Naxçıvan Muxtar Respublikasının gələcək inkişafı ilə bağlı dövlət proqramı qəbul edilmişdir.
Azərbaycan Respublikasının
ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının təqribən yarıməsrlik
dövrü xalqımızın Ümummilli Lideri Heydər Əliyevin fəaliyyəti ilə sıx bağlıdır.
Məhz Ulu Öndərin çoxşaxəli fəaliyyəti sayəsində ölkəmizin bütün regionlarının,
o cümlədən Naxçıvanın sosial-iqtisadi inkişafının möhkəm bünövrəsi qoyulmuşdur.
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı sahəsində
2004-cü ildən etibarən qəbul edilmiş dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin
icrası Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın inkişafı, yeni iş yerlərinin
və müəssisələrin yaradılması, kommunal və sosial infrastruktur təminatı səviyyəsinin
yüksəlməsi ilə nəticələnmişdir.
Məlum olduğu kimi, iyulun 11-də Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin sədrliyi ilə cari ilin birinci yarısının sosial-iqtisadi
yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir. Dövlət başçısı bu ilin ötən
dövründə ölkəmizdə həyata keçirilən tədbirlərdən bəhs edərkən Naxçıvan Muxtar
Respublikasının gələcək inkişafı ilə bağlı məsələyə də toxunmuş və qeyd
etmişdir ki, bu yaxınlarda Naxçıvan Muxtar Respublikasının gələcək inkişafı ilə
bağlı onun göstərişi ilə Dövlət Proqramı qəbul edilmişdir. Bu, Naxçıvanın
uğurlu sosial-iqtisadi inkişafını qısa müddət ərzində təmin edə biləcək
proqramdır. Ölkə başçısı Dövlət Proqramının tam icra ediləcəyinə əminliyini
ifadə edərək pro¬qramın öz resurslarımıza əsaslanaraq qəbul edildiyini
vurğulamışdır.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı
ilə “Naxçıvan Muxtar Respublikasının 2023-2027-ci illər üçün sosial-iqtisadi
inkişafı haqqında Dövlət Proqramı”, təxminən, bir ay bundan əvvəl – iyunun 5-də
təsdiq olunub. Bu proqram indiyədək muxtar respublikada həyata keçirilmiş Dövlət
proqramları içərisində daha mükəmməl hazırlanma mexanizmi və əhatəliliyi ilə
seçilir. Belə ki, proqramın hazırlanması üçün cari ilin əvvəllərindən muxtar
respublikada bir çox sahələr ciddi təhlil olunmuş, mövcud vəziyyət yerində
araşdırılaraq qiymətləndirilmiş və bütün bunların əsasında məqsədyönlü qərarlar
verilərək qarşıdakı hədəflər müəyyənləşdirilmişdir. Bununla bərabər, proqramın
hazırlanmasında mühüm amillərdən biri gələcək hədəflərin müəyyənləşdirilməsində
GZİT (Güclü və Zəif tərəflər, İmkanlar və Təhlükələr) təhlilindən istifadə
olunmasıdır. Bu təhlil birbaşa imkan verir ki, proqramda qarşıya qoyulmuş
tapşırıqların icrasında ayrı-ayrı sahələrin mövcud vəziyyəti nəzərə alınaraq,
ona müvafiq olaraq addımlar atılsın. Ümumilikdə isə bəhs olunan Dövlət Proqramında
11 istiqamət prioritet olaraq seçilmişdir. Bunlar əlverişli biznes mühitinin
yaradılması, ticarətin, ixracyönümlü sənayenin, kənd təsərrüfatı məhsulları
istehsalının və emalının, turizmin inkişafı, elektrik enerjisi istehsalının və
ixracının artırılması, infrastruktur təminatının, sosial sektorun, insan
kapitalının inkişafı, institusional inkişaf və ətraf mühitin mühafizəsinin gücləndirilməsidir.
