Bəzi Amerika şirkətləri artıq Azərbaycanın bərpaolunan enerji sahəsinə maraq göstərir

2023-07-26 Baxış: 328
img

Qəhrəman Şuşa şəhəri erməni işğalından azad edildikdən sonra bir sıra mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edib. Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü münasibətilə keçirilən Foruma 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumunun qatılması təsadüfi sayıla bilməzdi. İlk dəfə idi ki, dünyanın aparıcı media, jurnalist təşkilatlarının rəhbərləri, media, informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertlər, tanınmış jurnalistlər Şuşada bir araya gəlmişdi. Prezident İlham Əliyevin Forumda çıxışı zamanı toxunduğu məsələlər, həmçinin regionda baş verən proseslər, Azərbaycan-Ermənistan münasibətlərin normallaşdırılması ilə bağlı fikirləri önəmli idi. Dövlət başçısının Forumdakı çıxışı, iştirakçıların çoxsaylı suallarına cavabı bir daha tarixi həqiqətlərimizin, postmünaqişə dövrünün reallıqlarının, müasir dövrün çağırışlarının və onların düzgün cavablandırılması yollarının təqdimatı oldu. İlham Əliyev regionun gələcəyi ilə bağlı hədəfləri göstərdi, strateji inkişaf istiqamətlərini müəyyənləşdirdi, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi məsələlərinin ön planda dayandığını bildirdi. Xüsusi olaraq qeyd edildi ki, Ermənistanla sülh müqaviləsinin imzalanmasına nail olsaq, Cənubi Qafqazda vəziyyət sağlamlaşacaq. Münasibətlərin normallaşması həm Azərbaycan, həm də Ermənistan iqtisadiyyatı üçün daha genişmiqyaslı perspektivlər açır. Prezident İlham Əliyev Şuşa Qlobal Media Forumunda Azərbaycanın hazırkı inkişaf modelini dünyaya bir daha təqdim etdi.

Prezident İlham Əliyev çıxışı zamanı qeyd etmişdir ki, Ticarət dövriyyəmiz böyük profisitlə həyata keçirilir. Bu son altı ay ərzində ixrac-idxalla müqayisədə bizim profisitimiz 10 milyard dollara bərabər idi. Siyasi vəziyyət sabitdir. Azərbaycan özünü neft-qaz sahəsində etibarlı tərəfdaş kimi sübut edib və bu gün coğrafi yerləşməni, artıq çox müasir nəqliyyat infrastrukturunu nəzərə alaraq əlaqələndirmə məsələlərində fəal çalışır. Beləliklə, şirkətlər üçün bizim ümumi mesajlarımız budur. Hesab edirəm ki, bu, Azərbaycana gəlmək istəyən şirkətlər üçün yaxşı bir mesajdır.

Bizim fəal çalışdığımız digər bir mühüm sahə rəqəmsallaşmadır. Həmin sektora böyük həcmdə maliyyə vəsaiti ayrılıb. Böyük potensialımız var. Mən bilirəm ki, bəzi Amerika şirkətləri artıq bərpaolunan enerji sahəsinə maraq göstərir. Biz bu sahədə çox böyük potensiala malikik. Bakını yaxşı tanıyan insanlar bilirlər ki, Bakı çox küləkli şəhərdir və əlbəttə, bəzən külək güclü olanda bu, problem yaradır. Ancaq, eyni zamanda, biz görürük ki, külək Xəzər dənizində də böyük gəlir gətirəcək. Artıq Beynəlxalq Maliyyə Korporasiyası hesablama aparıb. Hesablamaya görə, təkcə Xəzər dənizində 157 qiqavat həcmində potensial var. Yeni bərpaolunan enerji sahəsində şirkətlər artıq fəaliyyət göstərir. Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında saziş imzalandı və Avropa İttifaqının Prezidenti də orada iştirak edirdi. Həmin layihəyə əsasən, biz Azərbaycandan Avropaya Qara dənizin dibi ilə yaşıl enerji xətti inşa edəcəyik. Artıq ilkin hesablama aparılıb və texniki-iqtisadi əsaslandırmanın yəqin ki, sentyabr-oktyabr aylarında təqdim olunacağını gözləyirik. Layihə üzrə Rəhbər Komitənin ilk iclası fevralda Bakıda keçirilib.

Bu ilin sonunadək 240 meqavat gücündə birinci Günəş enerjisi stansiyası istifadəyə veriləcəkdir, lakin bu, yalnız birincidir. Biz 10 qiqavat səviyyəsində memorandumlar və sazişlər imzalamışıq. Beləliklə, texniki-iqtisadi əsaslandırmaya başlanılıb. Həmin memorandumların yarısı belə həyata keçirilsə, bu, bizim üçün kifayət edəcək ki, Avropada geniş coğrafiyaya elektrik enerjisini ixrac edə bilək. Bu, bizə elektrik enerjisi istehsal etmək üçün təbii qaza da qənaət etməyə imkan verəcək və biz həmin həcmləri beynəlxalq bazara çıxaracağıq. Yəni, bu, hər kəs üçün uduşlu bir vəziyyətdir.

Mən Amerika şirkətlərini kənd təsərrüfatı sahəsində də görmək istərdim. Biz, əlbəttə ki, kənd təsərrüfatı sahəsində, suvarmada Amerika şirkətlərinin aparıcı avadanlıqlarından istifadə edirik. Ancaq mən investor görmək istəyirəm, çünki Azərbaycanın kənd təsərrüfatı sahəsinin, xüsusilə azad olunmuş ərazilərin kənd təsərrüfatı potensialı olduqca böyükdür. Burada çox məhsuldar torpaqlar var və bizim su resurslarımızın 25 faizi məhz Qarabağdan qaynaqlanır. Təsəvvür edirsiniz, biz 30 il bundan məhrum edilmişdik. Ermənilər platinaları və dambaları bağlayırdılar və bizim 100 minlərlə hektar torpağımız sudan məhrum edilirdi. Biz məcbur idik ki, artezian quyuları qazaq. Bu gün isə artıq həmin su nəinki Qarabağın həyat mənbəyidir, həmin su ehtiyatlarını Azərbaycanın mərkəzi rayonlarına da gətirəcəyik. Belə bir boru kəməri inşa ediləcəkdir.

Kənd təsərrüfatına nəqliyyat sahəsini də əlavə etmək istərdim. Təbii ki, nəqliyyat sektoru beynəlmiləl sektordur, yəni, bir ölkə nəqliyyat qovşağı ola bilməz. Yəni, qovşaq olmaq üçün qonşularla işləmək lazımdır. Bu sahədə bizim qonşularla böyük beynəlxalq əməkdaşlığımız var və nəqliyyat infrastrukturunun genişləndirilməsi üçün böyük potensial mövcuddur.

 

Vasif Əliyev,

YAP Neftçala rayon təşkilatı

Ərazi partiya təşkilatının sədri