinin qorunub saxlanması və daha da möhkəmləndirilməsi işində bu eposun mühüm əhəmiyyət daşımasını xüsusi olaraq vurğulamışdır. “Kitabi-Dədə Qorqud” haqqındakı çıxışlarında Heydər Əliyev “əxlaq kodeksimiz”, “milli estetikamızın mötəbər qaynağı”, “tariximizin, etnik yaddaşımızın, arxaik təfəkkürümüzün güzgüsü”, “nitqimizin, dilimizin, mənəviyyatımızın, ruhumuzun nəğməsi” adlandırdığı bu dastanın açılmayan səhifələrinin, öyrənilməyən məsələlərinin olduğuna diqqəti yönəltmiş, bu dastanla bağlı gələcək araşdırmalara yol açmışdır.

Ulu Öndər 1999-cu il aprelin 8-də “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi üzrə dövlət komissiyasının növbəti iclasında bidirmişdir : “Biz Nəsimini dünyaya tanıtmaqla Azərbaycanı yenidən tanıtdıq.”

Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə milli-mənəvi dəyərlərimizin qorunmasına, təbliğinə xüsusi qayğı ilə yanaşırdı. "Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir". Bu müdrik ifadələr Ümummilli Lider Heydər Əliyevə məxsusdur. Dahi siyasət xadimi yaxşı bilirdi ki, milli dövlətçilik dəyərlərinin əsasını mədəniyyət təşkil edir. Sabahkı uğurlara yeganə təminat isə sağlam cəmiyyət quruculuğuna diqqəti artırmaq, köklü mənəvi dəyərləri yeni nəslə və bütün cəmiyyətə daha dərindən və əzmlə aşılamaqdır. Mədəniyyəti xalqın böyük sərvəti hesab edən Ulu Öndər rəhbərlik fəaliyyətinin bütün dövrlərində bu sahənin inkişafını diqqət mərkəzində saxlamışdır. Mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev qayğısından bəhrələnməsin.

Gövhər Mahmudova,

YAP Neftçala rayon təşkilatının fəal üzvü