Ölkə başçısının müşavirədə səsləndirdiyi mühüm fikirlərdən
biri də bu idi ki, Naxçıvanın da Qarabağ və Şərqi Zəngəzur kimi “yaşıl
enerji” zonasına çevrilməsi qarşıya mühüm məqsəd kimi qoyulub: “…orada
Naxçıvanın da Qarabağ və Şərqi Zəngəzur kimi “yaşıl enerji” zonasına çevrilməsi
məsələsi mənim tərəfimdən qoyulmuşdur. Naxçıvan Muxtar Respublikasında elektrik
enerjisinin böyük hissəsi indi su elektrik stansiyaları vasitəsilə istehsal
olunur. Orada günəş və külək elektrik stansiyalarının inşası da nəzərdə tutulur
– ola bilər 1000 meqavat, ola bilər 1500 meqavat. Biz həm muxtar respublikanın
bütün tələbatını “yaşıl enerji” ilə təmin edəcəyik, həm də qonşu ölkələrə də
“yaşıl enerji”ni ixrac edəcəyik”.
Qeyd edək ki, hesablamalara görə, Naxçıvanın, eləcə də Qarabağ və Şərqi Zəngəzurun
bərpa olunan enerji mənbələri üzrə ümumi texniki potensialı 15 qiqavat təşkil
edir. Bunu da vurğulayaq ki, əgər Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji”
zonasına çevrilməsi layihəsi Vətən müharibəsindən sonra qəbul olunsa da,
Naxçıvanın energetika sisteminin, xüsusilə bərpa olunan enerji mənbələri
hesabına qurulması konsepsiyası dövlət başçısı cənab İlham Əliyevin
prezidentlik fəaliyyətinin ilk illərindən qarşıya məqsəd kimi qoyulub. Belə ki,
hələ 2004-cü ildə qəbul olunmuş “Azərbaycan Respublikasında alternativ və bərpa
olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”na əsasən
enerji təminatı sahəsində resurs əvəzləyici potensial əldə olunması
strategiyası həyata keçirilir. Həmin proqramda qeyd edilir ki, Naxçıvan Muxtar
Respublikasının enerji sisteminin ölkənin əsas enerji sistemi ilə əlaqəsinin
olmadığını nəzərə alaraq, ilk növbədə, muxtar respublikada orta, kiçik, mikro
su elektrik stansiyalarının tikilməsi daha məqsədəuyğundur. Bu işin təşviqi
olaraq bərpa olunan enerji mənbələrinin hasilatı üçün texnoloji avadanlıqların
istehsalı Naxçıvan Muxtar Respublikasında qurulmalıdır. Ötən dövrdə bu sahədə
ciddi addımlar atılmış, müxtəlif həcmli enerji istehsal edən obyektlər istifadəyə
verilmişdir. Xüsusilə 2006-cı ildə Şahbuz rayonunda Heydər Əliyev Su Anbarı üzərində
4,5 meqavat gücündə su elektrik stansiyası, 2010-cu ildə Ordubad rayonunda
Gilançay üzərində 22 meqavat gücündə Biləv Su Elektrik Stansiyası, 2014-cü ildə
Şərur rayonunda 20,5 meqavat gücündə “Arpaçay-1” və 1,4 meqavat gücündə
“Arpaçay-2” Su Elektrik stansiyaları istifadəyə verilməsi muxtar respublikanın
energetika sisteminin yaxşılaşdırılmasına öz töhfəsini vermişdir. Növbəti illərdə
isə bu işlərin davamı olaraq Babək, Kəngərli və Şərur rayonlarında müxtəlif gücə
malik Günəş, Culfa rayonunda isə Külək Elektrik stansiyalarının tikilərək
istismara verilməsi muxtar respublikada bərpa olunan enerji mənbələrində enerji
istehsalının həcmini xeyli yüksəltmişdir.
Həyata keçirilən tədbirlərin mahiyyətində həm də bu durur ki, Naxçıvan Azərbaycanın
energetika sisteminə inteqrasiya etməklə ölkəmizin digər bölgələrində, xüsusilə
Qarabağ və Şərqi Zəngəzurda istehsal olunan “yaşıl enerji”nin də ixracat
qovşağına çevrilir. Təsadüfi deyil ki, “Cəbrayıl” enerji qovşağının
yaradılması elektrik enerjisinin Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana, oradan
Türkiyəyə, sonra isə Avropaya ötürülməsinə imkan yaradacaq. Bununla da,
Naxçıvan “yaşıl enerji”nin istehsalı və istehlakı ilə bərabər, həm də ixracında
əsas marşruta çevriləcək. Bütün bunlar isə muxtar respublikanın hərtərəfli
inkişafında mühüm rol oynayacaq.
Aytac İskəndərli,
YAP Neftçala rayon təşkilatının mühasibi
Digər xəbərlər