Qonşu ölkələrlə və tərəfdaş ölkələrlə aparılan danışıqlar göstərir ki, Azərbaycan ərazisindən bir neçə dəfə çox yüklərin daşınması mümkün olacaqdır
Hər bir
ölkənin təhlükəsizliyi və inkişaf göstəricilərini həm də qonşuları ilə münasibətləri
müəyyən edir. Hansı ölkə ki, qonşularla siyasi konfliktlər yaşamır, isti əlaqələrə
malikdir və əməkdaşlıq edir, həmin ölkə təhlükəsizliyi və davamlı inkişafı üçün
əlavə avantaj qazanmış olur. Bu cür əlaqələr regionun da taleyinə təsir edir.
Azərbaycanın xarici siyasətində bu prinsip aydın ifadə olunur -
qonşularla əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və şaxələndirilməsi.
Qlobal miqyasda etibarlı tərəfdaş kimi nüfuz qazanan Azərbaycan regionun
lokomotivi olaraq yüksək reputasiyaya sahibdir. Rəsmi Bakı, təbii olaraq,
işğalçı Ermənistan istisna olmaqla, yerləşdiyi regionun bütün ölkələri ilə müxtəlif
platformalarda iki və çoxtərəfli əməkdaşlıq əlaqələrinə malikdir. Bu, özünü
siyasi münasibətlərdə də, xarici ticarət dövriyyəsində də göstərir.
Bu gün Azərbaycanın bir çox sahələrdə
inkişafı göz qabağındadır. Onlardan biri də qədim
tarixə malik olan gəmiçiliyin yeniləşməsinə göstərilən diqqətdir.
İyulun
11-də Prezident İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının
sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə keçirilib. Müşavirədə
Prezident İlham Əliyev çıxışı zamanı bir çox məsələlərə toxunub.
Nəqliyyat
sektorunun əhəmiyyətinə toxunan Prezident İlham Əliyev bildirib ki, bəzi məhdudlaşdırıcı
tədbirlər yeni nəqliyyat marşrutlarının açılmasına gətirib çıxarır və Azərbaycanın
əlverişli coğrafi vəziyyəti üçün əlavə imkanlar yaranır: “Nəqliyyat sektoruna tələbat
daha da artır. Həm Şimaldan Cənuba və əks istiqamətdə, həm də Şərqdən Qərbə
və əks istiqamətdə yükdaşımaların artması göz önündədir. Burada da Azərbaycan
çox etibarlı tərəfdaş kimi çıxış edir və öz qonşuları ilə sıx təmasdadır,
qonşuların nəqliyyat problemlərinin həlli üçün öz köməyini də əsirgəmir. Lazımi
hüquqi baza var və sənaye zonaları artıq uzun illərdir ki, fəaliyyət göstərir. Ələt
Azad İqtisadi Zonasının rəsmi açılışı oldu və dövlət tərəfindən qoyulan sərmayə
artıq nəticə verməyə başlamışdır. Özəl investorlar da artıq cəlb edilib. Ölkə ərazisində
Cənubdan Şimala və Şərqdən Qərbə gedən yollar rayonlarımızın əksəriyyətini əhatə
edir. Deməli, hər bir istiqamət üzrə spesifikaya görə, iqlimə görə,
ixtisaslaşmaya görə xüsusi bir biznes imkanları olmalıdır. Öz nəqliyyat
imkanlarımızı hüdudlarımızın kənarına da çıxara bildik. İlk növbədə, Qara
dənizdə. Üç böyük tanker alınmışdır, hərəsi 115 min tonluq. Bu, ilk dəfədir Azərbaycan
tarixində. Tankerlərə “Şuşa”, “Qarabağ” və “Zəngəzur” adları verilib. Azərbaycan
mallarının Azərbaycan şirkəti tərəfindən daşınması bizə əlavə gəlir gətirəcək və
biz artıq Qara dənizdə də varıq. Bizim kiçik həcmli gəmilərimiz var idi.
Amma bu gün bizim “Aframax” tipli ən böyük tankerlərimizdən üçü artıq Qara dənizdə
işləyir.
Xəzərdəki
gəmiqayırma imkanlarımıza yenidən baxmalıyıq. Qonşu ölkələrdən sifarişlər
gəlir. Bizim gəmiqayırma zavodumuz mövcud daşıma imkanlarımıza hesablanmışdır.
Eyni zamanda, uzun illər fəaliyyət göstərən gəmilərin sıradan çıxmasını da nəzərə
alırıq. Çünki onlar sıradan çıxır, təzələnməlidir. Amma indi daha böyük tələbat
var - həm bizim, həm də ki, qonşu ölkələrin. İstisna deyil ki, biz nə vaxtsa gəmiqayırma
zavodunun istehsalat sahələrinin genişləndirilməsinə də başlaya bilərik.
Qonşu
ölkələrlə və tərəfdaş ölkələrlə aparılan danışıqlar göstərir ki, Azərbaycan ərazisindən
bir neçə dəfə çox yüklərin daşınması mümkün olacaqdır. Bizim aşırma
qabiliyyətimiz 15 milyon tona hesablanıb. Əvvəlki dövr üçün bu, kifayət idi. Bir-iki
ildən sonra bu, çatmaya bilər”.
Vəfa Bayramova,
YAP Neftçala rayon təşkilatının fəal üzvü
Digər xəbərlər