Əlverişli infrastruktur
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
iyunun 20-də Çinin “China Media Group” media korporasiyasına müsahibə verib.
Dövlətimizin başçısının müsahibəsi iyulun 22-də “China Global Television
Network” televiziya kanalında yayımlanıb.
Cənab Prezident Ulu Öndər Heydər
Əliyevin Azərbaycan-Çin münasibətlərinin inkişafında çox vacib rol oynadığını
bildirərək qeyd etmişdir ki, onun Çinə səfərləri və Çinin rəhbərləri ilə görüşləri
əməkdaşlığımızın çərçivəsini yaratdı. O vaxtlar dünyada Azərbaycan o qədər də
tanınmırdı. Bu gün əməkdaşlığın gündəliyi 30 il əvvəlkindən daha genişdir. Bu
münasibətlər qarşılıqlı hörmət və dostluq üzərində qurulub. Ulu Öndər Heydər
Əliyev müxtəlif dövrlərdə Çinin inkişafı ilə bağlı yaxşı məlumatlı idi. Ulu Öndər
SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində çalışıb və Çin nümayəndələri
ilə bir çox görüşlər keçirib. O, ölkənizin dinamikası və inkişafından yaxşı xəbərdar
idi.
Cənab Prezident son zamanlar Azərbaycan-Çin
münasibətləri daha da intensivləşdiyini bildirərək qeyd etmişdir ki, iki dövlət
başçısının görüşləri istiqamətlərin təyin edilməsində və inkişaf üçün aydın hədəflərin
müəyyən olunmasında vacib rol oynayır. Eyni zamanda, dövlət rəsmiləri və
deputatlar səviyyəsində, cəmiyyətin müxtəlif nümayəndələri və partiyalarımız
arasında təmasların da xüsusi əməkdaşlıq formatı yaratdığını vurğulayan dövlət
başçısı bildirib:“Bizim Azərbaycan və Çin arasında yekdil siyasətimiz var. Bir
daha təsdiq edirəm ki, münasibətlər əladır və bundan da yaxşı səviyyəyə
qalxacaqdır”.
İkitərəfli əlaqələrdə əldə edilən
nailiyyətlər çox uzun bir yolun başlanğıcıdır. Bu gün regionun siyasi, habelə nəqliyyat
marşrutları xəritəsinə nəzər saldıqda görürük ki, ölkələrimiz bir-biri ilə nə dərəcədə
eyni mövqedən çıxış edir. Beynəlxalq gündəliyə aid təməl məsələləri götürsək
görərik ki, bizim mövqelərimiz suverenlik, müstəqillik, ərazi bütövlüyü, digərlərinin
daxili işlərinə qarışmamaq məsələlərində üst-üstə düşür. İqtisadi əməkdaşlıq məsələlərində
mövqelərimiz üst-üstə düşür. Biz qarşılıqlı ticarətin həcminin artmasını
görürük və böyük potensial xüsusilə göz qabağındadır. Biz ölkələrimizi gələcəkdə
daha da birləşdirəcək meydana gələn yeni nəqliyyat marşrutlarını görürük. Bunun
özü də regional təhlükəsizliyə və sabitliyə böyük töhfə olacaqdır.
Cənab
Prezident ölkəmizdə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutları üzrə həyata
keçirilən tədbirlər barəsində, “Bir kəmər, bir yol” layihəsinin əhəmiyyətindən
danışarkən qeyd etmişdir ki, inkişafımızın hədəflərindən biri regional bağlantı
mərkəzinə çevrilmək idi. Azərbaycan coğrafi üstünlüklərə malikdir. Ölkəmiz Şərq-Qərb
və Şimal-Cənub nəqliyyat marşrutları üzərində yerləşir. Nəqliyyat
infrastrukturuna böyük sərmayə qoyuluşuna 15 il əvvəl başlanıb. “Bir kəmər, bir
yol” layihəsinə qoşularkən Azərbaycanın artıq hazır infrastrukturu var idi.
İndi sadəcə, texniki imkanları artırır. Ticarət limanımızı genişləndiririk,
çünki Şərqdən-Qərbə daşınan yüklərin həcminin artması yükaşırma baxımından
problemlər yaradacaq. Bizim dəniz ticarət limanımız bir neçə il əvvəl açıldı.
Onun imkanlarını hazırda 25 milyon tona qədər çatdırırıq. Gəmiqayırma zavodunun
genişləndirilməyi nəzərdə tutulur, ildə 6-8 deyil, 10-20 gəmi inşa ediləcək.
Böyük yük axınına daha yaxşı hazır olmaq üçün çox işlər görülür. Hazırda mövcud
dəmir yolunu müasirləşdiririk ki, qatarların sürəti artırılsın və daha çox yüklər
nəql edilsin. Azərbaycan ərazisindən təkcə Bakı-Tbilisi-Qars kimi bir yol keçməyəcək,
o cümlədən Zəngəzur dəhlizi işə salınacaq. Azərbaycandan Türkiyə və Avropa istiqamətində
gedən əlavə yol olacaq Zəngəzur dəhlizi üzərində çox fəal şəkildə çalışırıq. Azərbaycan
ərazisində tikinti işlərinin təxminən 70 faizi artıq başa çatdırılıb. Əlverişli
infrastruktur. Cari ay açılmış və artıq fəaliyyətə başlamış Ələt Azad İqtisadi
Zonamızda istehsalatla məşğul olmaq, həmçinin Çin şirkətləri üçün cəlbedici ola
bilər.
Elşad Möhnətov,
YAP Neftçala
rayon təşkilatının fəal üzvü
Digər xəbərlər